Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatında yerini vurğulayan G.Baxşəliyeva Mirzə Cəlilin bədii, publisistik və ictimai fəaliyyətinin məqamlarını qeyd etməklə yanaşı, onun Təbrizdəki fəaliyyətindən, “Molla Nəsrəddin” məcmuəsinin bir neçə sayının məhz İranda dərc edilməsindən də söz açdı. G.Baxşəliyeva bir neçə il öncə Şərqşünaslıq İnstitutunun iranlı dissertantlarından Ebrahim Qaseminin “Məşrutə dövrü İran satirik mətbuatının inkişafında C.Məmmədquluzadə və M.Ə.Sabirin rolu” və Mehdi Buşehrinin “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının İran ədəbiyyatına təsiri” mövzularında dissertasiyalarda böyük ədibin İran ədəbiyyatına və mətbuatına göstərdiyi təsirdən yazdıqlarını qeyd edib.
Seminarda İnstitutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı “Cəlil Məmmədquluzadənin cəhalətə və xürafata qarşı mübarizəsi” mövzusunda məruzə ilə çıxış edib.
Ümumən soydaşlarını, o cümlədən bütün Şərq qadınlarını oxumağa, maarif-lənməyə çağıran Mirzə Cəlilin: “Ey şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız onda azadlığın qədrini bilərsiniz, onda xoşbəxtlik yolunu taparsınız. Oxumasanız qaranlıqda qalacaqsınız” fikrinə istinad edən məruzəçi maarifçiliyin onun əsas amalı olduğunu xatırladıb.
M.Babaşlı "Molla Nəsrəddin" jurnalının nəşr olunduğu dövrün siyasi və ictimai mühitində ən çox mübarizə apardığı məsələnin dini özünə qalxan edərək insanların vicdani duyğularını istismar edənlərlə bağlı olduğunu diqqətə çatdırıb, Mirzə Cəlil irsinin müasir dövrdə də aktuallıq kəsb etdiyini ifadə edib.
Sonra məruzə ətrafında müzakirə aparılıb və məruzəçi tədbir iştirakçılarının suallarını cavablandırıb.