Print this page

Şərqşünaslıq İnstitutunda akademik Ziya Bünyadovun əsərləri çapdan çıxıb

17 Sentyabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşnüaslıq İnsitutunda akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” və “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” monoqrafiyaları işıq üzü görüb.  Akademikin bu əsərlərinin Azərbaycan dilindəki bu nəşri rus dilində olan orijinal əsasında indi yenidən işlənib və təkmilləşdirilərək Azərbaycan dilində çapdan çıxıb. Nəşrin elmi redakoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.



2 cilddə çap olunan bu kitabların 1-cisi “Azərbaycan VII-IX əsrlərdə”, 2-cisi “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” monoqrafiyasını əhatə edir.

1-ci cildin əvvəlində əsərdən öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəcamı, akademik İsa Həbbibbəylinin “Akademik Ziya Bünyadov haqqında söz” və akademik Gözhər Baxşəliyeva ilə tarix elmləri doktoru Fərda Əsədovun “Ölümsüzlüyə qovuşan ömür” başlıqlı ön sözləri yer alıb.

Azərbaycan tarix elminin ən fundamental əsərlərindən biri olan “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasında ərəb hakimiyyəti dövründəki tariximiz nəzərdən keçirilir, həmin hakimiyyətin aradan qaldırılması ilə nəticələnən və xalqımızın təşəkkül tarixində yeni səhifə açan sosial-iqtisadi və siyasi proseslər, onların səbəb və şəraiti xarakterizə edilir. İlk dəfə 1965-ci ildə rus dilində çap olunmuş əsərdə geniş şəkildə tədqiqata cəlb olunmuş ərəb, fars, türk, erməni, gürcü mənbələrinin, o vaxtadək məlum olmayan və çətin əldə edilən yazılı abidələrin dərin tədqiqi və təhlili sayəsində ərəb işğalı ərəfəsində və xilafət dövründə Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı hərtərəfli təhlil olunub, Azərbaycanın orta əsrlər tarixinə dair bir sıra mühüm problemlər ətraflı şəkildə araşdırılaraq öz həllini tapıb. Əsərdə xilafətə qarşı xalq kütlələrinin mübarizəsinə xüsusi yer verilib, Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı geniş şəkildə işıqlandırılıb. Əsər giriş, 5 fəsil, əlavələr və istifadə olunmuş mənbələrin və ədəbiyyatın sıyahısından ibarətdir.

İlk dəfə 1978-ci ildə rus dilində nəşr olunmuş “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” adlı monoqrafiyada səlcuq dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılıb. Kitabda Azərbaycanın o dövrdəki siyasi tarixi məsələləri ilə yanaşı XII əsrin ikinci yarısı – XIII əsrin birinci rübündə Orta Şərqin feodal sülalələrinə mənsub hökmdarların qurduğu dövlətlərin, o cümlədən, Azərbaycan Eldəniz Atabəyləri dövlətinin dövrün siyasi və mədəni həyatında mühüm rol oynadığı göstərilir. Əsərdə həmçinin o dövrdə Qafqazda siyasi şəraiti xarakterizə edən bir çox qiymətli materiallar yer alır. Monoqrafiyada Azərbaycanın və qonşu ölkələrin orta əsr tarixinə dair bir sıra problemlərin həlli, kifayət qədər öyrənilməmiş məsələlərin tədqiqi üçün böyük əhəmiyyət kəsb edən əsaslı elmi nəticələr əldə edilib, bununla da feodalizm dövrü tarixinin başlıca problemlərinin, Şərqdə feodalizmin inkişafının ümumi qanunauyğunluqları və fərdi xüsusiyyətləri kimi mühüm nəzəri məsələlərin həllinə böyük töhfə verilib. Əsər giriş, 8 fəsil, şərhlər və  ədəbiyyatın sıyahısından ibarətdir.