Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA GƏNC TÜRKOLOQLARIN BEYNƏLXALQ ELMİ KONFRANSI KEÇİRİLİB

21 Noyabr 2016

AMEA-nın Rəyasət Heyətinin, akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə  I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda gənc türkoloqların beynəlxalq elmi konfransı keçirilir.

 

Noyabrın 21-də konfransın plenar iclası keçirilib. Konfransı giriş sözü ilə açan AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva 90 il öncə keçirilmiş I Türkoloji Qurultayın XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşdüyünü qeyd edib, türk xalqlarının mədəni inteqrasiyasında xüsusi və mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultayın böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını bildirib. Belə ki, məhz bu mötəbər məclisdə keçmiş Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb.

Qurultayın keçmiş SSRİ məkanında türkologiyanın inkişafına böyük təkan verdiyini söyləyən G.Baxşəliyeva 1958-ci ildə yaradılan Şərqşünaslıq İnstitutunda bu sahədə əldə edilən uğurlardan danışıb. İnstitutun türkologiya sahəsində SSRİ-də ən öncül yerlərdən birini tutduğunu qeyd edən Gövhər xanım, Türkiyə ədəbiyyatı üzrə dissertasiya müdafiələrinin məhz Şərqşünaslıq İnstitutunda keçirildiyini vurğulayıb. İnstitutda türkologiya sahəsində çap olunmuş kitablardan söz açan G.Baxşəliyeva, böyük türk dastanı “Saltuknamə”nin dilimizə tərcüməsini, Haldun Tanerin, Mehmet Akif Ərsoyun və digər görkəmli türk ədiblərinin yaradıcılığına aid monoqrafiyaları, Osmanlı tarixinə aid əsərləri, Gəncə, Qarabağ, Naxçıvan, İrəvan, Lori, Ərdəbilə aid Osmanlı vergi dəftərlərini xüsusi vurğulayıb.

       AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli, çıxış edərək, I Türkoloji Qurultayın və 90 il sonra bu əlamətdar hadisəyə həsr olunan tədbirlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin I Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı əsasında keçirilən tədbirlər barədə ətraflı danışan İ.Həbibbəyli ölkəmizdən xaricdə, o cümlədən, Tatarıstanda, Qazaxıstanda, Macarıstanda, Türkiyədə keçirilən tədbirləri xüsusi qeyd edib. Hazırda dünya miqyasında türkologiyada yeni oyanış dövrü olduğunu söyləyən İ.Həbibbəyli Macarıstanda son dövrdə bu sahədə əhəmiyyətli işlər görüldüyünü, Almaniyada sahənin dirçəlişdə olmasını, Polşada türkoloji tədqiqatların güclənməsini, Bolqarıstanda təşəbbüs göstərildiyini, Balkan ölkələrində bu sahəyə meyllərin artdığını vurğulayıb.

İ.Həbibbəyli Şərqşünaslıq İnstitutunun keçirdiyi gənc türkoloqların beynəlxalq elmi konfransının  I Türkoloji Qurultayın ruhunu müasir dövrə çatdırdığını və gələcəyə apardığını deyib.

AMEA-nın İctimai Elmlər bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova I Türkoloji Qurultayın önəmindən danışaraq, o dövrdəki görkəmli alimlərin səylərinin hədər getmədiyini, bugünkü Azərbaycan türkologiyasında da onun nəticələrinin göründüyünü qeyd edib. Azərbaycan türkologiyasının  dünya səviyyəsinə çatdığını deyən N.Axundova, gənc türkoloqlara hazırkı konfransda, eləcə də gələcək tədqiqatlarında uğurlar arzulayıb.

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev türkologiyanın türk xalqlarının bütün milli-mənəvi, mədəni, intellektual inkişafını əhatə edən kompleks bir elm olduğunu deyərək, mənəvi varlığımızın qorunmasında gənc türkoloqların da böyük payı olacağını bildirib.

Tədbirdə çıxış edən Özbəkistan Turan Elmlər Akademiyasının həqiqi üzvü, Səmərqənd Universitetinin professoru Səxavət Ociyev, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d Famin Salmanov I Türkoloji Qurultayın əhəmiyyətindən danışaraq, gənc türkoloqların beynəlxalq elmi konfransının iştirakçılarına uğurlar arzulayıblar.

Konfrans öz işini Şərqşünaslıq İnstitutunda keçirilən 4 bölmə üzrə (“Türk dillərinin tarixi”; “Türk xalqlarının ədəbiyyatı”; “Türk xalqlarının tarixi və mənbəşünaslığı, türk xalqlarının arxeologiya və etnoqrafiyası”; “Türk xalqlarının iqtisadiyyatı, türk xalqlarının fəlsəfəsinin və mədəniyyətşünaslığının aktual problemləri”) iclaslarda davam etdirir.

Konfransın işinə noyabrın 22-də yekun vurulacaq.

Download Template Joomla 3.0 free theme.