1966-cı ildən başlayaraq Azərbaycan EA Şərqşünaslıq İnstitutunda Şərq xalqarı ədəbiyyatı şöbəsi tərkibində ayrıca qrup, sonra isə müstəqil fəaliyyət gostərən Türk filologiyası şöbəsi türkologiya elmimizin inkişafında mühüm rol oynamışdır. Şöbənin ilk müdiri Azərbaycan EA-nın akademiki, Azərbaycan və Özbəkistan Respublikalarının əməkdar elm xadimi, Türk Dil Qurumunun, İraq EA, İsalm sivilizasiyasını öyrənən İordaniya Kral cəmiyyətinin fəxri üzvü Həmid Araslı olmuşdur.
Hələ yetmişinci illərdə akademik H.Araslının türk şairləri Gülşəhri və Tofiq Fikrət yaradıcılığı haqqında "Tofiq Fikrət və Azərbaycan ədəbiyyatı", "Nizami Gəncəvinin ilk mütərcimi", "Gülşəhri və Gəncəli Nizami","Tofiq Fikrətin Azərbaycana təsiri" adlı maraqlı elmi məqalələri çap olunmuşdur.
Ümumtürk mədəniyyətinin inkişafında müstəsna əhəmiyyəti olan qədim yazılı abidələr və türkdilli şairlərin yaradıcılıqlarının tədqiqinə xüsusi diqqət yetirən akad. H.Araslı bu sahədə geniş araşdırmalar aparmışdır. Alim Nizami, Nəsimi, Xətayi, Füzuli, Nəvai və b. şairlərin ədəbi irsini həm yeni qaynaqlara əsaslanaraq əlavə izahatlarla tərtib edib oxuculara çatdırmış, həm də bu sənətkarların yaradıcılıqlarını tədqiq yolu ilə Şərq şerinə təsirini aydınlaşdıraraq onların Şərq ədəbiyyatı, o sıradan türk xalqları ədəbiyyatlarındakı əvəzsiz yerini müəyyənləşdirmək baxımından əhəmiyyətli işlər görmüşdür. Bu baxımdan Nizami, Nəsimi, Nəvai, Füzuli kimi dünyaşöhrətli şairlərin yubileyləri münasibətilə keçirilən elmi sessiyalarda akad. H.Araslının rəhbərliyi ilə şöbənin fəal iştirakını xüsusi qeyd etmək lazım gəlir. Akad. H.Araslının bu istiqamətdə apardığı tədqiqatların nəticəsi olaraq çap olunan "Sabirin həyatı", "İmadəddin Nəsimi", "Xaqani Şirvani" kimi əsərləri və otuza yaxın məqaləsi elm aləmi üçün çox böyük əhəmiyyət kəsb edir.
Bunlardan başqa alim "Türk filologiyası" şöbəsinə rəhbərlik etdiyi dövrdə "Kitabi Dədə Qorqud", "M.P.Vaqifin əsərləri", "Əlişir Nəvai", "Xətai əsərləri", "Azərbaycan dastanları" və s. əsərlərin tərtibçisi olmuşdur.
Akad. H.Araslı ədəbiyyatımızın qədimliyini danan, şairlərimizin yaradıcılığını təhrif edən qərəzli mülahizələrə "Firuz Məhsuriyə açıq məktub", "Orxan Şaiqə açıq məktub" kimi yazıları ilə vaxtında və kəsərli cavab vermişdır. O, "Füzuli ərəb ədəbiyyatında", "Yaxın-uzaq Türkiyə" adlı mülahizə və rəylərin də müəllifidir.
Azərbaycan-türk ədəbiyyatının dünya miqyasında öyrənilməsi problemi həmişə şöbənin müdiri akad. H.Araslının diqqət mərkəzində olmuşdur. Alimin bilavasitə rəhbərliyi və elmi məsləhəti ilə türk ədəbiyyatının müxtəlif işlənmiş problemləri haqqında maraqlı araşdırmalar aparılmışdır. Əruzşünas alim Əkrəm Cəfər dissertasiya müdafiə edərək filologiya elmləri doktoru olmuşdur.
Filologiya elmləri doktoru Əkrəm Cəfərin "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu (ərəb, fars, tacik, türk, və özbək əruzlarilə müqayisədə)" adlı doktorluq dissertasiyası Şərq ədəbiyyatının nəzəri məsələlərinin tədqiqinə həsr olunmuş fundamental bir əsər idi. Əruz vəznini bütün mürəkkəbliyinə və incəliklərinə qədər araşdıran bu dissertasiya kitab halında çap olunmuşdur.
Akad. H.Araslının müdir olduğu dövrdə şöbənin doqquz əməkdaşı namizədlik dissertasiyaları müdafiə edərək filologiya elmləri namizədi elmi adını almışlar ki, bunlardan altı nəfərinin (A.Abıyev, X.Quliyeva-Qafqazlının, S.Qasımlının və b.) elmi rəhbəri bilavasitə H.Araslı özü olmuşdur.
Ümumiyyətlə, şöbədə aparılan tədqiqatlarda türk ədəbiyyatı tarixinin bir çox dövrləri və sahələrinə aid araşdırmalar aparılmış, görülən işlərin ədəbi, elmi təhlili verilmişdir. Ədəbi və nəzəri tədqiqin müxtəlif formalarından istifadə edərək aparılan araşdırmalarda Türkiyənin folkloru, klassik ədəbiyyatı və əsasən XİX-XX əsr mütərəqqi ideyalı şairlərinin, yazıçılarının həyatı, yaradıcılığı, sənətkarlıq xüsusiyyətləri, ədəbi aləmdə gedən inkişaf prosesləri, ədəbi-tənqidi jurnalların ədəbiyyatın tərəqqisinə göstərdiyi təsir, ədəbiyyatlarımız arasındakı əlaqələrin öyrənilməsi və s. şöbə əməkdaşlarının əsas tədqiqat obyekti olmuşdur. Namizədlik dissertasiyalarının mövzularının çoxunun XİX əsrdən sonrakı dövrü əhatə etməsi, bu əsrdən başlayaraq türk ədəbiyyatında, xüsusilə türk nəsrində baş verən yenilikləri, ictimai siyasi, ədəbi prosesdəki inkişafı tədqiq etmək, aydınlaşdırmaq zərurətindən irəli gəlirdi.
Şöbədə aparılan tədqiqat işləri Türkiyənin özündə də böyük maraq döğuran, nəzəri cəhətdən araşdırmaya ehtiyacı olan mövzulara həsr olunmuşdur. Əhməd Əhmədovun Rəşad Nuri Güntəkinin romanlarının təhlilinə, Gövhər Quliyevanın İİ Dünya müharibəsindən sonra türk nəsrində kəndli məsələsinə, Vasif Nəsiboğlunun Orxan Xəncərlioğlunun yaradıcılığına, Aydın Abıyevin Ömər Seyfəddinin həyat və yaradıcılığına, Allahşükür Qurbanovun Əbdülhaq Hamidin dramaturgiyasına, Mirzəcan Gülmalıyevin "Sərvəti-fünun" jurnalına, Xalidə Quliyeva-Qafqazlının Qaracaoğlanın yaradıcılığına, Məhəmməd Hatəminin sehrli türk nağıllarına, Barat Osmanovanın Məlih Cövdət Anday yaradıcılığına, Sədaqət Qasımlının Haldun Tanerin bədii nəsrinə, Əhməd Nəhmədovun türk xalq teatrlarının tədqiqinə, Zahid Haşımovun hecaçı şairlərin yaradıcılığına həsr etdikləri namizədlik dissertasiya işləri istər Azərbaycanda, istərsə də Türkiyədə öz aktuallığı ilə seçilən mövzularda yazılmışdır.
Hal-hazırda şöbədə filologiya elmləri namizədi Xalidə Quliyeva - Qafqazlının rəhbərliyi ilə türk ədəbiyyatı və dili sahəsində tədqiqatlar davam etməkdədir.
Ondan çox kitabın müəllifi olan filologiya elmləri doktoru A.Abıyev şöbədə çalışdığı illərdə Türkiyə ədəbiyyatının müxtəlif problemləri və Azərbaycan -Türkiyə ədəbi əlaqələri məsələləri ilə mütəmadi məşğul olmuşdur. O, ən çox "Türkiyə teatrı və dramaturgiyası tarixi məsələləri", "Milli hekayə və novellanın banisi Ömər Seyfəddinin həyat yolu və yaradıcılığı", "Türkiyə ədəbiyyatında satirik janrların inkişafı və Azərbaycan ədəbiyyatı ilə əlaqələri", "Oğuz Kağan dastanı", "Füzuli və Türkiyə poeziyası", "İbrahim Şinasinin yaradıcılıq yolu" və s. mövzularda elmi əsərlər yazmışdır.
Filologiya elmləri doktoru Nüşabə Araslı şöbədə çalışdığı qısa müddətdə "Türk divan ədəbiyyatında epik şer" adlı monoqrafiya üzərində işləyir.
F.e.n. Xalidə Quliyeva - Qafqazlı türk aşıq ədəbiyyatı üzərində tədqiqat aparır. Türk aşıq ədəbiyyatının "qızıl dövrü" hesab olunan XVİİ əsrin görkəmli aşıqlarından Qaracaoğlan yaradıcılığına həsr etdiyi namizədlik dissertasiya işi monoqrafiya halında çapdan çıxmışdır. O, Türkiyənin Ankara, Əskişəhər, Adana və s. şəhərlərində keçirilən beynəlxalq konfrans, simpozium və seminarlarda məruzə ilə iştirak etmişdir. Məruzələrin hamısı Türkiyədə çap olunmuşdur. X.Quliyeva Qafqazlı hal-hazırda "Dədə Qorqud türk ədəbiyyatşünaslığında" adlı kitab və "Türk əşıq ədəbiyyatının inkişaf tarixi adlı doktorluq dissertasiyası üzərində işləyir.
Şöbədə aparılan elmi tədqiqatlar arasında ədəbi əlaqələrlə bağlı mövzular da mühüm yer tutur. Məhz bu mövzuda S.Qasımlı ilə B.Osmanovanın birgə hazırladıqları "XX əsrin 20-ci illərində Azərbaycan mətbuatında Türkiyə ədəbiyyatının tədqiqinə aid materiallar" adlı kitab nəsr olunmuş müasir türk ədəbiyyatına, ədəbi əlaqələrə həsr olunmuş bir çox məqalənin müəllifi olan Qədir İsmayılovun tərtib etdiyi "Günəşi içənlərin türküsü" kitabına Nazım Hikmətin şerləri, məqalələri, Azərbaycanda onun haqqında yazılan şerlər, poemalar, məqalələr toplanmışdır.
Şöbə əmədaşlarından B.Osmanova, S.Qasımlı, E.Xəlilova 1998-2004-cü illər ərzində Əbül-Xüyr Ruminin XV əsrdə yazıya alınmış "Saltuknamə" dastanını tərcüməsi ilə məşğul olmuşlar. hal-hazırda əsər çapa hazırlanır.
Çeşidli mövzular üzərində elmi tədqiqatlar aparılan şöbədə hazırda B.Osmanova və E.Xəlilova "1900-1920-ci illərdə Azərbaycan dövrü mətbuatında türkologiya problemləri", S.Qasımlı isə "Türkiyənin realist hekayəçiləri" mövzusu üzərində elmi araşdırmalarını davam etdirirlər.
Filologiya elmləri namizədi, şöbənin aparıcı elmi işçisi "Bakıya gedirəm... Nazim Hikmət və Azərbaycan" adlı kitabın müəllifi Rəşid Quliyev hazırda "Nazim Hikmət və Şərq" mövzusunda monoqrafiya üzərində işləyir. Orta əsr türk mədəniyyət tarixi, bektaşilik mövzuları üzərində tədqiqat aparan f.e.n. Cabbar Cəlil Bəydilli "Orta əsr türk mədəniyyət tarixində bektaşiliyin və bektaşi ədəbiyyatının yeri" adlı monoqrafiyasını yazıb bitirmişdir.
Türk filologiyası şöbəsində gənc alimlər də səmərəli elmi fəaliyyət göstərirlər. Onlardan Təranə Haşımovanın "Poeziya körpüsü" kitabı çapdan çıxmış, "XX əsr Azərbaycan ədəbiyyatının Mərkəzi Asiya xalqları poeziyasına təsiri" adlı dissertasiya işi müdafiəyə təqdim olunmuşdur. Kipr türk şairi "Osman Türkayın yaradıcılığı" adlı dissertasiyasını başa vuran Elmira Məmmədova artıq bir neçə beynəlxalq konfransda iştirak etmiş, xarici mətbuatda beş məqalə çap etdirilmişdir. Səriyyə Gündoğdu "Mehmet Akif yaradıcılığı", Kəmalə Ələkbərova isə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilində Osmanlı türkcəsi elementləri" mövzusu üzərində elmi tədqiqat işi aparırlar.
Türk ədəbiyyatının müxtəlif problemlərinə dair tədqiqat aparan şöbə əməkdaşları "Türk filologiyası məsələləri" və "Şərq filologiyası məsələləri" məcmuələrində də maraqlı elmi məqalələr çap etdirmiş, son zamanlar Şərqşünaslıq elmi ilə bağlı Respublika miqyasında keçirilən elmi konfranslarda da fəal iştirak etmişlər.
Ümumiyyətlə, türk filologiyası şöbəsi fəaliyyətə başladığı dövrdən etibarən burada çalışan əməkdaşlar türk ədəbiyyatının aktual problemlərinə həsr olunmuş iyirmi beş kitab, iki yüzdən çox elmi məqalə (o cümlədən, xaricdə) və bir o qədər də publisistik məqalə çap etdirmişlər.
![]()
|
||||||||||
|
|
|||||||||