Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA 20 YANVAR FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

10 Yanvar 2018

Yanvarın 10-da AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd etdi: “28 il öncə baş vermiş hadisələri bir yandan bir faciə kimi xatırlayırıqsa, digər yandan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir.

Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar. Həmin gün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olundu. Əslində bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. Bu hadisələrdə xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər”

Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən G.Baxşəliyeva, qeyd etdi ki, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərdi.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoriu Səməd Bayramzadə “20 Yanvar – azadlıq səngəri” mövzusunda məruzə etdi. 20 Yanvar faciəsinin Azərbaycan tarixində qanla yazılmaqla yanaşı, xalqımızın azadlıq mübarizəsində şərəfli bir səhifə olduğunu deyən məruzəçi faciə günündən öncə baş vermiş hadisələri təhlil edərək, bu barədə ətraflı danışdı. S.Bayramzadə Bakıda fövqəladə vəziyyət elan olunması, SSRİ silahlı qüvvələri tərəfindən həyata keçirilən “Tayfun” əməliyyatı barədə məlumat verdi. Həmin günlərdə sovet ordusuna qarşı əliyalın çıxanların rəşadətindən danışan S.Bayramzadə, bu tarixin xalqımızn yaddaşına əbədi həkk olunduğunu qeyd etdi. O, yanvarın 21-də Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək doğma xalqı ilə bir yerdə olmasını və faciəyə siyasi qiymət verdiyini xatırlatdı.  

Daha sonra məruzə ətrafında fikir mübadiləsi aparıldı. İnstitutun əməkdaşlarından siyasət elmləri üzrə elmlər doktoru Ramiz Sevdimalıyev, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəb Rəhimli, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov və başqaları çıxış edərək bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söylədilər.