Print this page

Şərqşünaslıq İnstitutunun əməkdaşları Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər

02 Noyabr 2026

30–31 oktyabr 2026-cı il tarixlərində AMEA-nın Gəncə Bölməsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illik yubileyinə həsr edilmiş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda beynəlxalq konfrans və simpozium keçirilib.

Beynəlxalq elmi tədbirdə AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları – filologiya elmləri doktoru, dosent Aygün Əlizadə, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Xanımzər Kərimova və Sevinc Nuriyeva, eləcə də pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə iştirak ediblər.

 

Konfransın plenar iclasında Şərqşünaslıq İnstitutunun əməkdaşı Sevinc Nuriyeva elmi məruzə ilə çıxış edib. Tədbir çərçivəsində təşkil olunan elmi müzakirələrdə isə Aygün Əlizadə iştirakçıların suallarını cavablandıraraq müzakirələrə töhfə verib.

Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Pakistan və Litvadan olan tədqiqatçılar da iştirak ediblər. Beynəlxalq elmi platformada Nizami Gəncəvinin zəngin ədəbi-fəlsəfi irsinin öyrənilməsi, Azərbaycan və dünya nizamişünaslığının müasir istiqamətləri, eləcə də bu sahədə mövcud elmi problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirlər proqramı çərçivəsində Nizami Gəncəvinin məqbərəsində və Nizami Gəncəvi Muzeyində də elmi tədbirlər təşkil olunub.

Beynəlxalq konfrans və simpozium Nizami Gəncəvinin çoxşaxəli irsinin tədqiqi və təbliği, nizamişünaslıq sahəsində beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, eləcə də müxtəlif ölkələrin tədqiqatçıları arasında elmi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli platforma olub.