Türkiyənin ictimai-siyasi, sosial - iqtisadi və mədəni inkişafının ən mühüm məsələlərinin elmi tədqiqi Azərbaycan türkologiyasının əsas istiqamətlərini təşkil etmişdir. Müasir problemlərlə əsaslı surətdə məşğul olan türkoloqlarımız kamalizm (atatürkçülük) təliminin respublika dövrü türk cəmiyyətinin inkişafının bütün sahələrində dərin iz qoymuş respublikaçılıq, dünyəvilik (laisizm), dövlətçilik (etatizm), xalqçılıq, millətçilik kimi təməl prinsipləri ilə bağlı problemlərin öyrənilməsinə xüsusi diqqət yetirmiş, onların hərtərəfli işıqlandırılması işinə böyük əmək sərf etmişlər.
Tarix problemlərinə həsr olunmuş tədqiqatlar, istər orta əsrlər, istərsə də yaxın tarixi keçmiş və Türkiyə tarixinin ən yeni dövrünü əhatə etmişdir. Tarixçi alimlərimiz Türkiyədə inqilabi və milli-azadlıq hərəkatı, Türkiyə Respublikasında dünyəvilik prinsipinin bərqərar edilməsi, millətçilik ideologiyasının formalaşması, ictimai və bədii-estetik fikrin yaranması, maarif və mədəniyyətin inkişafı, islam, müasir Türkiyədə antiimperialist hərəkat problemlərinin öyrənilməsinə xüsusi diqqət yetirmişlər.
Türkiyə inqlabı və milli-azadlıq hərəkatı mövzusuna həsr edilmiş və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirimiş tədqiqatlar içərisində ilk nəvbədə H.Əliyevin "Турция в период правления младотурок (1908-1918)" ("Türkiyə gənc türklərin hakimiyyəti dövründə(1908-1918)") ("Nauka" M., 1972) monoqrafiya, Y.Bağırovun "Türk xalqının imperialist işğalına və sultanlığa qarşı respublika uğrunda mübarizəsi (1917-1924-cü illər)" adlı tədqiqatı, habelə həmin müəllifin "Türkiyə Lozan konfransında" ("Elm", Bakı, 1957) kitabı, N.Əfəndiyevanın "Борьба турецкого народа против французских оккупантов на юге Анатолии" ("Anadolunun cənubunda fransız işğalçılarına qarşı türk xalqının mübarizəsi") ("Elm", Bakı, 1966) adlı monoqrafiyası qeyd olunmalıdır. Antiimperialist mübarizə mövzusu İ.Axundovun "Современная Турция: борьба против империализма" ("Müasir Türkiyə: imperializm əleyhinə mübarizə") ("Elm", Bakı, 1977) kitabında, "Müasir Türkiyədə tərəqqipərvər qüvvələrin demokratiya və müstəqillik uğrunda mübarizəsi. 1945-1960-cı illər" (V.Şirəliyev) tədqiqatında da işıqlandırılmışdır.
H.Əliyevin "Türkiyə birinci dünya müharibəsi dövründə" (Azərb.SSR EA nəşriyyatı, Bakı, 1965) kitabında Osmanlı imperiyasının tam iflası dövründə Türkiyədə daxili vəziyyət və s. məsələlər tədqiq olunmuşdur.
Kamalçı dünyəvilik prinsipi, onun mahiyyəti, Türkiyənin dövlət quruluşu, ictimai - siyasi və mədəni həyatının dünyəvi prinsiplər əsasında yenidən qurulması, dünyəvilik və islam dəyərləri və s. problemlər türkoloq alimlərimiz tərəfindən ciddi şəkildə və uğurla öyrənilmiş məsələlərdəndir. Laisizm mövzusunda İnstitutda xüsusi tədqiqatlar yerinə yetirilmişdir: Ş.Tacıbov "Türkiyə Respublikasında laisizmin bərqərar edilməsi" (1966), E.Həsənova "Лаицизм и ислам в республиканской Турции" (Respublika dövründə Türkiyədə laisizm və islam. Bakı, 2002).
E.Həsənovanın gənc türklərin ilk ictimai - siyasi mətbu orqanı olan "Türk yurdu" jurnalının materialları əsasında hazırladığı "деология буржуазного национализма в Турции" (Türkiyədə burjua millətçiliyi ideologiyası) "Elm, Bakı, 1966) əsərində Türkiyədə 1908 - ci il gənc türklər inqilabı dövründə vüsət tapmış millətçilik cərəyanı tədqiq edilmişdir. Türkiyənin ictimsi-siyasi fikrində "islam sosializmi"ideyaları eyni müəllifin 1994-cü ildə nəşr etdirdiyi monoqrafiyasında ("Идеи "исламского социализма" в общественно-политической мысли Турции") ətraflı təhlil edilmişdir.
E.Zamanova Türkiyədə mədəniyyət və incəsənətin inkişafının müxtəlif aspektlərinə həsr olunmuş kitabında ("Влияние марксистко-ленинской эстетики на развитие прогрессивной эстетической мысли в современной Турции". "Элм", Баку, 1987). Türkiyədə marksist ictimai bədii-estetik fikrin yaranması və inkişafının başlıca mərhələlərini işıqlandırmışdır.
Şöbə əməkdaşları SSRİ ilə Türkiyə Respublikası arasında münasibətlərin öyrənilməsinə də xeyli əmək sərf etmişlər. Bu baxımdan Y.Bağırovun 1965-ci ildə çap olunmuş "Sovet-türk münasibətləri tarixindən" (1920-1922-ci illər) adlı əsəri diqqəti cəlb edir. Başlıca olaraq Azərbaycan SSR materialları əsasında yazılmış bu kitab yeni Türkiyənin varlığının ilk çağlarında Sovet-türk münasibətlərinin tərkib hissəsi kimi Azərbaycan - Türkiyə əlaqələrinin öyrənilməsi sahəsində Sovet tarixşünaslığında edilmiş ilk uğurlu təşəbbüs olmuşdur.
Türkiyənin ən yeni tarixi üzrə şöbədə yerinə yetirilmiş tədqiqatlar içərisində aşağıdakılar da qeyd olunmalıdır: "30-cu illərdə Türkiyə Respublikasının daxili vəziyyəti" (M.Səidov), "İkinci dünya müharibəsi ilərində Türkiyə hökumətinin daxili siyasəti" (V.Hüseynov), "60-cı - 80-cı illərin əvvəllərində Türkiyənin yaxın və Orta Şərqdəki siyasətinin əsas istiqamətləri" (S.Məcidova), "ABŞ vı Türkiyə : Trumen doktrinasından Atlantik İttifaqına (1947-1952)"(A.Rəsizadə), "İnqilabdan əvvəlki Azərbaycan dövri mətbuatında Türkiyəyə dair materialların qısa şərhli göstəricisi" (Z.Sultanova).
Şöbənin türkoloq alimləri (H.Əliyev, İ.Əlibəyov, F.Şabanov və d.) "Nauka" nəşriyyatı tərəfindən 1967-ci ildə buraxılmış "Новейшая история Турции" ("Türkiyənin ən yeni tarixi") monoqrafiyasının yazılmasında fəal iştirak etmişlər. Türkiyə tarixinin müxtəlif məsələləri şərqşünaslarımız tərəfindən hazırlanıb nəşr edilmiş "Türkiyə tarixi məsələləri" toplusunda ("Elm", Bakı, 1972) öz əksini tapmışdır. 1988-ci ildə alimlərimizin nəşr etdirdikləri "Müasir Türkiyənin aktual problemləri" məqalələr toplusunda müasir Türkiyənin siyasi , iqtisadi, sosial və mədəni inkişafının bəzi mühüm aspektləri üzrə İnstitutda son illərdə aparılmış tədqiqatların nəticələri işıqlandırılmışdır. Təqdirəlayiq haldır ki, toplunu hazırlayan müəlliflər kollektivinin özəyini türkoloq alimlərimizin gənc nəcli təşkil etmişdir.
İnstitutda yeni dövrdə Türkiyənin ictimai-siyasi inkişafı məsələlərinin hərtərəfli öyrənilməsi sahəsində də xeyli iş görülmüşdür. Burada ilk növbədə F.Şabanovun "Государственный строй и правовая система Турции в период Танзимата" (" Tənzimat dövründə Türkiyənin dövlət quruluşu və hüquq sistemi") (Elm, Bakı, 1967) adlı samballı tədqiqatı qeyd olunmalıdır. Əsərdə sovet şərqşünaslığında ilk dəfə olaraq XİX əsrin ortalarında Türkiyədə dövlət hakimiyyəti və idarə sisteminin təşkili, tənzimatın hüquqi aktları və institutları hərtərəfli işıqlandırılmışdır.
Orta əsrlər Türkiyə tarixi məsələləri alimlərimizi daim maraqlandıran mövzulardandır. Bu qəbildən olan əsərlər içərisində "Suriyalı Mixailin "Salnamə"si Ön Asiyada terklərin Xİ - Xİİ əsrlər tarixinin öyrənilməsinin mənbəyi kimi" və "Səlcuqlar Zaqavqaziyada" (hər iki araşdırmanın müəllifi R.Hüseynovdur), "İbn-Bibinin "Əl avamir əl-əlaiyyə fil-umur əl-əlaiyyə"əsəri Anadolu səlcuqlarının tarixi üzrə mənbə kimi" (H.Musayev), H.Məmmədovun "XVİİİəsrin 20-30-cu illərində Azərbaycanda Osmanlı vergi siyasəti", Ş.Mustafayevin "Ağqoyunludan Osmanlı imperiyasına qədər Şərqi Anadolu" (M., "Nauka". 1994) ("Восточная Анатолия: от Ак-Коюнлу к Османской империи") tidqıqatlari diqqəti cəlb edir.
Türkiyə iqtisadiyyatının şərqşünas alimlərimiz tərəfindən əhatəli şəkildə tədqiq olunan problemləri sırasında öncə "etatizm" (dövlətçilik yaxud dövlət kapitalizmi) problemi qeyd olunmalıdır. Türkiyənin təsərrüfatçılıq praktikasının başlıca xüsusiyyətlərindən birini təşkil edən etatizm problemi institutda yerinə yetirilmiş bir neçə tədqiqat işinin obyekti olmuşdur. Bunlardan ilkində (И.В.Алибеков. Государственный капитализм в Турции "Наука", М., 1966) (İ.V.Əlibəyov. Türkiyədə dövlət kapitalizmi) Türkiyədə ictimai tərəqqinin müxtəlif mərhələlərində dövlətçilik (dövlət kapitalizmi) siyasətinin həyata keçirilməsinin forma və metodları, dövlət kapitalının banklar, nəqlliyyat və sənaye sahələrində fəaliyyəti, Türkiyənin sosial-iqtisadi inkişafında etatizmin rolu, türk cəmiyyətinin müxtəlif sinif və zümrələrinin dövlətçilik siyasətinə münasibəti məsələləri ətraflı təhlil olunmuşdur. u mövzuda aparılmış digər tədqiqatlarda müasir Türkiyənin kənd təsərrüfatında dövlətin tənzimləyici və sahibkarlıq fəaliyyətinin forma və istiqamətləri respublika quruluşu illərində istehsal infrastrukturunun yaradılması və inkişaf etdirilməsində dövlət-kapitalist tədbirlərinin rolu kimi məsələlər işıqlandırılmışdır (A.Əliyeva, A.Əfəndiyev).
İqtisadçı şərqşünas alimlərimiz Türkiyənin hakim siyasi partiyalarının iqtisadi platformaları və iqtisadi siyasətinin öyrənilməsinə ciddi əhəmiyyət verirlər. Bu mövzu "Türkiyədə Cümhuriyyət Xalq partiyası hökumətinin iqtisadi siyasəti (1923-1939-cu illər)" (Ə.Şirinov), "1980-ci il dövlət çevirilişindən sonra Türkiyə hökumətinin iqtisadi siyasəti" (B.Hacıyev), "Türkiyə Ədalət Partiyası hökumətinin iqtisadi siyasəti" (1965-1971) (T.Qurbanov) adlı tədqiqatlarda öz əksini tapmışdır. İnstitutda Türkiyə respublikası vətəndaşı Y.Sertel tərəfindən "Müasir türkiyədə mütərəqqi sosial-iqtisadi cərəyanlar" mövzusunda namizədlik dissertasiyası hazırlanaraq müdafiə olunmuşdur.
Türkiyə Respublikasının xarici iqtisadi əlaqələri, xüsusilə xarici ticarət və xarici ticarət siyasəti, Türkiyənin sosialist ölkələri və başlıca olaraq SSRİ ilə iqtisadi və texniki əməkdaşlığı məsələləri ətraflı öyrənilmişdir. Bu istiqamətdə aparılmış tədqiqatlar sırasında Ə.Bijenin "Türkiyənin xarici ticarət siyasəti (1920-1980)", ("Elm", Bakı, 1987), "Sovet-Türkiyə iqtisadi münasibətləri (1923-1939-cu illər)", İ.Əlibəyovun "Sovet İttifaqının inkişaf etməkdə olan ölkələrlə iqtisadi-texniki əməkdaşlığı" ("Azərnəşr", Bakı, 1974) kitabları, K.Səmədovun "İkinci dünya müharibəsindən sonra Türkiyənin xarici ticarəti və xarici ticarət siyasəti" araşdırmaları qeyd edilə bilər.
Alimlərimiz müasir Türkiyənin iqtisadiyyatında xarici kapitalın fəaliyyəti ilə bağlı məsələlərin öyrənilməsinə böyük maraq göstərirlər. Bu mövzuda iki samballı tədqiqat hazırlanıb çap olunmuşdur: H.Əliyev "Müasir Türkiyədə xarici kapital" (Azərb. SSR EA nəşriyyatı, Bakı, 1962) və İ.A.Alibekov "Иностранный капитал в Турции" ("Elm", Bakı, 2002) (İ.V.Əlibəyov "Türkiyədə xarici sərmayə").
İnstitutun türkoloqları tərəfindən işlənib tamamlanmış mövzular içərisində "Türkiyədə şəhərləşmənin sosial-iqtisadi problemləri" (B.Bəşirova), "Türkiyədə regional inkişaf və regional planlaşdırma" (A.Kərimov), "Türkiyə Respublikasında sənaye kadrlarının hazırlanması problemi" (G.Əlibəyova) tədqiqatları da vardır.
Müasir Türk iqtisadiyyatının müxtəlif məsələləri alimlərimiz tərəfindən hazırlanmış topluda "İran və Türkiyənin iqtisadi inkişafı" toplusunun iki buraxılışında öz əksini tapmışdır (İ buraxılış - Bakı, "Elm", 1978. İİ buraxılış - Bakı, "Elm", 1988).
Şərqşünas mütəxəssislərimiz tərəfindən Türkiyənin tarixinə və iqtisadiyyatına dair yuxarrıda qeyd olunanlarla yanaşı ölkə və keçmiş ittifaqın mərkəzi mətbu orqanlarında 400-dən artıq müxtəlif həcmli elmi məqalə və digər yazılar nəşr olunmuşdur. Alimlərimizin bir sıra işlərinin nəticələri məruzə şəklində müxtəlif beynəlxalq elmi toplantılarda dinlənilmiş, onların materiallarında çap olunmuşdur.
Türkoloqlarımızın hazırki araşdırmalarının tematikası müxtəlif mövzuları əhatə edir. Bu sıraya Ösmanlı dövründə Anadoluda etno-siyasi proseslər, orta əsr Osmanlı şəhəri (E.Çələbinin "Səyahətnamə"sinin materialları əsasında), Türkiyə, Azərbaycan və Orta Asiya Türk respublikaları, Müasir Türkiyənin hərbi sənaye kompleksi, Türkiyə və Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişısi, Almaniyada türk işçiləri, müasir Türkiyənin neft problemi, etatizmdə bazar iqtisadiyyatına keçid şəraitində Türkiyənin xarici iqtisadi əlaqələti, iqtisadiyyatın dövlət tənzimlənməsinin Türkiyə təcrübəsi, Türkiyə iqtisadiyyatının dövlət bölməsində bazar islahatları və sairə bu kimi problemlər daxildir.
![]()
|
||||||||||
|
|
|||||||||