Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə açılan jurnalda ölkə başçısının sənəddə qeyd etdiyi “Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır” ifadəsinə xüsusi yer verilib.
“Mədəni Azərbaycan” jurnalında hər iki ölkənin alimlərinin məqalələri yer alıb. Junalda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlünün "Muhammed Fuzuli`nin arapça şiir mirası üzerine" adlı məqaləsi də dərc edilib.
İki ölkə alimlərindən akademik Rafael Hüseynov, professorlar Mahirə Hüseynova, Lalə Əlizadə, türkiyəli professorlar Cemal Kurnaz, Mustafa İse, İsmet Çetin və digərlərinin məqalələri də jurnalda əks olunub.
Bundan başqa, nəşrdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarından - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun müdiri professor Ataəmi Mirzəyevin "Fuzuli`nin “Leyla ve Mecnun” Mesnevisi: Azerbaycan epik şiirinin zirvesi”, həmin institutun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi dosent Zəhra Allahverdiyevanın "Muhammed Fuzuli`nin yaratıçılığı ve ilk türk edebi kaynaklar", AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun "Azerbaycan şiirinde Muhammed Fuzuli`nin imgesi" sərlövhəli məqalələri türk dilində çap olunub.
Məqalələrdə dahi şairin yaradıcılığının Türk dünyası ədəbiyyatına verdiyi töhfələr və onun əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi həm çap, həm də elektron formatda yayımlanan jurnalın nüsxələrinin Türkiyənin aparıcı kitabxanalarına, elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsini planlaşdırır.