Tədbiri giriş sözü ilə açan AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva İnstitutun qocaman alimi, Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi Əkrəm Rəhimlinin Şərqşünaslıq elmimizdə mühüm yeri, Türkiyə iqtisadiyyatı və Cənubi Azərbaycan tarixi üzrə dəyərli araşdırmaları olan bir tədqiqatçı olduğunu söylədi. G.Baxşəliyeva Ə.Rəhimlinin yüksək intellekt sahibi, təcrübəli tədqiqatçı, prinsipial mövqeyi, dərin məntiqi və özünəməxsus dəst-xətti ilə tanınan alim olduğunu vurğuladı, onun tutduğu yolun xalqa sədaqətlə xidmət etmək, gənc nəslə elmin sirlərini öyrətmək, özündən sonra tarixin səhifəsinə çevriləcək qiymətli əsərlər yazmaq, mənəvi dəyərləri maddiyyatdan üstün tutmaq yolu olduğunu bildirdi.
Sonra Ə.Rəhimliyə həsr edilmiş filmin nümayişi oldu.
Sessiyada Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Əkrəm Rəhimlinin həyatı və elmi fəaliyyətinə həsr olunmuş məruzə etdi. O, Əkrəm Rəhimlinin Qazaxdan başlayan, 40-cı illərdə İranın Mərənd şəhərində keçən, daha sonar yenidən Qazaxda və Bakıda davam edən keşməkeşli həyat yolundan, 1960-cı ildən etibarən Şərqşünaslıq İnstitutundakı fəaliyyətindən ətraflı danışdı, onun Türkiyə, İran, eləcə də Cənubi Azərbaycanın sosial-siyasi və iqtisadi-mədəni durumuna aid yüzdən çox publisistik və elmi məqalənin, bir sıra kitabların müəllifi və tərtibatçısı olduğunu vurğuladı. S.Bayramzadə “Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946)” adlı kitabın Ə.Rəhimlinin elmi yaradıcılığının zirvəsi olduğunu, həmçinin elmimizə “21 Azər” hərəkatına, Seyid Cəfər Pişəvəriyə həsr olunmuş və s. dəyərli əsərlərin müəllifi olduğunu qeyd etdi.
Sonra çıxışlar başladı. AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi İslam Qəribli, Şərqşünaslıq İnstitutunun şöbə müdiri Dünyamalı Vəliyev, Tarix İnstitutunun şöbə müdiri Şahin Fərzəliyev, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Esmira Şükürova, İranlı Mühacirlər Cəmiyyətinin sədri Rəhim Hüseynzadə, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sübhan Talıblı və şair Tarıyel Ümid çıxış edərək, fədakar və zəhmətkeş alim olan Əkrəm Rəhimlinin elmi yaradıcılığını yüksək dəyərləndirdilər, yubilyara möhkəm cansağlığı və bol yaradıcılıq uğurları arzuladılar. Çıxışçılardan Şahin Fazil və Tarıyel Ümid Əkrəm Rəhimliyə həsr etdikləri şeirlərini də səsləndirdilər.
Sonda Əkrəm Rəhimli çıxış edərək, onun elmi fəaliyyətinə dəyər verən hər kəsə öz təşəkkürünü bildirdi.