Print this page

CABİR AĞA OĞLU İSKƏNDƏRLİ (1940-2020)

25 Noyabr 2021

Noyabrın 27-də tanınmış ərəbşünas tarixçi Cabir Ağa oğlu İskəndərlinin vəfatının 1 ili tamam olur. Dəyərli şərqşünas alimi ölümünün il dönümündə bir daha xatırlamaq istədik.

 

Cabir Ağa oğlu İskəndərli (İskəndərov) 1940 ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1958 ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb bölməsinə daxil olub. Ali təhsilini uğurla bitirdikdən sonra dövlət təyinatı ilə Misir Ərəb Respublikasına ezam olunub və orada SSRİ energetika nazirliyi xətti ilə əsrin ən nəhəng tikintilərindən olan Nil çayında Əsvan su bəndinin tikintisində 1964-1968 illərdə ərəb dili tərcüməçisi kimi calışıb. Növbəti dəfə ərəb ölkəsinə uzun müddətli ezamiyyət Cabir müəllimin həyatında bir daha iyirmi il sonra baş verib – 1988-1991 illərdə o Suriya Ərəb respublikasında üç il tərcüməçi işləyib.

 

 

Zəngin ərəb dili bilik və təcrübəsi, ərəb mədəniyyəti və cəmiyyəti ilə yaxından tanışlığı Cabir müəllim üçün çətin və şərəfli elmi fəaliyyət yolu açıb. Misir ezamiyyətindən qayıtdıqda, o SSRİ EA Şərqşünaslıq İnstitutunda Moskva şəhərində 5 il ərzində (1968-1973) elmi işçi vəzifəsində çalışıb. Cabir müəllimin sonrakı elmi fəaliyyəti ömrünün sonunadək AMEA-nın Şərqşünaslıq İnstitutu ilə bağlı idi. Burada o, məşhur Azərbaycan şərqşünası, Sovet İttifaqı qəhrəmanı akademik Z.M. Bünyadovun əsasını qoyduğu və rəhbəri olduğu əvvəl Şərqin orta əsrlər tarixi şöbəsi, sonra isə Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsi adlanan şöbədə fədakarcasına elmi tədqiqatlar aparıb.

 

Ərəb dilli qədim əlyazmaları və xüsusilə tarixi mənbələrini ara vermədən tədqiq edən Cabir müəllim Azərbaycanda erkən islam dövrü ərəb tarixi və coğrafi ədəbiyyatı üzrə nadir yüksək səviyyəli mütəxəssis zirvəsinə ucala bilmişdi. Ərəb xilafəti və regionumuzun orta əsr tarixinin bütün mərhələlərinə dair zəngin biliklərə sahib olan Cabir İskəndərli xüsusi olaraq xilafətin və islam tarixinin ilk dövrü mütəxəssisi idi. Onun ərəblərin islamaqədərki inancları haqqında tədqiqatı və dərc etdiyi elmi yazıları islama keçid dövrünə aid nəyinki Azərbaycan, bütün keçmiş SSRİ məkanında bu mövzuda ən dərin elmi araşdırmalardan biri sayılmaqdadır. Uzun illər Cabir müəllim Məhəmməd Peyğəmbərin vəfatından sonra islamda mürtədlik hərəkatının tarixini öyrənir, monoqrafiya üzərində çalışırdı.

 

Ərəb mənbələrinin gözəl bilicisi və tədqiqatçısı olaraq, Cabir müəllim bir çox mənbələrdən Azərbaycan və rus dillərinə şərhli tərcümələr etmişdi. Bu işdə Cabir müəllim həmişə həmkarları ilə iş birliyi üçün çalışırdı, çünki orta əsr ərəb müəlliflərinin fikirlərini və əsərlərinin içindəki məlumatları dərk etmək üçün mətnlər üzərinə təkrar qayıtmaq, həmkarların fikirlərini nəzərə almaq tələb olunurdu. Şərqşünaslıq İnstitutunun uzun illər direktoru olmuş, xatirəsi bütün millətimiz üçün əziz olan akademik Ziya Bünyadov mənbələrin tədqiq edilməsində Cabir müəllimə xüsusilə etibar göstərirdi. İki ərəbşünasların əməkdaşlığı nəticəsində məşhur hüquqşünas, tarixçi, mütəfəkkir, ərəb ədəbiyyatı tarixində ən məhsuldar müəlliflərdən sayılan Cəlaləddin əs-Süyutinin (1445-1505) İslam dövründə zəlzələlər  tarixi «Kəşf əs-səlsələan vəsf əz-zəlzələ» əsərinin tərcüməsi  1983 ildə işıq üzü görüb.

 

Orta əsr dönəmində ərəblərin tarixini islam dininin tarixindən ayrı öyrənmək mənasızdır. Tarixi mətnlərdə daim dini mənbələrə işarələr, dini düşüncəyə söykənən izahatlar və hadisələrin dəyərlənməsi təsadüf edir. Odur ki, Cabir müəllim eyni zamanda məlumatlı və təcrübəli islamşünas idi. Onun 2017 ildə dərc etdiyi “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” kitabı Azərbaycanda dinlər tarixinə dair qiymətli məlumat mənbəyidir.

 

Son zamanlarda Cabir İskəndərov özünün zəngin mütaliə əsnasında mənbələrdə aşkar etdiyi və öyrəndiyi erkən İslam tarixinə aid rəsmi sənədlər, yəni xəlifələrin fərmanları, məktubları, bəyanatları, xilafətdə görkəmli siyasi xadimlərin yazışmaları, çıxışları, siyasi sazişlər və müqavilələr  toplusu üzərində işləyirdi. Bu çalışmaları o sevə-sevə edir və deyirdi ki, işini başa çatdırsa ömrünün əsas elmi əsərini yazmış hesab edəcəkdir. Təəssüf ki, zalım xəstəlik buna imkan vermədi. Əsər yarımçıq qaldı. Cabir Ağa oğlu İskəndərli  27 noyabr 2020 il tarixində vəfat etdi. Cabir müəllimin həmkarları, Şərqşünaslıq İnstitutunun əməkdaşları onun nurlu xatirəsini həmişə ürəklərində yaxın tutacaqlar.

 

Allah rəhmət etsin.

 

 

 

Fərda Əsədov

 

AMEA-nın Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun

                                                                                                                   Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri