Print this page

“AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞI” JURNALININ NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

14 Fevral 2018

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalın bu sayında ilk olaraq ərəb məhcər ədibi, anadan olmasının 140 illiyi qeyd edilən Əmin ər-Reyhaniyə həsr olunmuş yazılar dərc edilib.

 

Jurnalın “Ədəbiyyat” bölməsi Cənubi Azərbaycan ədəbiyyatına həsr olunub. Burada Azərbaycan Demokrat Firqəsinin və Azərbaycan Milli Hökumətinin sədri olmuş görkəmli ictimai-siyasi xadim Seyid Cəfər Pişəvərinin və şair, nasir, publisist Mərziyə Əhmədi Üskuinin bədii yaradıcılığına həsr olunmuş məqalələr təqdim edilib.

“Tarix” bölməsində Hindistan azadlıq hərəkatında Məhəmməd Əli Cinnah və Mahatma Qandinin rolundan bəhs edən məqaləylə tanış olmaq olar.

“Din və ictimai fikir tarixi” bölməsində günümüzün aktual məsələlərinə - Azərbaycan Respublikasında İslam həmrəyliyinin ideoloji-siyasi əsaslarına və Azərbaycanda Şərq və Qərb mədəniyyətlərinin sintezi probleminə həsr olunmuş yazılar oxucuların diqqətinə çatdırılır.

Jurnalda həmçinin İranın nüvə proqramına və Çinlə İran arasında hərbi–texniki əməkdaşlığa dair yazı, görkəmli ictimai xadim, əslən Krım tatarı olan pedaqoq, naşir və siyasətçi İsmayıl bəy Qaspıralıya həsr olunmuş məqalə, eləcə də tanınmış türk şairi Ahmet Hamdi Tanpınarın şeirlərinin tərcüməsi verilib.

85 illik yubileyi qeyd edilən tanınmış şərqçünas alim Əkrəm Rəhimliyə həsr olunmuş məqalə, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatla da jurnalın bu sayında tanış olmaq mümkündür.

Jurnaldan həmçinin Şərqşünaslıq İnstitutunda nəşr olunan yeni kitablar və keçirilən tədbirlər barədə məlumat almaq olar.