Print this page

Müstəqil Azərbaycan gəncləri kontekstində Azərbaycan elminə dövlət dəstəyi

24 May 2023

Tarix boyu hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini və milli strategiyasını, ilk növbədə gənc nəsillər üzərində qurur. Gənc nəslin sağlam şəkildə yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətdəki islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın təşəkkülündə fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. 

Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin əsasını təşkil edir. Məşhur Yunan filosofu Aristotelin dediyi kimi: “Gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin əsaslarını məhv edər.”

         Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması şərəfinə qarşıdakı ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi əlamətdar bir hadisədir. Qeyd etmək lazımdır ki, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi isə bu dahi şəxsiyyətin fəaliyyətinin ay­rı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli şəkildə tədqiqinə geniş imkanlar yaradacaqdır. Azərbaycan Respublikasının bugünkü tərəqqisində, ən əsası, qalib ölkə kimi beynəlxalq aləmdə tanınma­sında ümummilli liderin, eyni zamanda onun layiqli davamçısı cənab İlham Əliyevin rolu danılmazdır.

         2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında dövlət başçı­sının sərəncamında da vurğulandığı kimi Heydər Əliyev Azərbaycan Respublikasının suverenliyini, müstəqilliyini və beynəlxalq aləmdə nüfuzunu gücləndirmiş böyük şəxsiyyətdir: “Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.”

Ümummilli lider Heydər Əliyevin zəngin irsinin və peşə fəaliyyətinin əsas tərkib hissələrindən biri də məhz elm, təhsil və gənclər siyasəti olmuşdur. Qeyd etmək lazımdır ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyulub. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss ediblər.

1996-cı il 2 fevral tarixində məhz ümummilli lider Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb. Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar.

Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Min illər öncə bu torpaqlarda yaranmış zərdüştilikdə Xeyirlə Şərin əbədi mübarizəsi və Xeyirin Şər üzərində qələbəsi ideyası bütün dünya xalqlarının fəlsəfi fikrinə dərin təsir edib. Bəli, Azərbaycan gənci daima döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Azərbaycan gənci böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurmuşdur. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.

         Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev Respublikamıza rəhbərliyə gəldiyi ilk günlərdən elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirmiş, ona daim qayğı göstərmiş, elmin sürətli inkişafı üçün mühüm qərarlar vermişdir. Onun diqqət və qayğısı nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərinin sayı artır, Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənir, elmi-tədqiqat institutları üçün yeni korpuslar tikilir, xüsusi təyinatlı layihə-konstruktor büroları yaradılırdı, Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılmasına səy göstərilir, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlir, elmin tətbiq sahələri genişlənir, elm adamlarına yaradıcılıq şəraiti yaradılır, görkəmli alimlərin fəaliyyətləri təqdir olunur, onlar mükafatlandırılırdı. Azərbaycan dili, ədəbiyyatı və tarixi üzrə aparılan tədqiqatların genişləndirilməsinə xüsusi fikir verilirdi. Bir faktı qeyd etmək lazımdır ki, 1978-ci ildə elmi-tədqiqat, layihə və sahə institutlarının sayı 118-ə, elmi işçilərin sayı 21407 nəfərə, akademik və müxbir üzvlər 100 nəfərə, elmlər doktorları 853, elmlər namizədlərinin sayı 7594 nəfərə çatmışdı.

         Ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq onları novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir. Üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir.

         “Bu gün Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” uğurla icra olunur. Bizim gənclik azad düşünür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Bütövlükdə, ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Dövlətimiz qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Bunda məqsəd yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksəkixtisaslı kadrlarla təmin etməkdir. Yeni nəslin inkişafının əsas vasitəsi gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən uğurla həyata keçirilir”

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimi qeyd edə bilərəm ki, Şərqşünaslıq İnstitutunun ölkəmizdə yüksək ixtisaslı elmi, pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında xüsusi payı var. Şərqşünaslıq İnstitutu ötən onilliklərdə böyük inkişaf yolu keçməklə öz ənənələri olan elm müəssisəsi kimi tanınmışdır. Şərqşünaslığın müxtəlif istiqamətləri elmi tədqiqi metodikası məhz bu elm ocağında təşəkkül tapmış, inkişaf edərək indiki yüksək səviyyəyə çatmışdır. Çoxillik fəaliyyəti dövründə Şərqşünaslıq İnstitutu yalnız respublikamız üçün deyil, qonşu  Gürcüstan, İran, Körfəz Ərəb ölkələri, Mərkəzi Asiya respublikaları və digər ölkələr üçün də yüksəkixtisaslı müəllim və elmi kadr hazırlığı prosesini uğurla həyata keçirmişdir. İnstitut və elmi-pedaqoji fəaliyyəti dövründə müxtəlif çətinliklərə də məruz qalmış, zamanın bütün sınaqlarından şərəflə çıxaraq Azərbaycanda milli mədəniyyətin, elmin inkişafında xüsusi xidmətləri olan kadrlar yetişdirməklə, millətin mənəvi potensialının formalaşmasında önəmli rolunu qoruyub saxlamışdır.

Bu gün İnstitutumuzda AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə Azərbaycan Respublikasının elm siyasətinin sistemli şəkildə həyata keçirilməsində, səmərəli, aktual və ölkəmiz üçün əhəmiyyət kəsb edən elmi tədqiqatların aparılmasında, eyni zamanda gənc elmi kadrların hazırlanmasında böyük işlər görülür. Gənclərə öz dəstəyini əsirgəməyən Şərqşünaslıq İnstitutunun icracı direktoru fil.ü.f.d., dos. Rühəngiz Cümşüdlünün, İnstitutun elmi katibi fil.ü.f.d., dos. Səbinə Səlimovanın, təhsil şöbəsinin müdiri fil.ü.f.d., dos. Lalə Bayramovanın, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri fil.ü.f.d. Vüqar Məmmədovun  adlarını qeyd etmək istərdim. Rəhbərlik tərəfindən institutun gənc əməkdaşlarının püxtələşməsi, təcrübə toplaması və inkişafı üçün böyük imkanlar yaradılmışdır. Bu gün institutda fəaliyyət göstərən gənc əməkdaşlara xüsusi qayğı ilə yanaşılır, stimul yaratmaq və həvəsləndirmək üçün əlamətdar günlərdə seçilən gənc tədqiqatçılara mükafatlar təqdim edilir.

Xüsusilə qeyd etmək istərdim ki, 44 günlük “Vətən Müharibəsi”ndə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Şərqşünaslıq İnstitutunun rəhbərliyi və əməkdaşları fəal iştirak etmiş, vətənimizin haqlı mövqeyini əks etdirən bir çox elmi və publisistik məqalələr ərəb, fars, türk, ingilis və rus dillərinə tərcümə edilərək beynəlxalq kütləvi informasiya vasitələrində dərc edilmişdir. “Vətən Müharibəsi” dövründə institutun əməkdaşı kimi “BBC-Arabic”, “Əl-Arabiyyə”, “Əl-Hurra”, “Əl-Məyadin” və s. ərəbdilli nəhəng media orqanlarına altmışdan çox müsahibələr vermiş, Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin maraqlarını təmin edən zəruri məlumatları geniş izləyici kütləsinə çatdırmışam. Bu işdə institutumuzun digər əməkdaşları Sübhan Talıblı və Samid Bağırov da fəal iştirak etmişlər.

 Qeyd edək ki, bu istiqamətdə Rəyasət Heyəti tərəfindən bir sıra qərarlar qəbul olunub, sərəncamlar imzalanıb, onların həvəsləndirilməsi üçün müsabiqələr keçirilir. AMEA-nın prezidenti akademik İsa Həbibəylinin gələcəyə hesablanmış gənclərlə bağlı tapşırıqları, qəbul etdiyi mühüm qərarlar və mütəmadi görüşləri gənclərdə böyük həvəs və ruhiyyə yaratmışdır. Bu işdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin fəaliyyəti də təqdirəlayiqdir. Həyata keçirilən bu islahatlar gənc alimlərin AMEA-nın elmi-ictimai fəaliyyətində aktiv iştirak etməsinə və mühüm elmi nəticələr göstərməsinə səbəb olmuşdur.

Sonda qeyd etmək istərdim ki, həyatımızın sürətlə dəyişməsi, inkişaf etməsi qarşımıza yeni tələblər və çağırışlar qoyur. Biz qarşımızda dayanan bütün vəzifələrin uğurlu həllinə məsuliyyət hissimizi dərindən dərk etməklə bərabər, möhkəm nizam-intizam, o cümlədən yüksək peşəkarlığımız sayəsində nail ola bilərik. Yüksək səviyyəli elmi kadrların hazırlanması, cəmiyyətdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsi, onların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin yaxşılaşdırılması və bütövlükdə ölkəmizdə insan kapitalının formalaşması üçün əzmlə çalışmalıyıq. Yalnız bu halda strateji hədəflərimizə, ali məqsədlərimizə çata bilərik. Bir filosofun dediyi kimi, elm insanları mənəviyyatlı etmək sənətidir. Bu məsuliyyətli, şərəfli və müqəddəs fəaliyyətimizdə kollektivimizə uğurlar arzulayıram.

Elnur Mustafayev

 

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d.