Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycanla bağlı tədqiqatları barədə məlumat verən akademik Gövhər Baxşəliyeva Tohid Məlikzadənin “Güney Azərbaycan I Dünya müharibəsi illərində” kitabının institutda Azərbaycan dilinə tərcümə edilərək çap edildiyini xatırladıb.
T.Məlikzadə Şərqşünaslıq İnstitutu ilə əməkdaşlığın qurulmasında maraqlı olduğunu qeyd edərək, bununla əlaqədar öz təkliflərini ifadə edib.
Akademik G.Baxşəliyeva özünün müəllifi olduğu “Nizami Gəncəvinin milli mənsubiyyəti” kitabının farsca nüsxəsini T.Məlikzadəyə təqdim edib.
Daha sonra baş tutan Gənclər Gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan akademik Gövhər Baxşəliyeva 1997-ci ildən etibarən 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunduğunu, bu tarixin, ümumiyyətlə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Heydər Əliyevin gənc nəslin inkişafına davamlı qayğı göstərdiyini söyləyən akademik G.Baxşəliyeva qeyd edib ki, Ulu Öndər ölkənin inkişafını birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı və gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmişdi.
Dövlətin gənclər siyasətinin bu gün Ümummilli Liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırıldığını deyən akademik G.Baxşəliyeva ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin nəticəsində bu gün vətənpərvər, milli-mənəvi dəyərlərə, sadiq gəncliyin formalaşdırıldığını vurğulayıb.
Tədbirdə akademik G.Baxşəliyeva İnstitutun elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə gənc əməkdaşlar filologiya üzrə fəlsəfə doktoru Xanım Abdullayevaya və Gülnar Quliyevaya Şərqşünaslıq İnstitutunun Fəxri Fərmanlarını təqdim edib.
Tədbirdə çıxış edən Tohid Məlikzadə gənc şərqşünas alimlərə fəaliyyətlərində uğurlar arzulayıb və onları dərc etdirdiyi “Azərbaycan və türk tarixi araşdırmaları” jurnalına öz elmi araşdırmaları ilə bağlı məqalələr təqdim etməyə dəvət edib.
Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, institutun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Azərbaycan gəncləri: gələcəyin qarantı kimi” mövzusunda çıxış edib. Gənclərin milli-mənəvi və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətindən, o cümlədən müasir dövrdə Azərbaycan gənclərinin ictimai, mədəni və siyasi proseslərdə rolundan danışan E.Mustafayev Şərqşünaslıq İnstitutunun rəhbərliyi tərəfindən aparılan gəncləşmə siyasəti barədə bir sıra məlumatları dinləyicilərin nəzərinə çatdırıb.
Türk filologiyası şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xanım Abdullayeva tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” və Mustafa Kamal Atatürkün “Ey türk gəncləri! Sizin birinci vəzifəniz Türkiyənin müstəqilliyini, Türkiyə Cümhuriyyətini, əbədi qorumaq və müdafiə etməkdir” çağırışlarını xatırladaraq, ideyaları və siyasi fəaliyyəti yalnız doğma vətənlərində deyil, dünyanın nüfuzlu tədqiqat institutlarında öyrənilən bu iki böyük rəhbərin gənclik və gənclər haqqında söylədikləri bu fikirlər arasında üzvi bağlılığın olduğunu qeyd edib və hər iki liderin fikrinin qayəsini millətin və dövlətçiliyin qarantı olan gəncliyə xüsusi diqqət və qayğı təşkil etdiyini bildirib.
İran filologiyası şöbəsinin kiçik elmi işçisi Gülnar Quliyeva çıxışında bildirib ki, Azərbaycan gəncləri onlara göstərilən diqqət və qayğıya, etibara layiqdirlər və bunu Vətən müharibəsində, anti-terror əməliyyatında, bir sözlə, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqlı mübarizədə misilsiz xidmətləri ilə sübut ediblər. Gənclərin yüksək vətənpərvərlik ruhunda yetişməsinin uzun illər düşünülmüş, doğru ideologiyanın bəhrəsi olduğunu söyləyən G.Quliyeva Azərbaycan gənclərinin məhz bu gün, məhz bu il ilk dəfə Gənclər Gününü daha böyük qürurla qeyd edə bildiklərini vurğulayıb.