Print this page

GÖVHƏR BAXŞƏLİYEVA TEHRANDA İƏT Pİ İCRAİYYƏ KOMİTƏSİNİN 38-Cİ İCLASINDA İŞTİRAK EDİB

12 Oktyabr 2017
Milli Məclisin deputatı, Azərbaycan parlamentinin İslam Əməkdaşlığı  Təşkilatının Parlament İttifaqında
(İƏT Pİ) nümayəndə heyətinin rəhbəri, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru,
akademik Gövhər Baxşəliyeva oktyabrın 7-8-də İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən İƏT Pİ
İcraiyyə Komitəsinin 38-ci iclasında iştirak edib.
Tədbirdə ilk olaraq büro üzvləri seçilib, katibliyin hesabatı dinlənilib, İƏT Pİ-nin qəbul etdiyi qətnamələrin yerinə
yetirilməsi ilə bağlı atılacaq addımlar müzakirə edilib. Daha sonra 4 ixtisaslaşmış komitənin yığıncaqlarının
gündəlik layihələri tərtib edilib, yardımçı orqanların növbəti yığıncaqlarının gündəlikləri qəbul edilib.

Tədbirdə İƏT Pİ İcraiyyə Komitəsinin 38-ci iclasının Hesabatı və Bəyannaməsi hazırlanaraq qəbul edilib.
İƏT Parlament İttifaqı İcraiyyə Komitəsinin 38-ci iclasında qəbul olunmuş Bəyannamədə Fələstin milli
birliyinə nail olma üçün göstərilən bütün səylər və atılan bütün addımlar alqışlanır, İsrail səlahiyyətlilərinin
Fələstin xalqına qarşı apardıqları siyasət qınanılır, Fələstin dövlətinin İNTERPOL təşkilatına üzv olması
alqışlanır, terrorizmin bütün formaları qınanılır, terrorizmlə mübarizənin aparılması və onun aradan qaldırılması,
həmçinin onun kökündə duran səbəblərin aradan qaldırılması üçün dünyanın bütün ölkələri konstruktiv
əməkdaşlığın qəbul olunmasına çağırılır, Myanmada Rohinca müsəlmanlarına qarşı baş verən faciədən
narahatlıq bildirilir, Myanma səlahiyyətliləri ilə buddist ekstremistləri Rohinca müsəlmanlarına qarşı
apardıqları hərbi əməliyyatları dayandırmağa çağırılır, bütün müsəlman ölkələri səylərini beynəlxalq cəmiyyətlə
və Rohincalılara onların qanuni siyasi və mülki hüquqlarını təmin edən siyasi həlli tapmaq üçün Myanma
hökümətinə təzyiq göstərmək məqsədilə təsir edə biləcək dövlətlərlə uyğunlaşdırmağa çağırılır. Bəyannamədə
həmçinin qeyri-müsəlman ölkələrində müsəlman azlıqlarının öz təməl hüquqlarının istifadəsi, onların siyasi,
iqtisadi və mülki hüquqları ilə bərabər öz dini mərasimlərinə sahib olduğundan əmin olmaq üçün göstərilən
dəstəyin artırılmasına dəvət olunur, öz yurdunu və regionunu tərk etməyə məcbur edilən, həmçinin işğal altında
yaşayan, sıxışdırılan müsəlmanların, milyonlarla qaçqının çəkdiyi əziyyətlərə dair narahatlıq bildirilir,
müsəlmanların inanclarının müdafiəsində, islamofobiya və əsl dinin və onun simvollarının alçaldılmasına qarşı
mübarizədə İƏT Pİ-nin rolunun vacibliyi qeyd edilir.
Gövhər Baxşəliyeva Tehrana Ermənistanın işğalçı siyasətinə qarşı İƏT Pİ-nin tədbirlərinin həyata keçirilməsi
istiqamətində fəaliyyətini davam etdirərək, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Qarabağda,
xüsusən də Xocalıda erməni silahlı birləşmələrinin törətdikləri vəhşiliklər haqqında ərəb dilində ətraflı məlumatı
əhatə edən mətni təşkilatın aylıq bülletenində çap olunmaq üçün İƏT Pİ-nin Baş katibi Mahmud Erol Kılıca
təqdim edib.
G.Baxşəliyeva Tehran səfəri çərçivəsində Azərbaycanın İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynovla
görüşüb. Görüşdə fikir mübadiləsi aparılıb, B.Hüseynov səfirlik tərəfindən mədəni sahədə görülən işlər, keçirilən
tədbirlər, dərc edilən dərgi haqqında məlumat verib.
Qeyd edək ki, İƏT Pİ-nin növbəti sessiyası 10-15 yanvar 2018-ci il tarixlərində Tehranda keçiriləcək. Sessiyada
təşkilata yeni rəhbər heyət seçiləcək.
Həmin tarixlərdə Tehranda Müsəlman qadınlarının VII konfransı da keçiriləcək. Akademik Gövhər Baxşəliyeva
konfransa məruzəçi təyin edilib. O, tədbirdə Müasir Şərq qadınının problemləri və qarşıda duran vəzifələr barədə
məruzə edəcək.