Müxtəlif ölkələrdən alimlərin iştirak etdiyi paneldə məruzə zamanı E.Mustafayev Azərbaycan ərazisində mövcud olan yazılı abidələrin xüsusiyyətləri, kitabələrə həkk olunmuş mətnlərin dili, məzmunu və linqvistik üslubları haqqında ətraflı məlumatları qeyd edib, işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən erməni vandalizmi nəticəsində maddi-mədəni irsimizə dəymiş zərərlər haqqında informasiyaları diqqətə çatdırıb.
Məruzəçi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə aid bir sıra əhəmiyyət kəsb edən yazılı abidələr haqqında söhbət açıb, müxtəlif çətin xətlərlə kitabələrə həkk olunmuş yazıların oxunuşu, tərcüməsi və şərhlərini də əlavə olaraq vurğulayıb.