Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda “Ulu Öndər Heydər Əliyevdən Müzəffər Ali Baş komandan İlham Əliyevədək: Konstitusiya və suverenlik” mövzusunda elmi sessiya keçirilib

29 Oktyabr 2025

Oktyabrın 29-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Ulu Öndər Heydər Əliyevdən Müzəffər Ali Baş komandan İlham Əliyevədək: Konstitusiya və suverenlik” mövzusunda elmi sessiya keçirilib.



Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 2024-cü il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini deyərək, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlandığını və qəbul olunduğunu vurğulayıb.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə müstəqilliyin çətin dövrlərini yaşadığı ilk illərində xalqın tələbi ilə qayıtdığını deyən akademik G.Baxşəliyeva xalqımızın və dövlətçiliyimizin xilaskarının ölkədə təhlükəli proseslərin qarşısını aldığını, ictimai-siyasi sabitliyi təmin etdiyini və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaratdığını bildirib. Məhz bu əsasda da qəbul olunan Konstitusiya ölkəmizdə qanunvericilik sahəsində islahatların əsasını qoydu.

Konstitusiyanın preambulasında bəyan edilən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasının 30 ilə yaxın torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin işğalı altında olması səbəbindən tam təmin edilməsinin mümkün olmadığını deyən akademik, Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından tam azad etdiyini və ölkəmizin ərazi bütövlüyünü, suverenliyini  bərpa etdiyini,  Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin indi artıq respublikanın bütün ərazilərində bərqərar olduğunu bildirib.

Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov “Azərbaycanın müstəqilliyindən suverenliyin möhkəmlənməsinə gedən çətin yol” mövzusunda məruzə edib. Məruzədə “suverenlik” sözünün lüğəvi mənasını izah etməklə başlayan N.Məmmədov daha sonra müstəqilliyin ilk illərində Azərbaycanda ümumi mənzərəni təsvr edərək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ətəfəsində ölkədə yaranmış çətin vəziyyətdən söz açıb. Bu dövrdə ölkədə daxili vəziyyətlə yanaşı xarici siyasətində də böyük problemlərin olduğunu deyən məruzəçi, Ümummilli Liderin bütün bu problemləri tədricən aradan qaldırdığını bildirib.

N.Məmmədov Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilidiyini deyərək, 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qələbə və 2023-cü ildə Qarabağda antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa edildiyini qeyd edib.

Aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı elmi sessiyada “Suverenlik və konstitusiyaya tarixi baxış” mövzusunda məruzəsini diqqətə çatdırıb. 28 may 1918-ci il tarixində Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmiş "İstiqlal Bəyannaməsi"nin Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etməsini deyən G.Qafqazlı, bu bəyannamənin Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək, xalqımızın dövlətçilik ənənələrini davam etdirdiyini vurğulayıb. Demokratik dövlətçiliyin ilk rüşeymlərinin məhz həmin dövrdən atıldığını qeyd edən məruzəçi, bu mərhələ barəsində Ümummilli Lider Heydər Əliyev sözlərin xatırladıb:

“Azərbaycan Xalq Cümhuriyyəti az yaşayıbdır. Ancaq o XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur”.

G.Qafqazlı Azərbaycan Respublikasının daha sonra Sovet İttifaqının tərkibinə daxil olduğunu və müxtəlif illərdə dövlət konstitusiyasının bir neçə dəfə dəyişikliyə məruz qaldığını deyərək, nəhayət Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsindən sonra yeni konstitusiyanın qəbul edildiyini və 44 günlük müharibədən sonra isə Azərbaycanın tam suverenliyini əldə etmək mümkün olduğunu qeyd edib.

Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev "Konstitusiya və Suverenlik ili: Azərbaycan dövlətçilik ənənələrinin tarixi və inkişafı" mövzusunda məruzə edib. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncamını xatırladan E.Mustafayev bu qərarın Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan iki əsas hadisə - Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə bağlı olduğunu vurğulayıb: “Konstitusiya və Suverenlik İli"nin əhəmiyyəti Konstitusiyanın dövlət idarəçiliyindəki rolunun dərindən təhlil edilməsi, hüquqi əsasların möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi və ictimai şüurda bu dəyərlərin daha dərindən yerləşməsidir. Bu il ölkənin konstitusional və suveren dəyərlərini yenidən qiymətləndirmək, hüquqi dövlətin davamlı inkişafını təmin etmək üçün mühüm fürsət yaradır".

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Download Template Joomla 3.0 free theme.