Baxşәliyeva Gövhәr Baxşәli qızı 26 noyabr 1954-cü ildә Bәrdә şәhәrindә doğulub. 1977-ci ildә ADU-nu fәrqlәnmә diplomu ilә bitirәrәk, Azәrbaycan Elmlәr Akademiyası Şәrqşünaslıq İnstitutunda işә qәbul olunub, baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, Şәrq filologiyası şöbәsinin müdiri vәzifәlәrindә çalışıb. 1993-cü ildәn Şәrqşünaslıq İnstitutu direktorunun elmi işlәr üzrә müavini, 1997-ci ildən direktor vəzifəsini icra edən, 2002-ci ildәn isə direktorudur. 2022-ci il yanvarın 26-dan AMEA vitse-prezidenti vəzifəsini icra edir. İctimai Elmlər Bölməsi Elmi Şurasının sədridir. 1984-cü ildә namizәdlik, 1996-cı ildә doktorluq dissertasiyalarını müdafiә edib. 2004-cü ildən professordur. Beynәlxalq Elmlәr Akademiyasının hәqiqi üzvüdür (İnsbruk, Avstriya). 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilib. “Qızıl qәlәm” mükafatı laureatıdır. Klassik vә müasir әrәb әdәbiyyatı, әrәbdilli Azәrbaycan әdәbiyyatı, müqayisәli әdәbiyyatşünaslıq, әdәbi әlaqәlәr vә mәnbәşünaslıq üzrә ölkəmizdə tanınmış mütәxәssislərdən biridir.
Gövhər xanımın әsәrlәri keçmiş sovet respublikalarında vә әrәb ölkәlәrindә elmi ictimaiyyәt tәrәfindәn rәğbәtlә qarşılanıb, haqqında mәtbuatda yazılar verilib, tәdqiqatlarda әsәrlәrinә çoxsaylı istinadlar edilib. O, 4 fundamental monoqrafiyanın – “Абд ас-Салам Уджейли. Очерки жизни и творчества” (B., Elm, 1989, 5,7 ç.v.), “Книга песен” Абу-л-Фараджа ал-Исфахани и классическая азербайджанская литература” (B., İrşad, 1998, 14,75 ç.v.), “Современный сирийский рассказ” (B., ANE, 2007, 22 ç.v.), “Литературные взгляды Тауфика ал-Хакима” (Bakı, Elm, 2015, 31,75 ç.v.), habelә 16 kitabın, o cümlәdәn Orta әsr mәnbәlәrindən olan “Əbülfərəc İsfəhani. “Bir Məcnun vardı...” Ərəb dilindən tərcümə, ön söz və şərhlər (1990), “İlahi eşq dastanları” (2001), “Абу-л-Фарадж ал-Исфахани. Рассказы о Кайсе ибн Мулаввахе по прозвищу Меджнун и арабоязычных азербайджанских поэтах” (2006), “Ölmәzliyә aparan yol” (2009), Əbülfərəc İsfahani. Ölməzliyə aparan yol” (2010) kimi dəyərli əsərləri tərcümə edərək fililoji şərhlərlə birlikdə nəşr etdirmişdir. Onun “Hamıdan ucadır alimin yeri” (2003) vә “Mәqalәlәr, mәruzәlәr, müsahibәlәr...” adlı dördcildliyi çap edilmişdir (2011–2020). G.Baxşәliyevanın vә Ə.Abbasovun tәrtibatı ilә “İslam. Ensiklopedik lüğәt” (2013), “Əsassız ermәni iddiaları vә tarixi faktlar” (2016), Армянские инсинуации и исторические факты. Вопросы и ответы" (2021) kitabları işıq üzü görmüşdür.
Akademik Gövhər Baxşəliyevanın rus, ingilis və fars dillərində nəşr edilmiş “Nizami Gəncəvinin milli mənsubiyyəti” monoqrafiyası (2021–2022) Azərbaycan nizamişünaslığının əhəmiyyətli əsərlərindəndir. Alimin “Unudulmaz lider” (2023) kitabında görkəmli dövlət xadimi Heydər Əliyev haqqında elmi baxışları və memuarları öz əksini tapmışdır. Onun 250-dәn çox elmi mәqalә vә mәruzәlәrindәn 27-si nüfuzlu xarici nәşrlәrdә dәrc olunmuşdur. Orijinallığı, zәnginliyi, dәrin nәzәri səviyyəsi vә konseptuallığı ilә seçilәn elmi əsərləri ilə Gövhər Baxşəliyeva Azәrbaycan şәrqşünaslıq elmini zәnginlәşdirmiş, tәdqiqatları nәticәsindә şәrqşünaslıq elminә yeni sәhifәlәr әlavә etmişdir. Azәrbaycan şәrqşünaslıq elmini dәfәlәrlә xarici ölkәlәrdә layiqincə təmsil edən Gövhər xanım Rusiya, Çin, Böyük Britaniya, Türkiyә, İran, Rumıniya, Macarıstan, Birlәşmiş Ərәb Əmirliklәri, Misir, Sәudiyyә Ərәbistanı, Macarıstan, Polşa, Fransa, Almaniya vә İtaliyada elmin aktual problemlәrinә dair mәruzәlәrlә çıxış etmişdir.
Akademik Gövhər Baxşәliyevanın rәhbәrliyi vә tәrtibçiliyi ilә bir sıra kitablar işıq üzü görmüşdür. O, Şәrq filologiyası vә mәnbәşünaslıq sahәsindә bir çox әsәrin elmi redaktorudur. Bir sıra elmi jurnalların redaksiya heyәtinin üzvüdür. “Şәrq araşdırmaları” və “Azәrbaycan şәrqşünaslığı” elmi və elmi-kütləvi jurnallarının baş redaktorudur, “Şәrq filologiyası mәsәlәlәri” dövrü toplusunun elmi redaktorudur.
Yüksәk ixtisaslı şәrqşünas kadrların hazırlanmasında bilavasitә iştirak edәn Gövhәr xanımın elmi rәhbәrliyi ilә 25 namizәdlik və 2 doktorluq dissertasiyası müdafiә olunmuşdur. “Türk xalqları әdәbiyyatı”, “Dünya әdәbiyyatı” (ərəb ədəbiyyatı), “Dünya әdәbiyyatı” (fars ədəbiyyatı) ixtisasları üzrә Müdafiә Şurasının sәdridir. Uzun illәr şәrqşünaslıq sahәsindә Respublikada aparılan elmi işlәrin koordinasiyası üzrә Problem Şurasının sәdri olmuşdur. O, pedaqoji fәaliyyәtlә dә mәşğul olmuş, Bakı Dövlәt Universitetinin Şәrqşünaslıq fakültәsindә әrәb әdәbiyyatı fәnni üzrә xüsusi kurs aparmışdır.
Elm tәşkilatçısı kimi dә Gövhər Baxşәliyeva mühüm işlәr görmüşdür. Onun AMEA Şərqşünaslıq İnstitutuna rәhbәrlik etdiyi dövrdә şәrqşünaslıq elminin әn müxtәlif sahәlәrinә aid çoxsayda tәdqiqat işləri hazırlanıb çap olunmuş, beynәlxalq vә respublika elmi konfransları vә simpoziumları keçirilmiş, institutun perspektiv inkişaf planları işlәnib hazırlanmışdır. Beləliklə, institutun profili vә aparılan elmi-tәdqiqatların başlıca istiqamәtlәri genişlәnmiş, Şәrq ölkәlәrinin tarixi, iqtisadiyyatı, ictimai-fәlsәfi fikri, filologiyası, mәdәniyyәti, Azәrbaycanın Şәrq ölkәlәri ilә tarixi-mәdәni әlaqәlәrinin aktual problemlәri, Şәrq–Qәrb qarşılıqlı münasibәtlәrinin kompleks şәkildә tәdqiq edilməsi təşkil olunmuşdur. 1990-cı illərin əvvəllərində institutun şərqşünaslıq kadrlarının axınının qarşısı Gövhər xanımın fəaliyyəti nəticəsində alınmış və istedadlı gənc mütəxəssislərin cəlb olunması ilə kollektivin elmi potensialı möhkəmləndirilmişdir. Qədim tarixi ənənələrə malik Azərbaycan şərqşünaslıq elmi Gövhər Baxşəliyevanın rəhbərliyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İnstitutda aparılan elmi-tədqiqat işlərinin istiqaməti genişlənmişdir. Onun səyləri nəticəsində institutda Şərq ölkələrinin tarixinin, iqtisadiyyatının, ictimai-fəlsəfi irsinin, filologiyasının öyrənilməsi ilə bərabər, habelə Şərq ölkələrinin Azərbaycanla tarixi-mədəni əlaqələrinin aktual məsələləri, Şərq–Qərb qarşılıqlı əlaqə və təsir problemləri də hərtərəfli şəkildə tədqiq edilmişdir.
Eyni zamanda, Şərqşünaslıq İnstitutunda әnәnәvi klassik istiqamәtlәrlә yanaşı, Azәrbaycan elminin müasir tәlәblәrinә uyğun olaraq, yeni tәdqiqat sahәlәrinin inkişafına da diqqәt yetirilmişdir. Bu mәqsәdlә institutun strukturunda dәyişikliklәr aparılmış, yeni şöbәlәr (“Şәrq–Qәrb”, “Cәnubi Azәrbaycan”, “Mәrkәzi Asiya”, “Asiya–Sakit Okean regionu ölkәlәri”, “Şərq ölkələrinin tarixşünaslığı”, “Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi” şöbәlәri) yaradılmışdır.
Gövhər Baxşәliyevanın rәhbәrliyi ilә son illәrdә institutun beynәlxalq elmi әlaqәlәri xeyli genişlәnmişdir. Hazırda institutda ABŞ, Almaniya, İtaliya, Hollandiya, Çin, Rusiya, Türkiyә, Rumıniya, Polşa, Macarıstan, Misir, İraq, Suriya, BƏƏ, İran, Özbәkistan, Qazaxıstan vә s. bu kimi bir sıra xarici ölkәlәrdәki şәrqşünaslıq mәrkәzlәri ilә fәal elmi mübadilәlәr hәyata keçirilmәkdәdir. Son illərdə burada Misirin Qahirә Universiteti, Pakistanın Bәhriyyә Universiteti, Rumıniyanın Kluj-Napoka Universiteti, Türkiyәnin Sәlcuq Universiteti, İtaliyanın Şәrq Universiteti, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq və Şərq Əlyazmaları İnstitutu, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu, Polşanın Şərq və Aralıq Dənizi Araşdırmaları İnstitutu ilə, Gürcüstanın Tbilisi Universiteti, Özbәkistan Elmlәr Akademiyası Şәrqşünaslıq İnstitutu, Misirin İsgәndәriyyә kitabxanası vә digərləri ilә әmәkdaşlıq haqqında memorandumlar imzalanmışdır.
Gövhər xanım 2011–2012-ci illәrdә Azәrbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tәrәfindәn maliyyәlәşdirilәn “Azәrbaycanın әrazi bütövlüyünü tәsdiq edәn qәdim vә yeni dövr xәritәlәrin axtarışı vә surәtlәrinin ölkәyә gәtirilmәsi” mövzusunda layihә çәrçivәsindә İspaniya vә Fransada, Böyük Britaniyada elmi ezamiyyәtdә olmuş, Madrid, Eskorial, Paris, London vә Oksford şәhәrlәrinin bir sıra kitabxanalarında vә arxivlәrindә, habelə Misirin Dәr әl-kutub vә İsgәndәriyyә kitabxanalarında, Vatikanın Apostol kitabxanasında vә Romanın mәrkәzi milli kitabxanasında elmi axtarışlar aparmış, şərqşünaslıq elminin mənbəşünaslıq bazasını daha da zənginləşdirmişdir.
Respublikanın ictimai-siyasi hәyatında da fәal iştirak edәn Gövhәr Baxşәliyeva 2000-ci ildә 57 saylı Bәrdә–Ağcabәdi seçki dairәsindәn Azәrbaycan Respublikasının II çağırış Milli Mәclisinә deputat seçilmişdir. O, 2000-ci ilin iyun ayından 2005-ci ilin dekabr ayınadәk Azәrbaycan Respublikası Milli Mәclis Sәdrinin müavini olub. Milli Mәclis Sәdrinin müavini kimi sosial qanunvericilik sahәsinә kurator olaraq bu sahәdә qәbul olunan bir sıra qanunların hazırlanmasında yaxından iştirak edib. 2005-ci, 2010-cu vә 2015-ci illәrdә III, IV vә V çağırış Azәrbaycan Respublikası Milli Mәclisinә deputat seçilib. Milli Mәclisin Elm vә Tәhsil mәsәlәlәri vә Mәdәniyyәt üzrә daimi komitәlәrinin üzvü kimi səmərəli fəaliyyət göstərib. Gövhər xanım 2000–2019-cu
illәr Azәrbaycan Respublikası Milli Mәclisinin İslam Əmәkdaşlıq Tәşkilatı Parlament İttifaqında nümayәndә heyәtinin rәhbәri, təşkilatın icraiyyə komitəsinin üzvü idi. Onun rәhbәrlik etdiyi parlament nümayәndә heyәti İƏT Pİ-nin sessiya vә konfranslarında Ermәnistanın Azәrbaycana tәcavüzünü pislәyәn, Xocalı soyqırımını insanlığa qarşı cinayәt adlandıran, üzv parlamentlәrә bu haqda qanunvericiliyә әlavәlәr tәklifini verәn, işğal olunmuş Azәrbaycan әrazilәrindә müqәddәs İslam mәbәdlәrinin, mәscidlәrinin vә mәqbәrәlәrinin dağıdılmasını kәskin şəkildə pislәyәn bir sıra qәtnamәlәrin qәbuluna vә yekun bәyannamәlәrә (İstanbul, Qahirә, Əbu Dabi, Kuala-Lumpur, Dәmәşq, Palembanq, Bağdad, Tehran, Ankara, Niamey, Bamako, Rabat, Xartum deklarasiyaları vә s.) müvafiq maddәlәrin salınmasına nail olmuşdur.
Gövhər Baxşәliyeva uzun illәr Milli Məclisin Azәrbaycan–Misir dostluq qrupunun rәhbәri olmuşdur. O, Azәrbaycan Parlamentini Qәrbi Avropa İttifaqının Parlamentlәrarası Assambleyasının 51-ci sessiyasında (Paris, Fransa, 2005), Bәrpa olunan enerji ehtiyatlarından istifadә (Bonn, Almaniya, 2004), Uşaq haqlarının müdafiәsinә hәsr olunmuş Ümumdünya Qadın parlamentarilәrin konfransı (Roma, İtaliya, 2004), Beynәlxalq enerji tәhlükәsizliyinә hәsr olunmuş beynәlxalq konfranslar (Uels, Avstriya, 2006), İstanbulda İƏT Parlament İttifaqının VIII sessiyası vә konfransı, İƏT Parlament İttifaqının IX sessiyası vә konfransı (2006), İƏT Parlament İttifaqının X sessiyası (Kuala Lumpur, Malayziya, 2008), İƏT Parlament İttifaqının fövqәladә sessiyası (İstanbul, Türkiyə, sentyabr 2008), İƏT Parlament İttifaqının XI sessiyası (Niamey, Niger, 2009), BMT-nin “Sivilizasiyaların alyansı”, II forum (İstanbul, Türkiyə, 2009), İƏT Pİ İcraiyyә Komitәsinin iclası vә sessiyası (2009), İƏT Pİ II fövqәladә konfransı (Dәmәşq, Suriya, 2010); İƏT Pİ XIII sessiyası vә konfransı (Əbu-Dabi, BƏƏ, 2011), İƏT Pİ XII konfransı (Cakarta, İndoneziya, 2012) vә s. mötәbәr mәclislәrdә layiqincә tәmsil etmişdir.
Akademik Gövhər Baxşәliyevanın elmi әsәrlәrindә keçmiş Sovetlәr Birliyindә ilk dәfә olaraq müasir Suriya әdәbiyyatı tәdqiq edilir, bu әdәbiyyatda intişar tapmış әsas ideya-bәdii cәrәyanları tәhlil olunur, bir sıra müasir Suriya yazıçılarının, o cümlәdәn Hәnna Mina, Sәid Hayraniya, Şauki Bağdadi, Tamer Zәkәriyyә, Ğadә әs-Sәmmәn vә digәrlәrinin yaradıcılığı araşdırılır. Müasir Suriyanın әn görkәmli vә populyar yazıçısı olan Əbd әs-Sәlam әl-Üceylinin yaradıcılığının tәdqiqi nәticәsindә Suriya әdәbiyyatının inkişafında onun rolu vә yeri müәyyәnlәşdirilir, yazıçının yaradıcılıq fәrdiyyәti, formalaşdığı ictimai-siyasi mühit, yaradıcılığının ideya-tematik vә bәdii-estetik xüsusiyyәtlәri araşdırılır.
Elmi araşdırmaları qədim ərəb ədəbiyyatını da əhatə edən Gövhər Baxşəliyevanın “Əbülfәrәc İsfahani. Bir Mәcnun vardı...” kitabı Şәrqin әn dәyәrli yazılı abidәlәrindәn sayılan X әsr әrәb filoloqu vә ensiklopediyaçısı Əbülfәrәc İsfahaninin 24 cildlik “Nәğmәlәr kitabı”nın iki fәslinin şәrhli tәrcümәsinә hәsr edilmişdir. Bu fәsillәr Bәnu Amir qәbilәsindәn olan şair Qeys ibn Mülәvvәh – dünyanın Mәcnun kimi tanıdığı ölmәz aşiq haqqındadır. Tәrcümәdә Mәcnunun hәyatı, Leyliyә sevgisi haqqında maraqlı rәvayәtlәr vә Mәcnunun dildәn-dilә düşәn şerlәri toplanmışdır. Kitaba tәrcümәçi tәrәfindәn tәqdim edilәn mövzu ilә bağlı geniş tәdqiqatda müәllif qeyd edir ki, min ildәn bir az da әvvәl görkәmli әrәb әdәbiyyatçısı Əbülfәrәc İsfahaninin (897–967) tәrtib etdiyi nәhәng әdәbi abidә - “Kitab әl-әğani (“Nәğmәlәr kitabı”) bu gün dә böyük dәyәrini saxlayır. Bu әsәr yalnız әrәb şerinin uzaq dünәnini, әrәb şairlәrinin hәyatını vә irsini öyrәnmәk üçün deyil, hәm dә Şәrq xalqları әdәbiyyatları arasındakı әlaqәlәri, münasibәtlәri, qohumluqları araşdırmaq üçün də müstәsna әhәmiyyәtə malikdir.
“Книга песен” A6y-ль-Фараджa ал-Исфахани и классическая азербайджанская литература” adlı monoqrafiyası Gövhər Baxşəliyevanın araşdırılan problem üzrә çoxillik müstәqil axtarışlarının yekunudur. Azәrbaycan әdәbiyyatında Leyli vә Mәcnun süjetinin ideya-mәzmun vә bәdii-estetik tәkamülünü izlәmәk üçün kitabda orta әsrlәr әrәb-müsәlman mәdәniyyәtinin parlaq abidәsi kimi əsərin ümumi sәciyyәsi verilmiş, onun Orta әsrlәr Azәrbaycan әdәbiyyatını öyrәnmәk baxımından mәnbәşünaslıq әhәmiyyәti müәyyәnlәşdirilmiş, Mәcnun haqqında әrәb hekayәtinin süjet vә kompozisiyası struktur vә ideya-mәzmun baxımından tәhlil edilmiş, әrәb hekayәti ilә Azәrbaycan şairlәri Nizami Gәncәvi, Əşrәf Marağayi, Füzuli, Əbdi bәy Şirazi, Hәqiri, İsmayıl bәy Nakamın, Mirzә Hüseyn Çakәrin vә digәrlәrinin Leyli vә Mәcnun süjeti әsasında yazdıqları poemalar müqayisәli şәkildә araşdırmaya cәlb olunmuşdur. Həmçinin haqlı olaraq qeyd edilmişdir ki, Mәcnundan daha artıq bir әdәbi obraz olan Mәcnun obrazı sәkkiz yüz ildәn çoxdur ki, dünyanı fәth etmişdir. İlk dәfә dahi Azәrbaycan şairi Nizami Gәncәvinin qәlәmindә sanballı әdәbi qәhrәmana çevrilәn Mәcnun XII әsrdәn bәri onlarca Şәrq və Azərbaycan şairlərinin müxtәlif dillәrdә yazdıqları mәsnәvilәrlә geniş şöhrәt qazanmışdır. Xüsusən, böyük Azərbaycan şairi Mәhәmmәd Füzulinin məşhur “Leyli-Mәcnun” poeması Azərbaycan ədəbiyyatı ilə yanaşı, hәm dә Yaxın vә Orta Şәrq әdәbiyyatının mühüm ədəbi hadisәsidir.
Monoqrafiyada alim belə bir nəticəyə gəlmişdir ki, bütövlükdә Azәrbaycan şairlәri Mәcnun haqqındakı әrәb rәvayәti ilә tanış olaraq, әrәb invariantının ideya-tematik vә bәdii mәzmununu yaradıcı şәkildә mәnimsәmiş, onun milli әdәbi әnәnәlәrlә üzvi sintezinә nail olmuşlar. Gövhər Baxşәliyeva “İlahi eşq dastanları”. Tәrcümә vә şәrhlәr adlı kitabına orta әsrlәrdә yaşamış iki Azәrbaycan şairinin “Leyli vә Mәcnun” mövzusunda yazdığı mәsnәvilәrin filoloji tәrcümәsini daxil etməklə özünün uzun illər ərzində üzərində çalışdığı “Leyli-Məcnunnamə”sini daha da zənginləşdirmişdir. Eyni zamanda, Gövhәr xanım 2012-ci ildә nәşr olunan böyük Misir dramaturqu, yazıçısı vә әdәbiyyatşünası Taufıq әl-Hәkimә hәsr olunmuş “Литературно-критические взгляды Тауфика ал-Хакима” adlı әsәrindә zәngin nәzәri biliklәrә vә müxtәlif mәnbәlәrә әsaslanaraq, әrәb әdәbiyyatının әdәbi-nәzәri problemlәrinә әsaslı münasibәt bildirmişdir. Müәllif kitabda Taufık әl-Hәkimin yaradıcılığını bütövlükdә nәzәrdәn keçirmәyi vә bununla da yazıçının ictimai-siyasi fıkirlәrinin onun yaradıcılığı ilә sıx bağlı olduğunu göstәrmәyi әsas mәqsәd kimi qarşıya qoymuş, nəzəri cəhətdən əsaslandırmışdır.
Görkəmli şərqşünas alimin yaradıcılığının digәr istiqamәti onun elmi vә ictimai fәaliyyәtini әks etdirәn vә müxtәlif illәrdә çap olunan mәqalәlәr, müsahibәlәr, mәruzәlәr, rәylәr, yeni nәşrlәrә ön söz, müqәddimә vә s. yazılarıdır. Bu yazılar müәllifin kitablarında toplanaraq çap olunmuşdur. Birinci kitab – “Hamıdan ucadır alimin yeri” mәqalәlәr, müsahibәlәr vә rәylәrdәn ibarәtdir. Kitabın başlığı Nizami Gәncәvinin “İsgәndәrnamә” poemasındakı:
Əmr etdi, verildi belә bir fәrman:
“Alimdir gözümdә әn әziz insan!
Elmlә, hünәrlә! – Başqa cür heç kәs
Heç kәsә üstünlük elәyә bilmәz!
Rütbәlәr içindә seçilir biri –
Hamıdan ucadır alimin yeri!
– misrasından götürülmüş və bu motiv müəllifin müxtәlif dövrlәrdә, ayrı-ayrı mövzu vә janrlarda qәlәmә aldığı yazıların ümumi ruhu, leytmotivi həmin kəlamların işığında öz əksini tapmışdır. Dahi Nizami Gәncәvinin sәkkiz әsr bundan öncә irәli sürdüyü vә sivil dünyanın son yüzilliklәrdәki inkişaf tәcrübәsi ilә tәsdiqlәnәn bu fikrini bir daha vurğulamaqla, Gövhәr xanım eyni zamanda müstәqil dövlәtimizdә ahәngdar cәmiyyәtin qurulmasında, ölkәmizin tәrәqqisi işindә elmin vә alimin rolunu ön plana çәkmişdir.
Kitabın әn müxtәlif ictimai-siyasi mәsәlәlәrә hәsr olunan ikinci vә üçüncü hissәlәrindә iki mәqam xüsusilə diqqәti cəlb edir: ziyalı, vәtәndaş mövqeyi vә dövlәtçilik maraqlarının üstün tutulması, elmi-әdәbi amillәrin dәyәrlәndirilmәsi. Kitabda әnәnәvi resenziya vә tәqdimat xarakterli yazılarla yanaşı, ciddi tәdqiqat mәqalәlәri dә vardır.
AMEA-nın hәqiqi üzvü Gövhər Baxşәliyevanın “Mәqalәlәr, mәruzәlәr, müsahibәlәr” adlı dördcildliyindә müəllifin müxtәlif mәtbu nәşrlәrdә çap olunmuş elmi vә ictimai mövzulara hәsr edilmiş mәqalә, mәruzә, müsahibә vә çıxışları, müxtәlif әsәrlәrә yazdığı ön söz vә resenziyaları daxil edilmişdir. Eyni zamanda, kitaba müәllifin nəşr ilinədək çap olunmamış bir sıra mәqalәlәri vә çıxışları da salınmışdır. Bu kitabda Gövhәr Baxşәliyevanın klassik vә müasir әrәb әdәbiyyatı, müqayisәli әdәbiyyatşünaslıq vә әrәbdilli Azәrbaycan әdәbiyyatının müxtәlif mәsәlәlәrinә hәsr olunmuş mәqalәlәri, bir sıra nüfuzlu beynәlxalq konfranslarda sәslәnmiş mәruzә vә çıxışları, mәtbuatda dәrc olunmuş çoxsaylı müsahibәlәri, müxtәlif әsәrlәrә yazdığı ön söz vә resenziyaları әhatә edilmişdir. Bu kitab da Gövhәr xanımın elmi, ictimai vә siyasi fәaliyyәtinin uğurlarını özündә әks etdirir. Bu sәhifәlәrdә alim, ziyalı, deputat, elm tәşkilatçısı vә nәhayәt qadın-ananın yüksәk dәyәrlәrinin Gövhәr xanımın şәxsindә vәhdәt tapdığının bir daha şahidi oluruq...
Akademik Gövhər Baxşəliyeva Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər üzrə vitse-prezidenti vəzifələrini icra edən elm təşkilatçısı kimi də respublikamızda geniş iş aparır.
Bu gün akademik Gövhәr Baxşәliyeva elmi-maarifçi mühitin ön sıralarında gedәn, cәmiyyәtin inkişafına çalışan, zәhmәtә vә axtarışlara üstünlük verәn ziyalılardan biri kimi qəbul olunur. Çoxillik sәmәrәli ictimai vә elmi fәaliyyәti, әldә etdiyi bilik vә tәcrübә Azәrbaycan Milli Elmlәr Akademiyasının hәqiqi üzvü Gövhәr Baxşәliyevanın bundan sonra da cәmiyyәtimizә fayda vermәk yollarında inamla xidmәt göstәrәcәyinә gur işıq salır.
Alim həmkarımı ürəkdən təbrik edir, ona elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar və möhkəm cansağlığı arzulayıram!
"Xalq qəzeti"