Monoqrafiya Şumer və Azərbaycan ədəbiyyatının, ümumilikdə türk mədəniyyətinin müqayisəli şəkildə tədqiqi üçün yeni faktların üzə çıxarılması baxımından əhəmiyyət daşıyır. Bu cəhətdən aktual mövzuya həsr edilmiş monoqrafiya Şumer-Azərbaycan ədəbi əlaqələri haqqında təsəvvür yaradır, oxşar və fərqli xüsusiyyətləri izləməyə imkan verir. Azərbaycan ədəbiyyatşünaslığında yeni istiqamətin uğurlu addımlarından olan bu əsər Şumer mədəniyyətinin bir çox aspektlərini özündə əks etdirən , dəyərli və mühüm tədqiqat, şumerşünaslığa layiqli töhfədir.
Əsər giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsildə Şumer-akkad ədəbiyyatınınyaranma tarixi və mərhələlərindən bəhs edilir. Bu ədəbiyyatın təsnifatı və janrları ikinci fəsildə təqdim edilir. Burada kosmoqonik və etioloji miflər, allahların və qəhrəmanların hünərləri haqqında dastanlar, himnləri, ağıları, ovsunları əhatə edən lirik mətnlər, eləcə də pedaqoji və didaktik əsərlər ayrı-ayrılıqda nəzərdən keçirilir. Üçüncü fəsildə Şumer-Azərbaycan ədəbi əlaqələri araşdırılır. Bu sırada qəhrəmanlıq eposları arasında oxşarlıq, mifologiyalarda əlaqələr, folklor nümunələrində bənzərliklər, mərasim nəğmələri və mövsümlə bağlı inamlar arasında yaxınlıq, laylalar, ovsunlar və sınamalarda, bundan əlavə atalar sözləri və məsəllərdə, eləcə də saylarla bağlı inamlar arasında oxşarlıqlar nəzərdən keçirilir.