Print this page

Elnur Mustafayev “Dövlət-din münasibətləri və müasir çağırışlar” mövzusunda konfransda məruzə edib

01 Oktyabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lənkəranda keçirilən “Dövlət-din münasibətləri və müasir çağırışlar” mövzusunda regional konfransın “İdeoloji təhdidlərə qarşı maarifləndirmə işinin əhəmiyyəti” mövzusuna həsr olunan birinci panel sessiyasında "Din sahəsində hibrid təhdidlərə qarşı mübarizədə milli-dini kadr hazırlığının əhəmiyyəti və rolu" adlı məruzə ilə çıxış edib.

 

Çıxış zamanı E.Mustafayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərimizdən və 2023-cü ildə suverenliyimizin tam bərpa edilməsindən sonra regiondakı geosiyasi reallıqlar tamamilə dəyişmiş, yeni forma almışdır. İdeoloji təhdidlər məsələsində xarici müdaxilə və hibrid təhdidlərin təsir etdiyi sahələrə və son məqsədlərinə diqqət yetirmək vacibdir. Müasir dövrdə hibrid şəkildə aparılan müharibələr ən təhlükəli təhdid vasitəsi hesab edilir. Dezinformasiya və informasiya əməliyyatları, kiberhücumlar, cəsusluq, seçkilərə müdaxilə, iqtisadi alətlərlə təsir və təzyiqetmə, kritik infrastrukturun sabotajı, zərərli ideologiyaların yayılması, din pərdəsi altında aparılan fəaliyyətlər, qeyri-qanuni hərbi birləşmələrin yaradılması, hüquqi vasitələrdən “silah” kimi istifadə, qanunsuz miqrasiya və əqli mülkiyyətin oğurlanması hibrid təhdidlərə şamil edilə bilər.

Həmçinin, hibrid təhdidlər siyahısına təbii ki, dini radikalizm və ekstremizm kimi təhlükələri də əlavə etmək mümkündür. Başqa ifadə ilə desək, dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsini təbliğ edən radikal dini ideologiyaların təbliği ən əsas ideoloji təhdidlərdən hesab edilir.

Hibrid təhdidin çoxşaxəli növlərinə qarşı mübarizənin özünəməxsus yolları var. Bu mübarizə yolları təhdidlərin xarakterinə, o cümlədən ölkələrə, dövrə və cərəyan edən qlobal proseslərə görə dəyişə bilər. Həmçinin hibrid təhdidlərin mürəkkəbliyi onlara qarşı mübarizədə effektiv üsulların düzgün seçilməsi və tətbiqi məsələsində diqqətli olmağı da tələb edir.

Məruzədə hibrid təhdidlərə qarşı mübarizədə milli-dini kadr hazırlığının əhəmiyyətinin olduqca böyük olduğu vurğulanıb. O mənada ki, dini təhsil və din sahəsi üzrə kadr hazırlığı prosesi kifayət qədər həssas məsələdir. Təcrübələr göstərir ki, milli-dini kadr hazırlığı ölkələrin dövlət-din münasibətlərin formalaşmasına ciddi təsir göstərir. Çünki din təhsili spesifik xarakterə malikdir. Hər bir ölkənin fərqli dini mühiti və strukturu ola bilər. Azərbaycanın dini mühiti ilə başqa dövlətin dini mühitində fərqlərin olması labüd olduğu üçün kadr hazırlığında bu amil nəzərə alınmalıdır.

Dövlətçilik prinsiplərinə sadiq qalan, ölkəmizin dini mühitini nəzərə alan, dünyəvilik, müasirlik təfəkkürünü özündə birləşdirən milli-dini kadrların hazırlanması olduqca vacib məsələdir. Bu cür milli kadrların fəaliyyəti nəticəsində vətənimiz radikalizmdən, xurafatdan daha çox sığortalanmış olacaq.