Azərbaycan Milli Elmlər Akademiyası
Akademik Z.M.Bünyadov adına
ŞƏRQŞÜNASLIQ İNSTİTUTU
EN | RU

 

İRAN TARİXİ VƏ İQTİSADİYYATI şöbəsi

Şöbə yaradılarkən onun qarşısında İranın yeni dövr tarixi inkişafını, sosial, siyasi, iqtisadi, mədəni problemlərini araşdırmaq vəzifəsi qoyulmuşdur. Qeyd etmək lazımdır ki, şöbə İran tarixinin bir sıra problemlərinin öyrənilməsində keçmiş SSRİ elmi məkanında prioritet mövqeyə malik idi. Bu problemlərə ilk növbədə İranda aqrar münasibətlər, İran cəmiyyətinin yeni struktur komponentləri və İranın xarici münasibətləri aid edilə bilər. İranda XİX əsrin sonu XX əsrin əvvəllərində aqrar münasibətlər kompleksi dünya iranşünaslığında ilk dəfə t.e.d., prof. Ş.Ə.Tağıyeva tərəfindən araşdırılmış və tədqiqatın nəticəsi iki kitabda öz əksini tapmışdır. Müəllif geniş faktiki material əsasında İranın kənd təsərrüfatının kompleks xarakteristikasını vermiş, torpaq sahibliyi, torpaqdan istifadə formalarını, torpaq münasibətlərinin xüsusiyyətlərini, torpaq rentasının növlərini müəyyən etmiş, kəndlilərin iqtisadi və siyasi vəziyyətini göstərmiş, sosial və əmlak göstəriciləri əsasında kəndlilərin müxtəlif kateqoriyalarını müəyyən etmişdir.

Şöbə İran cəmiyyətinin sosial strukturunda başverən dəyişikliklərin, yeni struktur komponentlərinin formalaşması prosesinin öyrənilməsində keçmiş SSRİ - də aparıcı mövqeyə malik olmuşdur. T.e.d., prof. Z.Y.Abdullayev fəhlə sosial qrupunun meydana gəlib formalaşma prosesini, bu prosesin başa çatma mərhələsini hərtərəfli araşdırmışdır. Tədqiqatın nəticəsi iki kitabda əks olunmuşdur.

T.e.d. R.A.Seyidov İranda sahibkar təbəqəsinin formalaşma prosesini, həmin təbəqənin sosial, peşə və etnik strukturunu, siyasi fəaliyyətini hərtərəfli şəkildə araşdırmışdır. Tədqiqatın nəticəsi monoqrafiyada əks olunmuşdur.

İranşünaslıqda ziyalı təbəqəsinin formalaşması problemi ilk dəfə t.e.n. M.M.Əliyev hərtərəfli nəzərdən keçirmişdir. Müəllif həmin təbəqənin strukturu, ziyalıların yaratdıqları siyasi - ictimai təşkilatları və onların fəaliyyətlərini tədqiq etmişdir.

Şöbənin problematikasında İranda siyasi - ictimai təşkilatların meydana gəlməsi, formalaşması və fəaliyyəti geniş yer tuturdu. Bu məsələnin öyrənilməsi ilə əsasən t.e.d. T.A.İbrahimov (Şahin) məşğul olmuşdur. onun İranda siyasi cəmiyyətlər və ictimai təşkilatlar haqqında əsəri elmdə tamamilə yeni hadisə idi. T.e.d. T.A.İbrahimov (Şahin) həmçinin İran Kommunist Partiyasının meydana gəlib formalaşmasını, onun siyasi - ideoloji fəaliyyəti, təşkilatı və etnik strukturunu ilk dəfə hərtərəfli araşdırmışdır. Tədqiqatlatın nəticələri müvafiq kitablarda əks olunmuşdur.

Şöbənin mühüm nailiyyətləri sırasında İranın xarici münasibətlərinin araşdırılmasını qeyd etmək olar. Bu sahədə t.e.d. S.F.Ağayevin xidmətini qeyd etmək lazımdır. O, 1920 - 1941 - ci illəri əhatə edən dövrdə İranın xarici münasibətlər problemini hərtərəfli öyrənmişdir. S.F.Ağayev ilk dəfə olaraq İran diplomatiyasının Millətlər liqasında, İranın Səədabad paktında fəaliyyətini, İranın qonşu Şərq ölkələri ilə münasibətlərini və s. tədqiq etmişdir. İranın xarici münasibətlərinin sonrakı vəziyyətini t.e.d. H.C.Əlibəyli ardıcıl və kompleks şəkildə araşdırmışdır.

İranda yeni maarifin formalaşma prosesini ilk dəfə şöbənin əməkdaşı t.e.d. M.İ.Şəms geniş şəkildə tədqiq etmişdir. O, İranda yeni tipli məktəblərin yaradılmasında cənubi azərbaycanlıların rolunu ayrıca nəzərdən keçirmişdir.

Şöbədə İranın iqtisadi inkişaf problemlərinin öyrənilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Bu sahədə əsasən, sənayedə sahibkarlığın formalaşması, bu prosesdə dövlətin rolu, dövlət sektorunun yaranması, həmçinin İran iqtisadiyyatının bəzi konkret sahələrinə - xalçaçılıq, balıq sənayesi, iqtisadi infrastruktur və xarici ticarət əlaqələrinə həsr olunmuş tədqiqatları qeyd etmək olar.

Şöbədə həmçinin Əfqanıstan tarixi ilə bağlı bəzi məsələlər tədqiq obyekti olmuşdur.

Müstəqilliyin ilk illərində əsas diqqət şöbənin elm istiqamətlərinə yenidən baxılmasına və mövcud elmi qüvvə ilə tədqiqat işlərinin davam etdirilməsinə yönəldilmişdir. Şöbənin elmi fəaliyyəti əsasən ən yeni dövr İran tarixinin, xüsusən İslam Respublikası dövrünün siyasi, hüquqi, iqtisadi problemlərinin, Azərbaycan Respublikası ilə qonşu dövlət arasında genişlənməkdə olan əlaqələrin tədqiqinə yönəlmişdir.

Mühüm dəyişikliklərdən biri də İran tarixi və iqtisadiyyatı şöbəsi nəzdində Cənubi Azərbaycan elmi qrupunun yaradılmasıdır. Son bir neçə ildə şöbə əməkdaşları İran və Cənubi Azərbaycanın tarixi ilə bağlı bir neçə kitab nəşr etdirmişlər.

Böyük elmi işçi, t.e.n. S.Rüstəmova - Tohidi "Kominternin şərq siyasəti və İran" mövzusunda doktorluq, şöbənin dissertantı F.Hüseynov "İran İslam Respublikası və Azərbaycan Respublikasının siyasi münasibətləri (1991 - 1997)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişlər, bir neçə yerli və əcnəbi dissertant İran tarixi və iqtisadiyyatının müxtəlif problemləri üzərində tədqiqat işlərini davam etdirirlər.

Hazırda İran tarixi və iqtisadiyyatı şöbəsinə t.e.n. Vidadi Mustafayev başçılıq edir. O, son illərdə Cənubi Azərbaycan problematikası ilə bağlı iki kitab çap etdirmişdir. "Cənubi Azərbaycan : milli şüur (XX əsrin İ yarısı)". (Bakı, 1998) adlı əsərdə ilk dəfə olaraq cənubi azərbaycanlıların milli şüurunun formalaşması problemi hərtərəfli və dərindən araşdırılmışdır. Həmin əsər 2000-ci ildə Almaniya Federetiv Respublikasında ikinci dəfə çap olunmuşdur. İinci kitab Cənubi Azərbaycan məsələsinin öyrənilməsinin tarixşünaslığına həsr olunmuşdur.

Şöbənin əməkdaşları beynəlxalq və Respublika elmi konfranslarında fəal iştirak edirlər. Hal - hazırda şöbənin qarşısında öz kadr potensialını tezliklə bərpa etmək, zəngin iranşünaslıq irsini nəşr etmək, bu irsə yenidən baxmaq, İranşünaslığın informasiya təminatı məsələsini həll etmək, xarici iranşünaslıq mərkəzləri ilə elmi əlaqələri genişləndirmək, öz elmi fəaliyyətini dövrün tələbləri səviyyəsində qurmaq kimi mühüm vəzifələr durur.

CƏNUBİ AZƏRBAYCAN ELMİ QRUPU

İran tarixi və iqtisadiyyatı şöbəsinin nəzdində 1991-ci ildən Cənubi Azərbaycan elmi qrupu fəaliyyət göstərir. Qrupa t.e.d., prof. Ş.Ə.Tağıyava rəhbərlik edir.

Cənubi Azərbaycan problemləri əvvəlcə İran tarixi şöbəsində öyrənilmişdir. Cənubi Azərbaycanla bağlı tədqiqatlarda 1941 - 1946-cı illər milli-azadlıq hərəkatı və xüsusən Milli hökumətin yaranması və onun fəaliyyətinin müxtəlif sahələri, həmçinin həmin dövrdə meydana gəlmiş müxtəlif ictimai-siyasi təşkilatların fəaliyyəti, mədəni və mənəvi həyat geniş şəkildə tədqiq olunmuş, hərəkatın meydana gəlmə səbəbləri, hərəkətverici qüvvələri, məğlubiyyət səbəbləri diqqətlə araşdırılmışdır (M.V.D.v.li, İ.Q.İbrahimli, K.Məmmədov, S.Mirzəzadə, F.Dəstgoşade, S.Səmədov, C.Ələsgərov, H.Billuri, M.R.Vilayi).

Cənubi -Azərbaycanda milli-azadlıq hərəkatının əvvəlki mərhələləri də iranşünasların diqqətindən yayınmamışdır. Bu problemə İran şöbəsində iki əsər həsr edilmişdir. Əvvəlcə Ş.M.Xiyabaninin başçılığı ilə 1920-ci il Təbriz üsyanı (Ş.Ə.Tağıyeva), sonra 1914-1918-ci illərdə milli-azadlıq hərəkatı (Ə.Həbilov) öyrənilmişdir.

1976-cı ildə Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan şöbəsinin yaradılması ilə Cənubi Azərbaycan tarixinin müxtəlif problemləri daha ardıcıl, sistemli və əsaslı şəkildə araşdırılmağa başlamışdır. Şöbə Cənubi Azərbaycana həsr olunmuş tədqiqatların nəticələrini 1828-1917-ci illər dövrünə həsr olunmuş bu sahədə ilk fundamental əsər olan "Cənubi Azərbaycan tarixnin oçerki"ndə əks etdirilmişdir.

Cənubi Azərbaycan şöbəsində XİX əsr Təbriz tarixinə (S.Gəncəliyeva), Cənubi Azərbaycan maarifçilərinin fəaliyyətinə (N.R.Bayramova), Cənubi Azərbaycanda milli şüurun formalaşmasına (V.K.Mustafayev), XİX əsrin birinci yarısında Azərbaycan -İran mədəni əlaqələrinə (C.M.Vəkilov), Cənubi Azərbaycanın siyasi, iqtisadi, sosial, və mədəni inkişafına (1947-1962-ci illər, S.Z.Bayramzadə; 1962-1977-ci illər, N.L.Nəsibzadə), Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyətinə (M.M.Çeşmazər) namizədlik dissertasiyaları həsr edilmiş, sonra onların bəziləri təkmilləşdirilərək monoqrafiya şəklində çap edilmişdir. Şöbədə həmçinin Cənubi Azərbaycan tarixinin sonrakı dövrünü əhatə edən oçerk üzərində gərgin iş aparılmışdır.

1991-ci ildə Cənubi Azərbaycan tarixi şöbəsinin əsasında, İran tarixi və iqtisadiyyatı şöbəsi nəzdində Cənubi Azərbaycan elmi qrupu yaradılmış və "Cənubi Azərbaycan tarixinin oçerki" kitabının sonrakı cildləri üzərində işi davam etdirilmişdir. Elmi qrupun səyi ilə "Güney Azərbaycan" məlumat kitabı (Ş.Ə.Tağıyeva, Ə.Bije, S.Bayramzadə) və "Güney Azərbaycanda milli-demokratik hərəkat(1941-1946)" (Ə.Rəhimli-Bije) adlı monoqrafiya işıq üzü görmüşdür. Bundan əlavə İran şöbəsi Cənubi Azərbaycanla bağlı daha iki əsər: "Cənubi Azərbaycan Milli şüur (XX əsrin İ yarısı)" və "Cənubi Azərbaycan məsələsinin öyrənilməsi"(V.K.Mustafayev) adlı iki nəşr etdirilmişdir. Birinci əsərdə milli şüurun formalaşmasının siyasi, iqtisadi, sosial və mədəni amilləri, mərhələləri, əsas xüsusiyyətləri, milli şüurun məzmunu və birlik proseslərində rolu və digər məsələlər, ikinci əsərdə isə Cənubi Azərbaycan məsələsinin tarixşünaslığı öz əksini tapmışdır.

 

 
line decor

 

 
line decor