Print this page

E L A N - “SADIQ BƏY AĞABƏYZADƏ – XX ƏSR ŞƏRQŞÜNASLIQ ELMİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ KİMİ”

29 Yanvar 2026

Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, beynəlxalq səviyyədə nüfuzlu şərqşünas alim Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans

 

16-17 mart 2026-cı il, Bakı

I Dünya müharibəsinin iştirakçısı, general-mayor, Azərbaycan Cümhuriyyəti dövrü tanınmış dövlət xadimi Sadıq bəy Ağabəyzadə (1865-1944) eyni zamanda görkəmli şərqşünas alim - ərəb, fars, türk dilləri üzrə mütəxəssis, Polşa şərqşünaslıq elmində xüsusi yeri olan Lvov elmi məktəbinin yaradıcılarından biri kimi şöhrət tapmışdır. Ömrünün son onilliklərini mühacirətdə yaşamış və elmi fəaliyyət göstərmiş Sadıq bəy Ağabəyzadənin keçdiyi uzun və mürəkkəb həyat yolunun öyrənilməsi, həmçinin zəngin yazılı irsinin toplanması və araşdırılması sahəsində istər xaricdə, istərsə Azərbaycan Respublikasında bir sıra işlər görülmüşdür. 160 illik yubileyi qarşısında onun Polşanın müxtəlif elmi müəssisələrində - Polşa Elmlər Akademiyası, Krakov və Vroslav universitetinin arxiv fondlarında saxlanılan sənədlərinin surətlərinin Azərbaycana gətirilməsi və AMEA RH aparatı Elmi İrs Mərkəzində Azərbaycan arxivlərində saxlanılan digər sənədlərlə bərabər vahid “Sadıq bəy Ağabəyzadə Fondu”nda yerləşdirilməsi həyata keçirilmişdir və bu proses hələ də davam edir.

Sadıq bəy Ağabəyzadənin 160 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın iki mərhələdə keçirilməsi nəzərdə tutulmuşdur. Sadıq bəy Ağabəyzadənin əsas elmi irsi saxlanılan Polşa Elmlər Akademiyası Arxivinin, Krakov Yagellon Universitetinin Şərqşünaslıq fakültəsi və Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə 29 may 2025-ci il tarixində Krakov şəhərində Azərbaycan alimlərinin iştirakı ilə “Sadıq bəy (1865-1944). İki xalqın xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransın Azərbaycanda keçiriləcək ikinci mərhələsinin 2026-cı ilin əvvəllərində təşkili məqbul sayılmışdır.

Hörmətli həmkarlar,

Sizi Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş “Sadıq bəy Ağabəyzadə - XX əsr Şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda beynəlxalq elmi konfransda iştiraka və Sadıq bəy Ağabəyzadənin sənədlərindən ibarət sərgiyə dəvət edirik.

 

Konfransın təşkilatçıları:

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu,

AMEA RH aparatı Elmi İrs Mərkəzi,

Polşa Elmlər Akademiyası,

Krakov Yagellon Universitetinin Şərqşünaslıq fakültəsi

Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzi

 

Konfransın məqsədi:

Sadıq bəy Ağabəyzadənin Azərbaycanın hərbi, dövlət xadimi və şərqşünas alim kimi zəngin irsinin araşdırılması və tanıdılması;

Şərqşünaslıq elminin yaxın tarixi və müasir dövrdə qarşısında duran problemlərin müzakirəsi;

Konfransın dili: Azərbaycan, türk, ingilis, rus

 

Konfransın mövzu istiqamətləri:

I.Sadıq Bəy Ağabəyzadənin həyat və yaradıcılığı.

•Sadıq bəy Ağabəyzadənin hərbi xidmət dövrü fəaliyyət sahələri;

•Sadıq bəy Ağabəyzadə ADR dövrü Azərbaycanda polis sisteminin qurucusu kimi;

•Sadıq bəy Ağabəyzadənin yazılı irsi Azərbaycan siyasi mühacirətinin öyrənilməsində mənbə kimi;

•Sadıq bəy Ağabəyzadə şərqşünas alim – türk, ərəb, fars dillərində dərsliklərin, lüğətlərin və digər elmi araşdırmaların müəllifi kimi;

 

II.Şərqşünaslıq elmi yaxın tarixdə və müasir dövrün çağırışları qarşısında

•Şərqşünaslıq elminin yaranmasını şərtləndirən amillər;Türkologiya; İranşünaslıq; Ərəbşünaslıq;

•Hərbi şərqşünaslıq, onun CənubiQafqaz və Yaxın Şərq tarixinin öyrənilməsində rolu;

•Şərqşünaslıq elmi, onun Mənbəşünaslıq və Mətnşünaslıq sahələri;

•Azərbaycan şərqşünaslığı: yaranması, istiqamətləri və inkişaf mərhələləri;

•Polşa şərqşünaslıq məktəbi və onun görkəmli simaları;

•I Türkoloji qurultay. Bakı 1926. – Şərqşünaslıq elmi yanaşmasında.

•Müasir dövrdə Şərq anlayışı, Şərqşünaslıq elminin tədqiqat dairəsi və predmeti

•Şərq və Qərb anlayışları postmodernizm dövründə

•Orientalizm və Oksidentalizm: siyasi təfəkkürdə, mədəniyyətdə və incəsənətdə

•Dinlər arası qarşıdurma və dialoq: toqquşan mövqelər və qarşılıqlı addımlar

•Hərb və sülh: qloballaşmanın alternativ yolları

 

Təşkilat Komitəsinin ünvanı:

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu.

AMEA Rəyasət Heyəti aparatı Elmi İrs Mərkəzi.

 

Təşkilat Komitəsinin üzvləri:

1.Gövhər Baxşəliyeva, AMEA-nın vitse-prezidenti, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik

2.Zemfira Hacıyeva, AMEA RH aparatı Elmi İrs Mərkəzinin müdiri, t.ü.e.d., professor

3.Solmaz Rüstəmova-Tohidi, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, t.ü.e.d., professor

4.Ruhəngiz Cümşüdlü, AMEA akad. Z. Bünyadov adına Şəqrşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d., dosent

5.Şəhla Kazımova, Varşava Universiteti Şərqşünaslıq fakültəsi, Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri. t.ü.f.d.

 

Təşkilat Komitəsinin Katibliyi:

1.Elnur Mustafayev, AMEA akad. Z.Bünyadov adına Şəqrşünaslıq İnstitutunun “Din və ictimai fikir” şöbəsinin müdiri. fəl.ü.f.d., dosent

2.Zülfiyyə Vəliyeva Önlen, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi. t.ü.f.d.

 

Konfransda iştirak formaları :

a)şəxsən;

b)tam zamanlı onlayn çıxış (və ya onlayn yayım üçün təşkilatçıya çıxışın videoyazısının təqdim edilməsi);

c)müzakirələrdə dinləyici;

d)yazışma - məruzənin tədbirin proqramına daxil edilməsi və nəşrin konfrans materialları toplusunda yerləşdirilməsi;

 

Konfrans tezislərinin təqdim edilməsi üçün tələblər:

Nəzərdə tutulan məruzələrin tezisləri (300-400 söz, şrift: Times New Roman, 12). Tezislərdə mövzunun və müəllifin adı, elmi dərəcəsi, yaşadığı ölkə, çalışdığı elmi müəssisə və elektron ünvanı göstərilməlidir.

 

Önəmli tarixlər və məlumatlar:

Tezislərin göndərilməsi üçün son tarix: 15.02.2026

Konfransın nəticələrinə əsasən konfrans materialları toplusu nəşr olunacaq. Konfransda iştirak ödənişsizdir!

Konfransda xarici iştirakçıların xərcləri (səfər və yaşayış) qonaqların öz hesabınadır.

 

Tezislər Konfransın Təşkilat Komitəsinin Katibliyinin aşağıdakı e-poçt ünvanına göndərilməlidir: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.