Print this page

Şərqşünaslıq İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çap olunub

17 Sentyabr 2025

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Hilal Ağamoğlanovun “The Iravani Scholarly Lineage and Sufi Orientation: The Life and Legacy of Abdulkarim Iravani (AH 1220–1294 / 1806–1877)” (İrəvanlı alimlər nəsli və sufi baxışları: Əbdülkərim İrəvaninin həyatı və mirası) adlı məqaləsi Türkiyə Cümhuriyyətinin ERİH PLUS elmi bazasına daxil olan nüfuzlu “Akademik Tarih ve Düşünce Dergisi”nin 12 (4) nömrəli 2025-ci il sayında ingilis dilində nəşr olunaraq beynəlxalq elmi ictimaiyyətə təqdim olunub.



Məqalədə Qərbi Azərbaycandakı İslam alimlərinin bölgənin dini-ictimai həyatının formalaşmasındakı iştirakı araşdırılıb, bir irəvanlı alimlər nəslinə xüsusi diqqət ayrılıb. Bu ailə bölgənin dini, ictimai və mədəni tarixinin əhəmiyyətli bir parçasını meydana gətirən islam alimlərindən formalaşıb. Nəsil 1720-ci ildə doğulan Mirzə Məhəmməd İrəvani ilə başlamış, oğlu Mirzə Əbul-Qasim İrəvani (1773), nəvəsi Mirzə Əbdülkərim İrəvani (H. 1220-1294 / M. 1806-1877) və sonrakı nəsillərlə davam etmiş, nəslin üzvlərinin əksəriyyəti də İslam alimləri olmuşdur.

Araşdırma Əbdülkərim İrəvaninin təsəvvüf düşüncəsinə sahib olduğunu göstərməkdədir. Xüsusilə Nemətullahi təriqəti şeyxləri olmaqla dövrünün öndə gələn sufi şəxsiyyətləri ilə olan əlaqəsi, dərvişlərə göstərdiyi hörmət və əhəmiyyətli sufilərin dəfn edildiyi “Mollabaşı” türbəsini tikdirməsi bu nəticəni dəstəkləməkdədir.

Həmçinin məqalədə, onun sələf və xələflərinin fəaliyyətləri də nəzərdən keçirilib.