Məruzəçi zamanı qeyd edib ki, müasir dünyada beynəlxalq münasibətlər çərçivəsində cərəyan edən hadisələr bir daha sübut edir ki, din və dəyərlər yalnız inanc və mənəviyyat məsələsi deyil, eyni zamanda ictimai-siyasi hadisələrin tənzimlənməsində, ölkələrarası əlaqələrin qurulmasında müstəsna rol oynayır.
Bununla yanaşı, sekulyar dövlətlərdə dinin və əxlaqi dəyərlərin funksiyası və yeri, həmçinin qloballaşmanın genişləndiyi bir dövrdə dövlət və din arasında münasibətlərin müəyyən edilməsi ən aktual problemlərdən birinə çevrilmişdir.
Digər bir problem isə qloballaşma prosesində dövlətçiliyin və cəmiyyətin inkişafına xidmət edəcək formada milli adət-ənənələrin və dini dəyərlərin mühafizəsi məsələsidir.
Din təhsili və milli dini kadrların hazırlanması isə aktual problemlərdən biri kimi böyük əhəmiyyət kəsb edir. İnsanların dini düşüncəsinin sağlam müstəvidə və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə formalaşdırılması üçün milli kadrlarımızı yetişdirmək zəruridir.
Həmin kadrlar din xadimi və ya mütəxəssis kimi fəaliyyət göstərərkən Azərbaycanın milli dövlətçilik maraqlarını nəzərə almalı, vətənpərvərlik ruhunu rəhbər tutmalı, milli-mənəvi dəyərlərimizin keşiyində durmalı, İslam dininin insanlara olduğu kimi çatdırılmasında aparıcı qüvvəyə çevrilməli, xurafat və dini radikalizmlə barışmaz mübarizə ortaya qoymalıdırlar.