Seminarda iqtisad elmləri doktoru, professor Fuad Qənbərov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Məruzədə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialı, təbii resursları, demoqrafik imkanları, xarici ticarət əlaqələri və regional iqtisadi inteqrasiyanın inkişaf perspektivləri təhlil olunub.
Bildirilib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın ümumi iqtisadi potensialı regionun qlobal iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi üçün mühüm imkanlar yaradır. Təqdim olunan hesablamalara əsasən, 2025-ci ildə bu altı ölkənin məcmu ümumi daxili məhsulu 2 trilyon ABŞ dollarını ötüb, qarşılıqlı ticarətinin həcmi isə 31 milyard dollardan çox olub.
Məruzədə TDT ölkələri arasında ticarətin strukturu, enerji və qeyri-enerji sektorlarının rolu, qarşılıqlı investisiya imkanları, eləcə də Orta Dəhlizin və digər nəqliyyat-kommunikasiya layihələrinin regional iqtisadi əməkdaşlığa təsiri xüsusi diqqət mərkəzində olub.
Professor Fuad Qənbərov qeyd edib ki, türk dövlətlərinin zəngin təbii resurslara, əlverişli coğrafi mövqeyə və geniş insan kapitalına malik olmasına baxmayaraq, mövcud iqtisadi potensialdan hələ tam istifadə edilmir. İqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ticarət maneələrinin azaldılması, nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi və birgə istehsal zəncirlərinin yaradılması əsas prioritetlər kimi qiymətləndirilib.
Seminarda həmçinin Türk Dövlətləri Təşkilatının iqtisadi inkişaf perspektivlərinin araşdırılmasında şərqşünaslıq elminin roluna toxunulub. Tarixi İpək Yolunun müasir nəqliyyat dəhlizləri ilə müqayisəli tədqiqi, ortaq dil və mədəni dəyərlərin iqtisadi əməkdaşlığa təsiri, eləcə də regional güclərin türk dövlətləri ilə münasibətlərinin öyrənilməsi mühüm elmi istiqamətlər kimi təqdim olunub.
Seminarın sonunda mövzu ətrafında müzakirələr keçirilib.