Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ABAY KUNANBAYEVİN 175 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB

09 Dekabr 2020

Dekabrın 9-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Abay Kunanbayevi XIX əsr qazax modern ədəbiyyatının qurucusu və ilk realist şairi kimi dəyərləndirərək, şairin 175 illiyinin türk dünyasında geniş qeyd edildiyini bildirib və AMEA-da da il ərzində bununla bağlı bir sıra tədbirlərin keçirildiyini qeyd edib. Akademik İ.Həbibbəyli Şərqşünaslıq İnstitutunun keçirdiyi elmi sessiyadakı məruzələrin Azərbaycan Abayşünaslığını zənginləşdirəcəyinə əminliyini bildirib.

Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva tədbirdə çıxış edərək bildirib ki, Abay Kunanbayev XIX əsr qazax yazılı ədəbiyyatında şeirə mövzu, forma, dil, üslub, vəzn yenilikləri gətirmiş qüdrətli söz ustadıdır. 2020-ci ilin TÜRKSOY tərəfindən “Abay ili” elan edildiyini xatırladan akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda Abay yaradıcılığı ilə bağlı tədqiqatlar aparıldığını və hazırkı elmi sessiyanın da İnstitutun bu istiqamətdə mühüm addımlarından olduğunu deyib.
Tədbirdə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Elman Quliyev “Abay Kunanbayevin lirikası” mövzusunda məruzə edib. Şairin lirik yaradıcılığı barədə ətraflı danışan E.Quliyev Abay Kunanbayev poeziyasının rəngarəng mövzu dairəsi olduğunu, onun əxlaqi-didaktik şeirlərində təhsil, elm və tərbiyə məsələlərinin əks olunduğunu, həmçinin mənəvi-əxlaqi meyarların müəyyənləşdirildiyini qeyd edib. Məruzəçi bildirib ki, Abay Kunanbayev klassik poeziya və xalq şeiri ənənələrindən bəhrələnərək onlara yaradıcı yanaşmış, gözəl poetik nümunələr ərsəyə gətirmiş və onun şeirə dil, üslub, mövzu baxımından gətirdiyi yeniliklər qazax ədəbiyyatında yeni şeir ənənəsinin əsasını qoymuşdur.
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent  Təranə Həşimova  “Müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev və dünya ədəbiyyatı” mövzusunda məruzə edib. T.Həşimova bildirib ki, şair qazax folklorundan, qazax poeziyasından, eyni zamanda klassik Şərq poeziyasından bəhrələnərək qazax  ədəbiyyatına yeniliklər gətirmişdir. Şairin dünyagörüşünün formalaşmasında Şərqin alim və şairləri qədər Qərb mütəfəkkirlərinin də rolu olmuşdur. Böyük maarifçi Abay Kunanbayevin Şərq və Qərb ədəbi mühitinə necə daxil olmasından danışan məruzəçi, onun şeir yaradıcılığının ilk dövründə Şərqin böyük mütəfəkkirləri sırasında böyük Nizami və Füzulinin sənəti və şəxsiyyəti qarşısında hesabat verdiyini bildirib, şair kimi formalaşmasında onların sənətinin böyüklüyünü qeyd etməsinə dair nümunələr gətirib.
Sessiyanın sonunda məruzələr ətrafında müzakirələr aparılıb.