“Azərbaycan” qəzeti öz səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadə ana dilində izah edir və kütlələri milli azadlıq uğrunda mübarizədə əlbir olmağa çağırırdı. Azərbaycan xalqının tarixini və mədəniyyətini, istək və arzularını, uğrunda mübarizə apardığı müqəddəs məqsədi, İran hakimiyyətinin ölkəni uçuruma aparmasını, fəlakət və bədbəxtliklərin səbəblərini, İran xalqlarının demokratiya və azadlıq tələblərini hər bir sayında çox aydın bir şəkildə təqdim etdirib. “Azərbaycan” qəzetinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap edilərək xalq arasında yayılmış və Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək (12 dekabr 1946-cı il) 370 sayı dərc edilib. “Azərbaycan” qəzeti cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynayıb. Qəzetin 1945-1946-cı illərdə nəşr edilmiş bütün saylarını dörd cilddə yenidən çap etməkdə məqsəd Azərbaycan Milli Hökumətinin birillik fəaliyyəti dövründəki olayları, çoxşaxəli islahatları və azadlıq yolunda göstərilmiş qəhrəmanlıq və fədakarlıqları ilk mənbədə oxuculara, o dövrü tədqiq edənlərə və gənc nəslə çatdırmaqdır.