Gilan Universitetinin Gilanşünaslıq Tədqiqat Mərkəzinin bir qrup alimi martın 7-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldular. Nümayəndə heyətinə Mərkəzin sədri dr. Seyyid Haşimi Musəvi, sədr müavini dr. Reza Əlizadə, tarix şöbəsinin müdiri dr. Abbas Pənahi və Gilan Vilayətinin Mədəniyyət İdarəsinin rəhbəri dr. Kazım Fəllahi daxil idi.
Gilanlı alimlər ilk olaraq millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdülər. Qonaqlara Şərqşünaslıq İnstitutunda iranşünaslıq sahəsində görülən işlərlə bağlı məlumat verən G.Baxşəliyeva iki müəssisə arasında elmi əlaqələrin genişlənməsinin hər iki tərəfin alimləri üçün faydalı ola biləcəyini qeyd etdi.
İranlı alimlər öz tədqiqatlarından söz açaraq, Azərbaycan alimləri ilə birgə elmi tədqiqatlar aparmaq, bir-birinə elmi araşdırmalarında yardım göstərmək istəyində olduqlarını bildirdilər. Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edildi.
Daha sonra gilanlı alimlər Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevlə görüşərək qarşılıqlı əməkdaşlıq və birgə elmi layihələr həyata keçirmək imkanları ilə bağlı müzakirələr apardılar.
Qonaqların daha sonra Şərqşünaslıq İnstitutunun İranşünas tarixçi alimləri ilə görüşü də faydalı oldu.


