Azərbaycan Milli Elmlər Akademiyası
Akademik Z.M.Bünyadov adına
ŞƏRQŞÜNASLIQ İNSTİTUTU
EN | RU

 

İRAN FİLOLOGİYASI şöbəsi

Şöbədə aparılan tədqiqatlar İran ədəbiyyatı tarixinin demək olar ki, bütün dövrlərini əhatə etmiş, eyni zamanda araşdırmalarda ədəbi təhlilin çeşidli formalarından (ayrı-ayrı sənətkarların həyat və yaradıcılığının, ədəbi inkişafın nəzəri məsələlərinin, ədəbi əlaqə və təsirin öyrənilməsi və s.) istifadə olunmuşdur. Şöbəyə əvvəlcə EA-nın müxbir üzvü Böyükağa Hüseynov, sonralar isə dünya şöhrətli şərqşünas Rüstəm Əliyev rəhbərlik etmişdir. Bu iki alimin elmi maraq dairələri də bir növ bir-birini tamamlayır. Belə ki, B.Hüseynov müasir fars ədəbiyyatı üzrə, R.Əliyev isə klassik farsdilli ədəbiyyat üzrə mütəxəssis idi. Doğrudur, geniş diapazona malik olan R.Əliyevin müasir fars şerinin aktual problemlərinə dair də araşdırmaları olmuşdur, lakin hər halda, o ilk növbədə mətnşünas və klassik irsin birincisi kimi tanınırdı. Hal-hazırda şöbəyə filologiya elmləri namizədi Məsiağa Məhəmmədi rəhbərlik edir.

İlk dövrlərdə şöbədə aparılan araşdırmaların mırkərkəzində əsasən yeni və ən yeni dövr fars ədəbiyyatı dayanırdı. Bu da XX əsrdə fars ədəbiyyatında baş verən yeniləşmənin mahiyyətini, onun ictimai-siyasi proseslərlə əlaqəsini aydınlaşdırmaq zərurətindən irəli gəlirdi. Həmin yeniləşmənin kökləri isə əvvəlki əsrin satirik və maarifçi ədəbiyatında axtarılırdı. Filologiya elmləri doktoru Həmid Məmmədzadənin "M.F.Axundov və Şərq" adlı doktorluq, Cəfər Rəmzi İsmayılzadənin "Yəğmə Cəndəqinin poeziyası" adlı namizədlik dissertasiyaları məhz bu vəzifəyə tabe edilmiş elmi araşdırmalar idi. Bununla belə əsas diqqət XX əsr fars ədəbiyyatına, xüsusən onun ayrı-ayrı görkəmli nümayəndələrinin bədii irsinin hərtərəfli tədqiqinə yönəlmişdir. Əlibala Hacızadənin Fərruxi Yəzdiyə, Adışirin Ağazadənin Nima Yuşicə, Nüşabə Əlizadənin Bozorq Ələviyə, Umxanım Dadaşovanın Əhməd Şamluya, Sevil Novruzovanın Pərvin Etisamiyə, Natella Əliyevanın Nadir Nadirpura həsr olunmuş namizədlik dissertasiyaları bu işin necə geniş bir miqyasda aparıldığını nümayiş etdirir. Bir sıra araşdırmalarda müəyyən ümumiləşdirmə cəhdləri də müşahidə olunurdu.Misal üçün, Xavər Quliyevanın "1950-ci illər fars poeziyasının bəzi səciyyəvi xüsusiyyətləri"adlı namizədlik işini göstərmək olar. Bu, artıq aparılan tədqiqatları nəzəri müstəviyə keçirmək meylindən xəbər verirdi. Təsadüfi deyil ki, sonralar filologiya elmləri namizədi Əlibala Hacızadə İran romanının, filologiya elmləri namizədi Nüşabə Əlizadə isə İran hekayəsinin tipologiyasına dair tədqiqatlar aparmışlar.

Müasir fars ədəbiyyatının nəzəri problemlərinin öyrənilməsi sahəsində iranşünaslığımızın ən ciddi uğurlu, şübhəsiz, Böyükağa Hüseynovun "XX əsr fars şerində ənənə və novatorluq" adlı doktorluq dissertasiyasıdır. 1975-ci ildə "Elm" nəşriyyatı tərəfindən monoqrafiya şəklində nəşr edilən bu sanballı tədqiqatda İranda "şer-e nou" ("yeni şer") adlanan ədəbi hərəkatın forma və məzmun baxımından fars poeziyasına gətirdiyi yeniliklər ətraflı sutərdə araşdırılmışdır.

Klassik farsdilli ədəbiyyatın tədqiqi sahəsində filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Rüstəm Əliyevin fəaliyyəti öz miqyasına görə heyrətamizdir. Sədinin "Bustan" və "Gülüstan"ının, Firdovsinin "Şahnamə"sinin, Nizaminin "Sirlər xəzinəsi"nin elmi-tənqidi mətnlərinin, eləcə də Ömər Xəyyamın rübailərinin, Nəsimi və Nəiminin fars divanının akademik nəşrlərinin müəllifi olan görkəmli alim eyni zamanda farsdilli ədəbiyyatın çoxsaylı nümunələrini tərcümə etmiş, onların xüsusən rusdilli oxucular arasında tanınmasında əvəzsiz xidmətlər göstərmişdir. Elmi yaradıcılığının son dövründə əsasən Nizamişünas kimi fəaliyyət göstərən R.Əliyevin ən mühüm işlərindən biri də Nizaminin müasir olan Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisname" adlı iri həcmli əsərini fars dilindən rus dilinə çevirərək nəşr etdirməsidir.

Orta əsrlər farsdilli ədəbiyyata dair tədqiqatlar sırasında Abbasəli quliyevin "Əbdürrəhman Caminin həyat və yaradıcılığı", Əbdürrəhman Caminin "Yusif və Züleyxa poeması" adlı monoqrafiyalarını qeyd etmək lazımdır.

A.Quliyev (Sarovlu) həmçinin klassik farsdilli şerin bir çox nümunələrinin (məsələn, Əmir Xosrov Dəhləvinin "Şirin və Xosrov" poemasının) Azərbaycan dilinə poetik tərcüməsinin müəllifidir.

Məsiağa Məhəmmədi "Saib Təbrizinin lirikası və farsdilli poeziyada hind üslubu problemi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, "Sədi və Hafiz" adlı kitab yazmış, eyni zamanda bir sıra farsdilli abidələri ("Qızılbaşlar tarixi" adlı anonim mənbəni, Yusif Qarabağinin "Yeddi bağ" əsərini, İmam Qəzzalinin "Kimyayi-səadət" əsərindən müəyyən parçaları və s.) Azərbaycan dilinə çevirərək nəşr etdirmişdir.

Şöbədə aparılan elmi işin mühüm bir istiqamətini İran dilçiliyinə aid araşdırmalar təşkil edir. Bu sahədə Cəmilə Sadıqovanın, Təyyibə Ələsgərovanın, Maqsud Hacıyevin, son illərdə isə filologiya elmləri namizədləri Şəfəq Əlibəylinin və Vüqar Məmmədovun fəaliyyətlərini qeyd etmək lazımdır.

Hal-hazırda AMEA Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində farsdilli ədəbiyyatın tədqiqi üzrə işlər çeşidli istiqamətlərdə davam etdirilir. Məsələn, filologiya elmləri namizədi Şəfəq Əlibəyli Məhəmməd Füzulinin fars divanının linqvopoetik təhlilinə dair tədqiqatını başa çatdırmışdır. F.e.n. Əlibala Hacızadə Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra" əsərini dilimizə çevirmişdi. F.e.n. Nüşabə Əlizadə XİX-XX əsrlərdə Azərbaycan-İran ədəbi əlaqələrini öyrənməklə məşğuldur. Afət Rüstəmova isə fars folklorunun "Səməki-əyyar" adlı nəhəng abidəsini Azərbaycan dilinə tərcümə etmişdir və indi Əziz Dövlətəbadinin "Süxənvərani-Azərbaycan" əsərini dilimizə çevirir.

Filologiya elmləri namizədi Səadət Şıxıyeva fars və türk divan ədəbiyyatlarının müqayisəli tədqiqi ilə, şöbənin böyük elmi işçisi, xalq şairi Söhrab Tahir İran nəsrində antişah motivlərini öyrənməklə, kürd ədəbiyyatının müxtəlif problemlərinə dair bir neçə kitabın müəllifi, filologiya elmləri namizədi Zümrüd Rəhimova farsdilli kürd şairəsi Mahşərəf Məsturənin bədii irsini araşdırmaqa məşğuldur. Filologiya elmləri namizədi Sənan İbrahimov Əsədi Tusi, Fəxrəddin Gürgani, Əsirəddin Əxsikəti haqqında kitablar və məqalələr nəşr etdirmişdir və hazırda farsdilli poeziyada "Azərbaycan üslubu" - nu öyrənir. Filologiya elmləri namizədi Vüqar Məmmədov fars dilçiliyinin terminalogiyasına dair araşdırmalarını davam etdirir.

İran ədəbiyyatının ən müxtəlif problemləri AMEA Şərqşünaslıq İnstitutu tərəfindən nəşr edilmiş "İran fillogiyası məsələləri" (iki buraxılış) və "Şərq filologiyası məsələləri" (dörd buraxılış) adlı məcmuələrdə də araşdırma obyektinə çevrilmişdir. Bundan əlavə AMEA Şərqşünaslıq İnstitutu Bakıdakı İran Mədəniyyət Mərkəzi ilə birlikdə dahi İran Şairləri Hafiz və Sədinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi-ədəbi konfranslar keçirmiş və bu konfransların materialları kitab halında nəşr edilmişdir.

Bütövlükdə fəaliyyət göstərdiyi dövr ərzində şöbə əməkdaşlarının ölkəmizdə və xaricdə yüzlərlə elmi məqaləsi və qırxdan artıq kitabı nəşr olunmuşdur.

 

 
line decor

 

 
line decor