Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda "Seyid Əzim Şirvaninin Azərbaycan ictimai fikir tarixindəki rolu” mövzusunda seminar keçirilib

13 Oktyabr 2025

Oktyabrın 13-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş elmi seminar keçirilib.



Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 aprel 2025-ci il tarixli Sərəncamı ilə bu il görkəmli Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi qeyd edilir və bununla bağlı müxtəlif tədbirlər keçirilir. Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatının ənənələrini böyük ustalıqla davam etdirdiyini deyən akademik G.Baxşəliyeva, onun öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr yazdığını qeyd edib. Şairin yaradıcılığında maarifçi və tənqidi-satirik şeirlərin mühüm yer tutduğunu deyən akademik G.Baxşəliyeva onun dövrün ictimai bəlalarına qarşı öz əsərləri ilə mübarizə apardığını vurğulayıb.

Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev seminarda "Seyid Əzim Şirvaninin Azərbaycan ictimai fikir tarixindəki rolu (Seyyida, ölmərəm, aləmdə səsim var mənim)"mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki, XIX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatında realizm cərəyanının parlaq nümayəndəsi kimi Seyid Əzim Şirvani dövrünün müasir təhsil sisteminə uyğun olaraq, ictimai həyatın bütün sahələrində yeni qabaqcıl fikirlər irəli sürməyi bacarmışdır. Bundan əlavə, Azərbaycan satirasının möhkəm təməlini qoymuş və XX əsrdə onun ən böyük nailiyyətlərinə yol açmış Seyid Əzim Şirvaninin maarifçilik proqramına uyğun olaraq, ictimai həyatın bütün sahələrinə dair islahatlar aparmağın zəruriliyi məsələsini qaldırdığını deyən E.Mustafayev onun Azərbaycan satirasının özündən sonrakı və ən möhtəşəm zirvəsi olan XX əsr mərhələsi üçün mükəmməl təməl hazırladığını qeyd edib: “Elə buna görə də Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatında satiranın ən parlaq nümayəndələrindən biri kimi yadda qalıb. Onun satiraları yalnız dövrünün problemlərini deyil, həm də insan təbiətindəki ümumbəşəri çatışmazlıqları əks etdirir. Maarifçi yanaşması, səmimi tənqidi və güclü ironiyası onun əsərlərinin həm ədəbi, həm də tarixi dəyərini artırır”.

E.Mustafayev bu satiraların təkcə keçmişin deyil, bu günün də bəzi problemlərinə işıq tutması ilə müəyyən məqamlarda aktual səsləndiyini və oxucunu düşündürməyə xidmət etdiyini vurğulayıb.

Download Template Joomla 3.0 free theme.