Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Rus ədəbiyyatından tutmuş, amerikan, Avropa ədəbiyyatına qədər, müsəlman sufi düşüncə tərzinə, Qərb və Uzaq Şərqdəki düşüncə cərəyanlarına dərindən bələd olan ərəb məhcər ədəbiyyatçılarının ədəbi-fəlsəfi irsinin tədqiq edilib yalnız Azərbaycan oxucusuna deyil, eyni zamanda dünya ictimaiyyətinin də diqqətinə çatdıran, bu dəyərli irsin tədqiqinə yeni aspektdən yanaşan, elmi-ədəbi tədqiqatın önəmli bir parçası olan “müqayisəli ədəbiyyat” fonunda ərəb məhcər ədəbiyyatçılarının yaradıcılığının müqayisəli tədqiqatını aparan görkəmli ərəbşünas alim məhz Aida İmanquliyeva olmuşdur.
Hər hansı bir ədibin yaradıcılığının və ya ədəbi cərəyanın müqayisəli şəkildə tədqiqata cəlb olunması asan məsələ deyil. Xüsusən də bu tədqiqat müxtəlif multikultral dəyərləri, mədəniyyətləri öz yaradıcılqlarında təcəssüm etdirən ərəb məhcər ədəbiyyatçılarının nümayəndələrinin bədii irsi fonunda daha çətindir. Onların xristian və müsəlman mədəniyyətlərindən qidalanan şəxsiyyəti daha sonra rus və Amerika intellektuallarının və qədim hind inanclarının təsiri nəticəsində formalaşaraq yeni elmi-ədəbi simaların üzə çıxmasına səbəb olmuşdur. Məsələn, ədəbiyyatla yanaşı, Həllac Mənsur, İbn Ərəbi, İbn Fariz, İbn Sina, Əbul Alə əl-Məarri, Cəlaləddin Rumi kimi müsəlman mütəfəkkirlərinin, xristian mistik cərəyanlarının, amerikan transsendentalistlərinin və Uzaq Şərq düşüncə və inanc sistemlərindən Latso, Budda, Brahma kimi fikir öndərlərinin təlimlərinin bilicisi olan ərəb məhcər ədəbiyyatçılarının ədəbi irsinin müqayisəli tədqiqatını apara bilmək ən azından həmin mütəfəkkirləri ədiblər qədər bilməyi tələb edir. Bu baxımdan ərəb məhcər ədəbiyyatçılarının ədəbi-fəlsəfi irsini, yuxarıda adlarını qeyd etdiyimiz ədib və mütəfəkkirlərlə müqayisəli şəkildə tədqiq etmək Aida xanımın, sadəcə, ərəb ədəbiyyatı mütəxəssisi kimi deyil, eyni zamanda, fərqli ədəbi və fəlsəfi cərəyanların, multikultral dəyərlərin də dərin bilicisi olduğunu göstərir.
Azərbaycan şərqşünaslığı qədim və dərin tarixi köklərə bağlıdır. Böyük Azərbaycan mütəfəkkirləri və alimləri Bəhmənyar, Xətib Təbrizi, Şihabəddin Sührəvərdi, Mahmud Şəbüstəri, Nizami Gəncəvi, Məhəmməd ibn Hinduşah Naxçıvani, A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Kazım bəy və başqaları öz qiymətli əsərləri ilə Şərq xalqlarının tarix, ədəbiyyat və fəlsəfəsinin inkişafına əvəzsiz töhfələr vermişlər.
Azərbaycanda məşhur şərqşünaslar çox olmuşdur: ərəb, fars və türk dillərinin gözəl biliciləri, bu dillərdə yazılmış möhtəşəm poeziya nümunələrinin yorulmaz tədqiqatçıları, Azərbaycanın böyük tarixçiləri, islamşünaslar, mətnşünaslar...
Hər əsəri elmdə yeni söz, yeni tapıntı olan bu parlaq alimlər, işıqlı şəxsiyyətlər öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslığının özünəməxsus simasını müəyyənləşdirib, keçmiş sovet şərqşünaslığında xüsusi "Azərbaycan məktəbi”nin mövcudluğunun etiraf olunmasını təmin etmişlər. Görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva həmin məktəbin inkişafında böyük xidmətləri olan, eyni zamanda keçmiş ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən nüfuzlu alimlərimizdən olmuşdur. Dərin nəzəri biliyi, analitik təfəkkürü, geniş erudisiyası, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa vaxt ərzində ona nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirmişdir.
Oktyabrın 9-da AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfrans iştirakçıları tədbirdən öncə II Fəxri Xiyabanda Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər. AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva professor Aida İmanquliyevanın şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açıb, onun itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd ediblər.
AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında keçirilən konfransda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Milli Aviasiya Akademiyasının prorektoru Şəmsəddin Axundov, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak ediblər.
ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA AİDA İMANQULİYEVANIN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCƏK
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu oktyabrın 9-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək. Konfrans öz işinə saat 11:00-da AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında (H.Cavid prospekti 117) başlayacaq.