Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri dosent Elnur Mustafayev bildirib. O qeyd edib ki, müasir dünya qloballaşma prosesinin gətirdiyi imkanlarla yanaşı, etnik, dini və mədəni zəmində baş verən münaqişələrlə də qarşı-qarşıyadır. Belə bir mürəkkəb tarixi şəraitdə xalqlar və sivilizasiyalar arasında dialoqun qurulması qlobal sülhün təmin olunması üçün ən vacib amilə çevrilib. Azərbaycan özünün coğrafi mövqeyi, tarixi keçmişi və zəngin mədəni irsi ilə bu dialoqun mərkəzində dayanır. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həm də Azərbaycanın qlobal sülh xəritəsindəki strateji yerini daha da möhkəmləndirir. Bu mənada Forum Azərbaycanın sadəcə tədbirlərə ev sahibliyi edən bir məkan deyil, həm də qlobal ideyaların yarandığı mühüm mərkəz olduğunu sübut edir. Bu Forum Azərbaycan üçün, ilk növbədə, özünün əsrlər boyu formalaşmış multikulturalizm və tolerantlıq modelini dünyaya təqdim etmək üçün böyük platformadır. Ölkəmizdə fərqli dinlərin və etnik qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşaması dünya ölkələri üçün gözəl bir nümunədir. Bundan əlavə, Forum beynəlxalq əməkdaşlığın genişlənməsinə birbaşa xidmət edir. Tədbir çərçivəsində elm, təhsil, mədəniyyət, gənclər siyasəti və yaradıcı sənayelər sahəsində mühüm ikitərəfli və çoxtərəfli razılaşmalar əldə olunur. Dünyanın dörd bir yanından gələn siyasi liderlər, din xadimləri, alimlər və gənc fəallar Azərbaycanın sülhsevər xarici siyasətini, işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi sürətli bərpa-quruculuq işlərini və regionda sabitlik yaratmaq səylərini öz gözləri ilə görmək imkanı qazanırlar.
Alim əlavə edib ki, Azərbaycan artıq qlobal arenada sadəcə zəngin təbii resursları olan bir ölkə kimi deyil, həm də bəşəriyyəti narahat edən problemlərin həllində intellektual və mədəni platformalar təklif edən güclü bir aktor kimi tanınır. Bakı Dialoqu vasitəsilə bəşəriyyətə ötürülən sülh, həmrəylik və qarşılıqlı hörmət mesajları Azərbaycanın beynəlxalq aləmdəki tarixi missiyasının ən parlaq ifadəsidir.
Müxbir – Tünzalə Arazlı
