Tale elə gətirib ki, 1920-ci ilin aprelində, Cümhuriyyətin işğalından az əvvəl səhhəti ilə bağlı müalicə üçün İstanbula, əmisi oğlu, tanınmış mütəfəkkir alim, publisist, jurnalist, şair, həkim, rəssam Əli bəy Hüseynzadənin yanına gedən Sadıq bəy Ağabəyzadə məlum səbəblərdən daha Azərbaycana qayıda bilməmiş, bir müddət İstanbulda, daha sonra Fransanın Paris və Nitsa şəhərlərində yaşamış, 1927-ci ilin əvvəllərində o zaman Polşanın ərazisi sayılan Yan Kazimir adına Lvov universiteti tərəfindən şərqşünas alim kimi bu təhsil ocağına dəvət edilmişdir. 1927-1944-cü ilə qədər bu universitetdə türk, ərəb və fars dilləri üzrə mütəxəssis kimi çalışan, professor elmi adı alan və Lvov şərqşünaslıq məktəbinin üç qurucusundan biri sayılan Sadıq bəy Ağabəyzadənin arxivi II dünya müharibəsi illərində Sovet qoşunları tərəfindən işğal olunan Lvovdan tələbələri tərəfindən gizli yolla çıxarılaraq Krakova gətirilmiş və Polşanın arxivlərində yerləşdirilmişdir.
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarx üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi 1 il əvvəl Varşavada elmi ezamiyyətdə olarkən Sadıq bəyə məxsus zəngin arxiv sənədlərinin surətlərinin Azərbaycana gətirilməsi məsələsi gündəmə gəlmiş, S.Ağabəyzadənin AR Dövlət Arxivi Cümhuriyyət fondunda saxlanılan sənədlərinin surətləri sonrakı səfəri zamanı prof. S.Rüstəmova-Tohidi tərəfindən “Xoş Niyyət” aktı olaraq Polşa arxivinə təqdim edilmiş və Polşa arxivinin də sənədlərinin Azərbaycan tərəfinə verilməsi barıdə razılıq əldə edilmişdir. Keçən müddət ərzində S.Ağabəyzadənin Polşa və Azərbaycan arxivlərində saxlanılan sənədlərinin surətlərinin mübadiləsi sahəsində bir sıra əməli işlər görülmüşdür. Sadıq bəyin Azərbaycan arxivlərində saxlanılan sənədlərinin bir mərkəzdə toplanması və Polşadan gələcək sənədlərin də məhz bu mərkəzdə toplanması məqsədəuyğun sayılmış və AMEA Rəyasət Heyəti “Elmi İrs” Mərkəzi müdiri, tarix elmləri doktoru Zemfira xanım Hacıyevanın səyləri ildə bu mərkəzdə Sadıq bəy Ağabəyzadənin ayrıca fondu yaradılmışdır.
Polşa tərəfi ilə əldə edilən razılığa əsasən Sadıq bəyin 2025-ci ildə 160 illik yubileyi münasibətilə Cümhuriyyət günü ərəfəsində Polşada, daha sonra isə Azərbaycanda elmi konfrans və sənədlərdən ibarət sərgilər təşkil etmək qərarı bu günlərdə reallaşmışdır.
2025-ci il 27-29 may tarixlərində Polşanın Krakov şəhərində Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş “İki xalqın xidmətində” mövzusunda beynəlxalq elmi seminar və sərgi keçirilmişdir. Tədbirinin təşkilatçıları qismində Polşa Elmlər Akademiyasının Elmi Arxivi, Krakovun Yagillon Universiteti Şərqşünaslıq İnstitutu Türkologiya Departamenti, Polşa Elmlər Akademiyası Krakov bölməsi, Varşava Universiteti Şərqşünaslıq fakültəsi və Azərbaycan Araşdırmaları Mərkəzi çıxış edirdilər. Xüsusi qeyd olunmalıdır ki, yubiley tədbirləri çərçivəsində Sadıq bəy Ağabəyzadənin bir türkoloq kimi tədqiqatçısı, onun Polşa dövrü bioqrafiyası və elmi irsinin bilicisi, Krakovun Yagillon Universitetinin Şərqşünaslıq İnstitutu Türkologiya departamentinin rəhbəri, prof. Yeva Siemieniesc-Golas Sadıq bəyin Polşa arxivlərində saxlanılan mühüm sənədləri və bütün foto-şəkilləri əsasında bir kataloq hazırlamış və Polşa Elmlər Akademiyasının məhz bu məqsədlə ayırdığı vəsait hesabına kataloq nəfis şəkildə nəşr olunmuşdu. Polşa Elmlər Akademiyası Elmi arxivi isə həmin sənədlərdən ibarət gözəl bir sərgi hazırlamışdır və onun sentyabr ayına kimi davam edəcəyi elan edilmişdir.
Bu beynəlxalq tədbirdə Azərbaycanı AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi, AMEA RH “Elmi İrs” Mərkəzinin müdiri, tarix üzrə elmlər doktoru Zemfira xanım Hacıyeva və Sadıq bəy Ağabəyzadənin tədqiqatçısı, Mingəçevir Universitetinin müəllimi Namaz Manafov təmsil etmişlər. Prof. Solmaz Rüstəmova-Tohidinin elmi seminarda “Sadıq bəy Ağabəyzadə. Ömür səhifələri məktublarda. Sadıq bəyin Əli bəy Hüseynzadəyə məktubları əsasında” mövzusunda etdiyi məruzə böyük maraqla qarşılanmış və bir sıra suallar doğurmuşdur. Belə ki, öz əmisi oğluna yazdığı 32 məktubda (əldə olan) Sadıq bəyin bioqrafiyası ilə bağlı indiyədək naməlum qalan, yaxud istər Azərbaycan, istər Polşa tarixşünaslığında yol verilmiş bir sıra təhriflərə aydınlıq gətirilmişdir. Bu barədə gedən müzakirələrin sonunda Sadıq Bəyin Azərbaycan və Polşa arxivlərində saxlanılan məktublarının külliyatını nəşr etmək qərara alınmışdır.
Tədbirdə həmçinin Zemfira Hacıyeva AMEA Rəyasət Heyəti “Elmi İrs” Mərkəzində “Sadıq bəy Ağabəyzadə “ fondu haqqında ətraflı məlumat vermişdir.
Sonda Polşa Elmlər Akademiyası Arxivinin müdiri Adam Korczynski və AMEA Rəyasət Heyəti “Elmi İrs” Mərkəzinin müdiri Zemfira Hacyeva arasında Sadıq bəy Ağabəyzadənin sənədlərinin mübadiləsinə dair əməkdaşlıq haqda müqavilə imzalanmış, cənab Adam Korczynski Polşa arxivlərindəki sənədlərin böyük bir qisminin surətləri toplanmış diski Zemfira xanıma təqdim etmişdir.
Azərbaycanın Polşadakı səfirliyi də bu tədbirə dəstək vermiş, səfir Nərgiz xanım Qurbanova Krakova gələrək elmi seminarın və sərginin işində iştirak edərək öz çıxışında iki ölkə arasında elmi əlaqələrin möhkəmlənməsinə xidmət edən bu tədbirin əhəmiyyətini vurğulamışdır.
Tədbirə qatılan Türk Akademiyasının prezidenti akad. Şahin Mutafayev isə Sadıq bəy Ağazadənin türkmən dilinə aid yazdığı və 1904-cü ildə Aşqabadda nəşr etdirdiyi dərsliyi 121 ildən sonra yenidən nəşr edərək kitabın bir neçə nüsxəsini Polşalı həmkarlara təqdim etmidir.
Qeyd olunmalıdır ki, bu il oktyabrın sonlarında AMEA Şərqşünaslıq İnstitutu tərəfindən Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyi münasibəti beynəlxalq konfrans keçiriləcək. AMEA RH “Elmi İrs” Mərkəzi isə Azərbaycan və Polşa arxivlərində Sadıq bəy Ağabəyzadəyə aid sənədlərdən ibarət sərgi təşkil edəcək.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Görkəmli azərbaycanlı şərqşünas alim Sadıq bəy Ağabəyzadənin 160-ilik yubileyi Polşanın Krakov şəhərində qeyd edilib
Sadıq bəy Ağabəyzadə! Tanınmış hərbi və siyasi xadim, Rusiya İmperiyası və Azərbaycan Cümhuriyyəti ordularının generalı, Cümhuriyyət hökumətində Daxili İşlər naziri müavini və naziri, Azərbaycanda polis sisteminin qurucusu, görkəmli şərqşünas alim, Polşada tanınmış elm adamı, Lvov Universitetinin professoru...