“Qafqazda İslam elmlərinin inkişafı” mövzusunda ikinci paneldə Bilecik Universitetinin təsisçi rektoru, professor Azmi Özcan və İstanbul Universitetinin İlahiyyat fakültəsinin dekanı, professor Murteza Bedir moderatorluq edib.
Məruzəçilər “Axund Mir Məhəmməd Kərim Bakuvinin dini vəhdət anlayışı və təmsiletmə təcrübəsi”, “Naxçıvanın görkəmli İslam alimləri”, “Qurani-Kərim”in Azərbaycan dilinə tərcümə edilməsində H.Z.Tağıyevin rolu”, “Ərəb dilçiliyinin formalaşması və inkişafına İslamın təsiri”, “Son dönəm Qafqaz alimlərindən Müslüm əl-Uradi”, “Molla Sədra düşüncəsində fəlsəfə-din münasibəti” və digər mövzularda çıxışlar ediblər.
Günün birinci hissəsində “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı” mövzusunda təşkil olunan sonuncu paneldə Moldova Elmlər Akademiyası Tarix, Dövlət və Hüquq İnstitutunun elmi işçisi, dosent Olqa Radova, ABŞ-ın Corciya Universitetinin Din kafedrasının müəllimi, dosent Alan Qodlas moderatorluq ediblər.
Paneldə “Azərbaycanda İslam dövrü keramikası”, “Şirvani məktəbinə xas yazı mədəniyyəti”, “Türkdilli Qafqaz xalqlarının incəsənəti və İslam sivilizasiyası”, “İslami naxışlara elmi-məntiqi yanaşmada fəza təfəkkürünün rolu”, “Nizami, Nəsimi, Füzuli və Mirzə Əbülxaliq Yusifin poetik obrazlarında emosional zəka”, “Azərbaycanın işğal olunmuş ərazilərində erməni vandalizminə məruz qalmiş ilk Orta əsrlər maddi mədəniyyət abidələri”, “Gəncədə multikulturalizm ənənələrinin tədqiqində İslam dövrü tarixi-memarlıq abidələrinin əhəmiyyəti”, “Dağıstan ərəb əlyazmalarının rəqəmsal arxivi: tədqiqat, təsvir və verilənlər bazası” və digər mövzularda məruzələr dinlənilib.
“İslam mədəniyyətinin Qafqazda dini və ictimai həyata təsiri” mövzusunda paneldə Ukraynanın “Ostroq Akademiyası” Milli Universitetinin İslamşünaslıq Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviç və Rusiyanın K.L.Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin Rusiya tarixi və Qafqazşünaslıq kafedrasının müdiri, Şimali Osetiya-Alaniya Respublikası Tarix və Arxeologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Ruslan Bzarov moderatorluq edib.
Paneldə “Müasir Gürcüstanda İslam və dövlət”, “Postklassik dövrdə (XIII – XVIII əsrlərdə) İslam intellektual ənənəsi: əsas xüsusiyyətlər”, “Sivilizasiyalararası münasibətlər kontekstində Qərbin İslama baxışı və Cənubi Qafqazda təsirləri”, “İslamda insana münasibət”, “Şimali Qafqazda İslam və totalitarizm” və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.
“Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu” mövzusunda keçirilən paneldə isə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktorunun məsləhətçisi, professor Sadık Ünay, Moskva Dövlət Psixoloji-Pedaqoji Universiteti Etnopsixologiya və çoxmədəniyyətli təhsilin psixoloji problemləri kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Olqa Pavlova moderatorluq edib.
Paneldə “Müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu”, “İslamofobiya ilə mübarizədə Azərbaycan Respublikasının multikulturalizm və İslam həmrəyliyi siyasətinin əhəmiyyəti”, “İlham Əliyev siyasətində azərbaycançılıq ideologiyası: tolerantlıq və multikulturallıq zəminində”, “İrəvanın tarixi-mədəni irsinin ərəb-İslam dünyasında tanıtdırılmasında AMEA Tarix İnstitutunun rolu”, “Müasir dövr mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi”, “Müasir dövrdə Azərbaycanın multikulturalizm modeli”, “Dini-tarixi abidələrin təmir və bərpasında Heydər Əliyev Fondunun rolu”, “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilmiş tarixi-mədəni irsimiz”, “Dini tolerantlıq və humanizm: Prezident İlham Əliyevin ideal modeli” və digər mövzularda müzakirələr aparılıb.
Bildirilib ki, müxtəlif etnos və dinlərin qovuşduğu ölkəmizdə tarixən formalaşmış multikultural mühit beynəlxalq aləmdə alqışlanır və mütərəqqi model kimi qəbul edilir. Məhz bu cür yanaşma milli birlik və təhlükəsizliyin təminatı baxımından son dərəcə zəruri olan multikultural cəmiyyət modelinin formalaşmasına imkan yaradıb. Respublikamızdakı mövcud tolerant və multikultural mühit barədə beynəlxalq ictimaiyyət ətraflı məlumatlandırılmalı, bu sahələrdə əldə olunmuş nailiyyətlər qlobal miqyasda təbliğ olunmalıdır.
Günün sonuncu – “Qafqazda İslamın yayılması” mövzusundakı paneldə Rusiyanın İslam Mədəniyyəti Elm və Təhsilə Dəstək Fondunun direktor müavini Vyaçeslav Polosin və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov moderatorluq edib.
Maraqlı müzakirələrlə davam edən paneldə məruzəçilərin “Xəzər xaqanlığında İslamın yayılması”, “Azərbaycanda İslamın yayılması xüsusiyyətlərinə dair”, “Azərbaycanda İslam dininin ilkin vaxtlarında sosial-iqtisadi vəziyyət haqqında”, “Tiflis və ətraf ərazilərdə İslamın yayılması” və digər mövzularda çıxışlar dinlənilib.
İki gün davam edəcək “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium 11 paneli əhatə edir. Simpoziumda 100-dən çox məruzəçinin çıxışları dinlənilir.
Tədbirin materialları kitab halında çap olunacaq.