Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin M.Ə.Rəsulzadənin fəaliyyətini xüsusi araşdırdığını deyən akademik, onun hazırkı seminarda M.Ə.Rəsulzadənin millət, milli birlik və milli dövlət anlayışı barədə məruzə edəcəyini bildirib.
Sonra professor S.Rüstəmova-Tohidi məruzə edib. M.Ə.Rəsulzadənin hələ gənc yaşlarından inqilabi fəaliyyətə sosial demokrat kimi başlamasını söyləyən S.Rüstəmova-Tohidi onun hələ gənc yaşlarından milli məsələləri qaldırdığını, “Şərqi rus” qəzetində 1903-cü ildə məqaləsində Azərbaycan gənclərinin rus dilində danışmalarından narahatlığını bildirib.
Alim M.Ə.Rəsulzadənin 1908-ci ildə Məşrutə inqilabını araşdırmaq üçün İrana getdiyini, Səttarxanla, Seyid Həsən Tağızadə ilə görüşlərini qeyd edib və bütün bunların onun siyasi nəzərlərində böyük dəyişiklik yaratdığını, Cənubi azərbaycanlılarının hüquqları, dil problemləri ilə bağlı narahatlıqlarını və İrana demokratiya düşüncəsini birinci gətirənlərdən biri olduğunu nəzərə çatdırıb.
Məruzəçi M.Ə.Rəsulzadənin siyasi nəzərlərində növbəti dəyişikliklərin İstanbula getməsindən sonra baş verdiyinə diqqəti çəkib və onun türk xalqlarının azadlığı ilə bağlı baxışlarından bəhs edib.
M.Ə.Rəsulzadənin Azərbaycana qayıtdıqdan sonra 1913-17-ci illərdə ideoloq kimi yetişdiyini deyən S.Rüstəmova-Tohidi nəticədə siyasi xadim, siyasi lider kimi ön sıraya çıxdığını qeyd edərək, onun azərbaycançılıq ideologiyasından, millətin tərifini verməsindən, Moskvada Ümumrusiya müsəlman xalqlarının qurultayında türk xalqları məsələsini ortaya qoymasından, eləcə də parlamentdə aparıcı fraksiyanın başçısı kimi fəaliyyətindən bəhs edib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb və seminar iştirakçılarının sualları cavablandırılıb.