“Nizamişünaslıq problemləri və orta əsrlər Azərbaycan ədəbiyyatı” adlı birinci fəsildə Şərq ədəbiyyatında Nizami ənənələrinə, dahi şairimizin “Xəmsə”sinin farsdilli hind ədəbiyyatına təsirinə, “Yeddi gözəl” poemasındakı Bəhram obrazına, “Xosrov və Şirin”də bədii zamana, eləcə də Cəmaliyə, Əbdürrəhman Camiyə, Əşrəf Marağaiyə, Məhəmməd Füzuliyə, Saib Təbriziyə, Bədr Şirvaniyə həsr olunmuş məqalələr yer alır.
“Orta əsrlər farsdilli ədəbiyyatı və mənbəşünaslıq məsələləri” adlı ikinci fəsildə Azərbaycan şairlərinin əsərlərinin Böyük Britaniyada saxlanılan əlyazmalarından, Cəmali “Xəmsə”sinin unikal əlyazmasından, Əhməd Dehdar, Kəlim Kaşani, Ürfi Şirazi, Əbül-Feyz Feyzi əsələrindən bəhs edən məqalələr təqdim edilir.
“Farsdilli sufi ədəbiyyatı” adlı üçüncü fəsildəki məqalələrdə Baba Kuhidən, Məhmməd bin Münəvvərin “Əsrar ət-Tohid”indən, Nəcməddin Razinin “Mirsad əl-ibad”ından və sufi ədəbiyyatının digər nümunələrindən bəhs edilir.
“İran ədəbiyyatı müasir mərhələdə” adlı dördüncü fəsildə 1980-1990-cı illər İran hekayələri, 1990-cı illər farsdilli poeziya, 1970-ci illər fars nəsri, 1970-ci illərin əvvəllərində Şəhriyar poeziyası və s. barədə məqalələrlə tanış olmaq olar.