Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA AKADEMİK HƏMİD ARASLIYA HƏSR OLUNAN KONFRANS KEÇİRİLDİ

19 Aprel 2019

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu aprelin 19-da Akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunmuş “Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı” mövzusunda elmi konfrans keçirib.

 

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən olan Həmid Araslının çoxsaylı araşdırmaları ilə ədəbiyyatşünaslığımızın inkişafına dəyərli töhfələr verdiyini deyib. Bildirib ki, Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində ədəbiyyatşünas alimin müstəsna xidmətləri olub. H.Araslı yarıməsrlik tədqiqatçılıq və ədəbiyyatşünaslıq fəaliyyəti dövründə Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar aparıb, xalqımızın ölməz abidəsi olan “Kitabi-Dədə Qorqud”un Azərbaycanda ilk tədqiqatçısı kimi tanınıb.

İ.Həbibbəyli qeyd edib ki, “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” ölkə rəhbərinin 2019-cu il 11 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın tədbirlər planı təsdiqlənib. Tədbirlər planına əsasən bu böyük şəxsiyyətin 110 illiyi ilə bağlı AMEA-nın müvafiq institutlarında tanınmış elm xadimlərinin, müvafiq dövlət strukturlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər təşkil olunur, alimin zəngin elmi irsinə nəzər salınır.

AMEA-nın vitse-prezidenti bildirib ki, H.Araslının irsində klassik ədəbiyyat, folklorşünaslıq, mətnşünaslıq, Şərq xalqlarının ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatlar xüsusi yer tutur. Azərbaycan elmi ictimaiyyəti H.Araslını klassik Azərbaycan ədəbiyyatı sahəsində böyük elmi məktəb yaratmış görkəmli alim kimi tanıyır və onun irsinə ehtiramla yanaşır.

İ.Həbibbəyli alimin elmi-təşkilati fəaliyyətinin AMEA ilə bağlı olduğunu, onun akademiyanın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Əlyazmalar, Ədəbiyyat və Şərqşünaslıq institutlarında çalışdığını diqqətə çatdırıb. Bildirib ki, AMEA sistemində onun fəaliyyəti bir çox qurumları əhatə edir. Görkəmli alimin “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi ədəbiyyat tariximizin dövrləşməsi baxımından böyük əhəmiyyətə malikdir.

AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək görkəmli alimin elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, Azərbaycanda Əlyazmalar Fondunun yaranması Həmid Araslının adı ilə bağlıdır. AMEA-nın Əlyazmalar İnstitutu da məhz həmin fondun bazasında yaradılıb. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak edib.

 Sonra məruzələr başlandı. AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva “Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı, fədakar elm təşkilatçısı” mövzusunda məruzə edib. Ədəbiyyat elmimizin böyük cəfakeşi, görkəmli filoloq-şərqşünas akademik H.Araslının Azərbaycan ədəbiyyatının öyrənilməmiş problemlərini tədqiq etdiyini, onun orta əsrlər mərhələsinin bir çox naməlum və ya az tanınan simaları və bədii nümunələri haqqında ilk araşdırıcı sözünü dediyini söyləyən G.Baxşəliyeva, böyük alimin özünün elmi-nəzəri mülahizələri, üzə çıxardığı yeni materiallar, mənbələrə orijinal yanaşma və özünəməxsus düşüncə tərzi ilə sələflərinin ənənələrini inkişaf etdirərək yeni bir ədəbi məktəbin əsasını qoyduğunu bildirdi

Ədəbiyyat tariximizin sistemləşdirilərək elmi tədqiqata cəlb edilməsində H.Araslının müstəsna xidmətlərindən danışan məruzəçi onun 1943-44-cü illərdə nəşr olunmuş iki cildli «Müxtəsər Azərbaycan ədəbiyyatı» tarixinin ilk cildində ədəbiyyatımızın ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini yaratmasını, 1960-cı ildə nəşr olunan üç cildlik «Azərbaycan ədəbiyyatı tarixi»ndə anadilli ədəbiyyatımızın təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi sənətkarların da ədəbiyyat tariximizdəki yerini müəyyənləşdirərək, onların bədii-ictimai fikir tariximizə təsirini tədqiq etməsini, alimin klassik irsin öyrənilməsi ilə bağlı fəaliyyətinin mühüm bir hissəsinin Nizami və Füzuli yaradıcılığının tədqiqi istiqamətində olmasını, Nəsiminin də ilk araşdırıcılarından sayıldığını qeyd etdi.

H.Araslının bir mətnşünas alim kimi də çox məhsuldar olduğunu deyən G.Baxşəliyeva onun müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirdiyini, 1939-cu ildə «Kitabi – Dədə Qorqud»u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərdiyini vurğuladı.

Gövhər xanım bildirdi ki, alim digər Şərq xalqlarının ədəbi irsinə də geniş maraq göstərmiş, Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiq etmiş, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşmışdır.

H.Araslının elmi-tədqiqat işləri ilə təşkilatçılıq fəaliyyətini özündə uğurla birləşdirən elm adamlarından olduğunu deyən məruzəçi onun Nizami adına Ədəbiyyat Muzeyinin yaranmasında böyük zəhmətindən, 1960-68-ci illərdə muzeydə direktor vəzifəsində çalışdığı dövrdə gördüyü işlərdən, 1970-1981-ci illərdə Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində apardığı böyük elmi-təşkilati işdən geniş söz açdı.

G.Baxşəliyeva bildirdi ki, Həmid Araslını və onun əsərlərini keçmiş SSRİ respublikaları ilə yanaşı, Türkiyədə, İranda, İraqda, İordaniyada da gözəl tanıyır və yüksək qiymətləndirirdilər. O, Özbəkistanın əməkdar elm xadimi, Türk Dil Qurumunun fəxri üzvü, İraq Akademiyasının fəxri akademiki və islam sivilizasiyasını öyrənən İordaniya Kral Cəmiyyətinin fəxri üzvü kimi yüksək adlara layiq görülmüşdü.

Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, f.ü.e.d., professor Vilayət Cəfərov “Azərbaycan-İraq elmi-ədəbi əlaqələrinin inkişafında akademik Həmid Araslı mərhələsi” məruzəsində akademik Həmid Araslının ərəb dünyası, o cümlədən İraqla bağlı apardığı tədqiqatlardan, elmi və ədəbi əlaqələrin qurulmasında rolundan bəhs etdi. Məruzəni 3 istiqamətdə aparan V.Cəfərov Həmid Araslının azərbaycanlı ərəbşünasların və ərəb kadrların yetişdirilməsində rolundan, akademikin ərəb ədəbiyyatı ilə bağlı araşdırmalarından və Füzulinin həyatı ilə bağlı Həmid Araslı düşüncələrindən bəhs etdi.

 Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri f.ü.f.d., dosent Səriyyə Gündoğdu “Akademik Həmid Araslının Azərbaycan şərqşünaslığının inkişafında rolu” mövzusunda məruzəsində aliminŞərq xalqlarının söz sənəti ilə qarşılıqlı əlaqələrini müəyyənləşdirən çoxcəhətli elmi axtarışlar apardığını, məhz bu yöndə apardığı tədqiqatlarla  Azərbaycan şərqşünaslığının inkişafında böyük rol oynadığını qeyd etdi. Qüdrətli alimin orta əsrlər Azərbaycan ədəbiyyatının qarşılıqlı əlaqələrinin üzə çıxarılmasında gördüyü mühüm işlərdən danışan məruzəçi, bildirdi ki, alimin klassik Şərq ədəbiyyatına dərindən bələd olması, qədim Şərq, Şərq mədəniyyəti, ərəb, fars dillərilə yaxından tanışlığı, klassik Şərq şeirinin Firdovsi, Hafiz, Cami, Nəvai və başqa dünya şöhrətli nümayəndələri ilə yaxından maraqlanması orta əsrlər ədəbi-mədəni əlaqələrimizin tədqiqinə aid Füzuli, Nəvai, Kəminə, Gülşəhri, T. Fikrət, R.M.Əkrəm  haqqında maraqlı tədqiqatların meydana çıxarılması ilə nəticələnmişdir.

Sonda məruzələr ətrafında çıxışlar oldu. Akademik Vasim Məmmədəliyev, akademik Möhsün Nağısoylu, tarix üzrə fəlsəfə doktoru Solmaz Rüstəmova-Tohidi çıxış edərək, akademik Həmid Araslının Azərbaycan ədəbiyyatşünaslığında və şərqşünaslığında tutduğu mövqeyindən söz açdılar, onunla bağlı xatirələrini danışdılar. Sonda çıxış edən H.Araslının qızı, AMEA-nın müxbir üzvü Nüşabə Araslı tədbirin təşkilatçılarına və iştirakçılarına ailəsi adından təşəkkürünü bildirdi.

 

 

Download Template Joomla 3.0 free theme.