BDU-da keçirilən tədbirdə öncə professor Mehdi Kazımovun ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub.
BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan professor Mehdi Kazımovun elmi fəaliyyəti, tədqiqatları barədə məlumat verib. Görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslıq və şərqşünaslıq elmində özünəməxsus yerindən, yeni tədqiqatçı alimlər nəslinin yetişdirilməsindəki yorulmaz fəaliyyətindən danışıb.
BDU-nun elm və inovasiyalar üzrə prorektoru, professor Hüseyn Məmmədov Mehdi Kazımovun elmi fəaliyyətini yüksək qiymətləndirib, onun ömrünün böyük bir hissəsini Şərq ədəbiyyatının tədqiqinə həsr etdiyini deyib. Prorektor qeyd edib ki, Mehdi Kazımov farsdilli ədəbiyyat, müqayisəli ədəbiyyatşünaslıq, nizamişünaslıq, mənbəşünaslıq sahələrində tanınmış alimlərdəndir. Böyük Azərbaycan şairi Nizaminin, eləcə də onun çoxsaylı davamçılarının yaradıcılığı alim tərəfindən geniş tədqiq olunub.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov professor Mehdi Kazımovun şərqşünaslıq elmində tutduğu mövqeyindən danışıb.
AMEA-nın vitse-prezidenti, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva professor Mehdi Kazımovun şərqşünaslıq elminə farsdilli ədəbiyyatın tədqiqi sahəsində böyük töhfələr verdiyini qeyd edib, rəhbərlik etdiyi Yazılı abidələrin tədqiqi və nəşri şöbəsində yetişdirdiyi kadrlardan bəhs edib.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, BDU Ərəb filologiyası kafedrasının məsləhətçi-professoru Elxan Əzizov, AMEA-nın müşaviri, akademik Möhsün Nağısoylu, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Aygün Əlizadə, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli və BDU Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi Cavanşir Məmmədzadə çıxışlarında Mehdi Kazımovun 14 kitab, 160-dən çox (15-i xaricdə) elmi məqalənin müəllifi olduğunu, onun rəhbərliyi altında 10-dan çox doktorluq və namizədlik dissertasiyasının müdafiə edildiyini vurğulayıblar.