Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA CƏLİL MƏMMƏDQULUZADƏNİN 150 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR ELMİ SEMİNAR KEÇİRİLİB

13 Dekabr 2019

Dekabrın 13-də AMEA akademik Z.M.Bünyadov adı­na Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə əlaqədar ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə keçirildiyini və Şərqşünaslıq İnstitutunun da bu Sərəncama əsasən böyük ədibin yubileyinə həsr olunmuş elmi seminar təşkil etdiyini dedi.

 

Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatında yerini vurğulayan G.Baxşəliyeva Mirzə Cəlilin bədii, publisistik və ictimai fəaliyyətinin məqamlarını qeyd etməklə yanaşı, onun Təbrizdəki fəaliyyətindən, “Molla Nəsrəddin” məcmuəsinin bir neçə sayının məhz İranda dərc edilməsindən də söz açdı. G.Baxşəliyeva bir neçə il öncə Şərqşünaslıq İnstitutunun iranlı dissertantlarından Ebrahim Qaseminin “Məşrutə dövrü İran satirik mətbuatının inkişafında C.Məmmədquluzadə və M.Ə.Sabirin rolu” və Mehdi Buşehrinin “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının İran ədəbiyyatına təsiri” mövzularında dissertasiyalarda böyük ədibin İran ədəbiyyatına və mətbuatına göstərdiyi təsirdən yazdıqlarını qeyd edib.

Seminarda İnstitutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı “Cəlil Məmmədquluzadənin cəhalətə və xürafata qarşı mübarizəsi” mövzusunda məruzə ilə çıxış edib.

       Ümumən soydaşlarını, o cümlədən bütün Şərq qadınlarını oxumağa, maarif-lənməyə çağıran Mirzə  Cəlilin: “Ey şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız onda azadlığın qədrini bilərsiniz, onda xoşbəxtlik yolunu taparsınız. Oxumasanız qaranlıqda qalacaqsınız” fikrinə istinad edən məruzəçi maarifçiliyin onun əsas amalı olduğunu xatırladıb.

M.Babaşlı "Molla Nəsrəddin" jurnalının nəşr olunduğu dövrün siyasi və ictimai mühitində ən çox mübarizə apardığı məsələnin dini özünə qalxan edərək insanların vicdani duyğularını istismar edənlərlə bağlı olduğunu diqqətə çatdırıb, Mirzə Cəlil irsinin müasir dövrdə də aktuallıq kəsb etdiyini ifadə edib.

Sonra məruzə ətrafında müzakirə aparılıb və məruzəçi tədbir iştirakçılarının suallarını cavablandırıb.

Download Template Joomla 3.0 free theme.