Əsərin səfəvişünaslığa gətirdiyi yenilik şahın həyatını ən erkən iki Səfəvi qaynağına əsasən araşdırmaqdır. Belə ki, sözügedən iki əsər, yəni “Fütuhati-şahi” və “Həbibüs-siyər” Azərbaycan səfəvişünaslığında müstəqil və geniş şəkildə tədqiqata cəlb edilməmişdi. Habelə Şah İsmayılın həyatını adıkeçən iki əsərə əsasən araşdırmağın bir özəlliyi də onları yazan münşilərin daha obyektiv mövqeləridir. Belə ki, sözügedən iki əsərin müəllifləri Qiyasəddin Xandəmir və İbrahim Əmini Hərəvi Səfəvi sarayına gəlmədən öncə Teymuri dövləti sarayında müxtəlif vəzifələri daşıyıblar. Demək olar ki, onların dini, siyasi və məzhəbi düşüncələri Səfəvi sarayında deyil, Teymuri dövləti sarayında formalaşıb.
Monoqrafiya giriş, 8 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. 1-ci fəsildə “Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərlərinin elmi dəyəri göstərilir. 2-ci fəsildə Səfəvilərin soy kökündən bəhs edilir. 3-cü fəsildə Şah İsmayılın təriqətdən hakimiyyətə gedən yoluna nəzər salınır. 4-cü və 5-ci fəsildə Şah İsmayılın fəth etdiyi ərazilərdən, 6-cı fəsildə Osmanlı dövləti ilə münasibətlərindən, 7-ci fəsildə Çaldıran döyüşündən sonrakı vəziyyətdən, sonuncu fəsildə isə erkən Səfəvi dövründə dindən bəhs edilir.