Şərq xalqlarının mənəvi həyatı, milli azadlıq hərəkatı şöbə əməkdaşlarının sistematik elmi araşdırmalarının premeti olmuşdur. Bu sahədə aparılan tədqiqatları düzgün qiymətləndirmək üçün onları üç əsas mərhələdə və mövzular üzrə nəzərdən keçirmək daha münasib olardı. Birinci mərhələ İnstitutun yaradılmasından 1986-cı ilin fevralına qədər olan dövrü əhatə edir. 19 fevral 1986-cı ildə Akademiyanın Rəyasət Heyəti "Xarici Şərq ölkələrinin siyasət və ideologiyasında islamın fəallaşması ilə əlaqədar elmi-tədqiqat və təbliğat işinin təsirliliyinin yüksəldilməsi sahəsində əlavə tədbirlər haqqında" qərar qəbul etmişdi. Bu qərarda islamşünaslıq şərqşünaslıq elminin prioritet sahəsi kimi müəyyən edilirdi: islamda baş verən proseslərin, xüsusilə bu dindəki dirçəlişin səbəblərini öyrənmək zərurəti meydana çıxmışdır. 1986-cı ilin əvvəllərindən başlanan ikinci mərhələ 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi ilə başa çatır. Bu vaxtdan etibarən İnstitutun dini-fəlsəfi araşdırmalarla bağlı fəaliyyətində metodoloji baxımdan tamamilə fərqli yeni, üçüncü mərhələ başlanır.
Birinci mərhələdə tədqiqatlar əsasən Yaxın və Orta Şərq xalqlarının ictimai fikri və bölgədə marksizm-leninizm ideyalarının yayılması mövzusu ətrafinda cəmlənmişdir. Bu illərdə şöbə ideoloji tədqiqatlar şəbəsi kimi fəaliyyət göstərirdi və ona prof. Əbdülhüseyn Agahinin "İranda marksizm-leninizm ideyalarının yayılması" (Bakı, 1961, rus dilində) və "İranda ictimai və fəlsəfi fikir tarixindən" (Bakı, 1971, rus dilində) kitabları, Esmeraldo Həsənovanın "Türkiyədə burjua millətçiliyi ideologiyası" (Bakı, 1966, rus dilində), Mənsur Əliyevin "Müasir İran ziyalıları" (Bakı, 1970), Beytulla Bağırovun "İranda marksist-leninçi fəlsəfəsinin saxtalaşdırılmasına qarşı" (Bakı, 1978, rus dilində), Elmira Zamanovanın "Marksist-leninçi estetikanın Türkiyədə mütərəqqi estetik fikrin inkişafına təsiri" (Bakı, 1987, rus dilində) kitabları, habelə Əli Şəmidənin İranda fəhlə hərəkatının tarixinə həsr edilmiş yazıları işıq üzü görür. Qasım Kərimovun "Əl-Qəzali və sufizm" (Bakı, 1969, rus dilində) kitabı elmi araşdırmaların ümumi istiqamətindən bir qədər kənara çıxsa da, elmiliyi, çılpaq partiyalılıq prinsipindən uzaqlığı ilə seçilirdi.
Bu illərdə şöbənin əməkdaşlarını daha çox İran və Türkiyə maraqlandırır, ərəbşünaslar ictimai fikrin öyrənilməsinə hələ kifayət qədər hazır deyildilər. 1970-ci illərdə şöbəyə ərəbşünaslar qəbul edilir. Ərəb ölkələrinin ictimai-dini fikri öyrənilməyə başlayır.
1-3 oktyabr 1986-cı ildə keçmiş Sovet məkanında ilk dəfə olaraq Bakıda, Azərbaycan Elmlər Akademiyasının binasında "Müsəlmanlar sülh uğrunda mübarizədə" beynəlxalq konfransın keçirilməsi islamşünaslıq sahəsində tədqiqatlara yeni təkan verdi. Bu vaxt istər ideoloji problemlər və xarici islamşünaslıq məsələsi şöbəsinin əməkdaşları, istərsə də institutun tarixçi və filoloqları bir sıra maraqlı əsərlər hazırlayırlar. Rafiq Əliyev və Abutalıb Məmmədovun "İslam və ərəb ölkələrində milli-azadlıq hərəkatı" (Bakı, 1986) kitabı çapdan çıxır. 1960-1970-ci illərdə Misir, Əlcəzair, Liviya və Yəməndə gedən siyasi proseslərdə islamın bir ideya sistemi, həyat tərzi kimi roluna həsr edilmiş bu kitabda müəlliflər islamın yalnız müasir dövrdə deyil, yarandığı ilk vaxtlarda siyasətlə bağlı olduğunu sübuta yetirməyə, bu dinin ərəb cəmiyyətlərinin siyasi həyatında vəznini müəyyən etməyə çalışırlar. Abutalıb Məmmədovun "İslam və Qərb ölkələrinin sosial-mədəni inkişaf problemləri" (Bakı, 1986 rus dilində) kitabı da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Bu illərdə Müsəlman Şərqində gedən ideoloji proseslər diqqətlə öyrənilir, bu proseslərdə islamın roluna xüsusi maraq göstərilir. E.Həsənovanın, T.Həsənovun, E.Zamanovanın, A.Məmmədovun, R.Əliyevin Moskva və Daşkənd şəhərlərində keçirilən konfranslara təqdim etdikləri məruzələrdə islamın Türkiyə və digər Şərq ölkələrinin ictimai fikrində oynadığı rol geniş təhlil edilir. Ramiz Mürsəlovun "Bloklara qoşulmamaq siyasətinin ideoloji aspektləri" (Bakı, 1986, rus dilində) kitabında Misir, Əlcəzair, Liviya, Cənubi Yəmən materialı əsasında bitərəflik hərəkatının təşəkkülü, təkamülü və müasir durumu tədqiq edilir. Şöbənin Yaxın Şərq xalqlarının ictimai fikrinin öyrənilməsi sahəsində beynəlxalq elmi əlaqələri genişlənir. Gülbəniz Əhmədova Özbəkistan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda "Səlamə Musanın ictimai-siyasi baxışları və onun ərəb maarifçiliyi ideologiyasının inkişafinda rolu" adlı namizədlik dissertasiyasını müdafiə edir. 1991-ci ildə onun "Səlamə Musa Misir dirçəliş hərəkatının ideoloqudur" adlı monoqrafiyası nəşr edilir.
Şöbənin fəaliyyətində islamla bağlı problemlərə həsr edilmiş konfransların keçirilməsinə xüsusi diqqət yetirilir. 20-21 may 1987-ci ildə "Yaxın və Orta Şərq və Şimali Afrika ölkələrinin ideologiya və siyasətində islam" mövzusunda respublika konfransı keçirilir. 11-13 may 1988- ci ildə "Müasir Afrikada və Yaxın Şərqdə etnokonfessional proseslər" mövzusunda keçirilən ümumittifaq elmi konfransında institutun islamşünasları din və millətçilik problemləri sahəsində səriştəli mütəxəssislər kimi çıxış edirlər.
Qeyd edilməlidir ki, ikinci mərhələdə aparılan tədqiqatlarda "milli sosializm"konsepsiyalarında islam mövzusu xüsusi yer tutur. Rafiq Əliyev 1989-cu ildə həmin mövzuda doktorluq dissertasiyası müdafiə edir. Onun 1993-cü ildə rus dilində nəşr edilmiş "İslam, ərəbizm, sosializm" monoqrafiyası da bu mövzuya həsr olunmuşdur. Əsərdə müəllif Misir, Əlcəzair, Suriya, İraq və Cənubi Yəmən kimi ərəb ölkələrində geniş yayılmış və dövlət tərəfindən dəstəklənən ictimai inkişaf konsepsiyalarında islamın yeri məsələsini hərtərəfli təhlil edir. Əsərin 1993-cü ildə çap olunduğuna baxmayaraq, R.Əliyev əvvəllər irəli sürdüyü müddəalarda heç bir dəyişiklik etmir, fikirlərini müxtəlif marksist-leninçi nəzəriyyəçilərə istinadən müdafiə edir.
Bu vaxt E.Həsənovanın da "Türkiyənin ictimai-siyasi fikrində "islam sosializmi" ideyaları (1960-cı illər)" kitabı nəşr edilir. Sosializmin bir sistem kimi dağıldığı bir zamanda Türkiyədə "islam sosializmi" ideyalarının öyrənilməsi keçilən yola tənqidi yanaşmaq üçün zəngin material verir.
1986-1990-cı illərdə şöbədə "Müasir islamın aktual problemləri" məcmuəsinin buraxılması islama dair tədqiqatların yeni, daha yüksək səviyyəyə qaldırılmasına şərait yaratdı.
Məcmuənin birinci buraxılışında (1986) T.Həsənovun "Qadın haqqında bəzi Quran ayələrinin şərhi", A.Məmmədovun "İslamın dirçəlişi məsələlərinə dair", İ.Avdiyevin "XİX əsr Azərbaycan cəmiyyətinin sosial-siyasi strukturunda müsəlman ruhaniləri", R.Paşayevanın "Səudiyyə Ərəbistanının ictimai-siyasi həyatında üləmaların rolu" və digər mütəxəssislərin məqalələri islam tədqiqatlarının əhatə dairəsi haqqında dolğun təsəvvür yaradır. Müəlliflərin istər Qərb şərqşünasları, istərsə də bəzi sovet islamşünasları ilə bu və ya digər məsələlərdə qənaətbəxş və tutarlı dəlillərə istinadən polemikaya girmələri onların şəksiz xidməti kimi qiymətləndirilməlidir.
"Müasir islamın aktual problemləri" məcmuəsinin ikinci buraxılışı (1988) daha sanballı alındı. Birinci buraxılışda qazanılmış təcrübə faydalı oldu. A.Məmmədovun "Müasir islam: islamda azadlığa dair konsepsiyaların tənqidi", E.Həsənovanın "Müasir Türkiyədə "islam-türk sintezi" konsepsiyasının bəzi aspektləri", İ.Avdiyevin A.Məmmədovla birlikdə yazdığı "İslamda tərəqqi konsepsiyası" məqalələri mütəxəssislərin diqqətini cəlb etdi. Bu yazılarda bir sıra mühüm metodoloji məsələlər qoyulur, islam fikrinin təkamül mərhələləri izlənir.
Məcmuənin üçüncü buraxılışı (1990) da uğurlu alındı. Məqalələrdə ərəb müəlliflərinin islam-sosializm sintezi konsepsiyaları nəzərdən keçirilir, sosializm ideyaları ilə səsləşən Quran ayələrinin və hədislərin geniş təhlili verilir. E.Həsənovanın məqaləsində müasir Türkiyənin ictimai-siyasi fikrində islamda hakimiyyət məsələsinin yozumu araşdırılır. A.Məmmədovun "İslamın əməyə münasibəti haqqında" məqaləsində islamda əmək anlayışının təkamülü izlənir, müsəlmanların müxtəlif əmək növlərinə münasibətini müəyyən etməyə cəhd göstərilir.
Bu illər aparəlan tədqiqatlarda "islam və milli sosializm" problematikası üstenlek təşkil edir, islama tənqidi münasibətlə yanaşı, islam əsasında sosializm qurmaq, imperializmə qarşı mübarizə aparmaq, inkişaf etməkdə olan ölkələri tərəqqiyə qovuşdurmaq barədə stereotip təsəvvürlər müdafiə edilir. Bu xüsusiyyət özünü R.Əliyevin 1989-cu ildə müdafiə etdiyi "İslam milli sosializm konsepsiyalarında (ərəb ölkələri)" adlı doktorluq dissertasiyasında, N.B.Babayevanın 1991-ci ildə müdafiə etdiyi "Cənubi Azərbaycanın ictimai fikrində liberal-demokratik istiqamətin yaranması (XİX-əsrin sonu-XX əsrin əvvəli)", M.Ş.Ərəbzadənin 1992-ci ildə müdafiə etdiyi "Sudanda ideya-siyasi mübarizə və "islam faktoru" (70-80-cı illər)", R.S.Mustafayevin 1994-cü ildə müdafiə etdiyi "Dövlət quruculuğunun nəzəriyyə və praktikasında islam və millətçilik (Sudan nümunəsi əsasında)" adlı namizədlik dissertasiyalarında əyani şəkildə göstərir.
Azərbyacan 1991-ci ildə müstəqillik qazandıqdan sonra ölkədə milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsi kimi islama maraq artdı. Bu maraq islam tədqiqatçılarının güclənməsinə səbəb oldu. İdeoloji problemlər şöbəsi Din və ictimai fikir tarixi şöbəsi kimi yenidən quruldu, tədqiqatların istiqamətində islama geniş yer ayrıldı.
Müstəqillik illərində şöbənin əməkdaşlarıbilavasitə islamın ibadətlərinə dair yazılar nəşr etməyə başladılar. "Ziyarət" (1990), "Həcc bələdçisi" (1991), "İslamın ziyarət ibadətləri" (2001) kitablarında həccin əməlləri ətraflı araşdırılır. Şöbənin moskvalı şərqşünaslarla birlikdə hazırladığı "İslam: tarix, fəlsəfə, ibadətlər" (Bakı, 1994) məcmuəsində islam fikir cərəyanları və islam ibadətləri ilə bağlı materiallar, islam istilahları lüğəti oxucular tərəfindən maraqla qarşılandı. 1993-cü ildə Türkiyə ilahiyyatçısı Rəcəb Dikicinin "Böyük övliyalar" kitabı Azərbaycan türkcəsində çapa hazırlandı, kitaba ön söz, qeyd və şərhlər yazıldı. Kitab maraq doğurduğu üçün 1998-ci ildə AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın da əlavə materialları ilə yenidən nəşr edildi. 2001-ci ildə A.Məmmədovun "İslamda əsas sosial-fəlsəfi anlamlar" kitabı çapdan çıxdı. Kitabda islamın tərəqqi, zaman, əmək, azadlıq və məsuliyyət, var-dövlət və yoxsulluq məsələləri ilə bağlı mövqeyi araşdırılır, bu anlayışların müsəlman cəmiyyətinin sosial-iqtisadi durumundan asılı olaraq təkamülü izlənir.
Bu dövrdə Ramiz Mürsəlovun "Millətçilik təfəkkürü - birlik və parçalama meylləri" (Bakı, 1994) kitabı nışr edildi. Onun Quranın qiraətləri, Quranda xəlqetmə məsələsi, hədislərin tarixi və digər mövzularda hazırladığı məqalələr mətbuat səhifələrində maraqla qarşılanır. Onun bəzi ərəb alimlərindən etdiyi tərcümələr islama, xüsusilə vəhhabiliyə dair zəngin material ehtiva edir.
Şöbənin son vaxtlar çap edilmiş işləri mühüm və aktual məsələlərə həsr edilmişdir. E.Həsənovanın 2002-ci ildə çapdan çıxmış "Respublika Türkiyəsində dünyəvilik və islam" monoqrafiyasında dünyəvi dövlətdə "laikliyin" din-dövlət münasibətlərində rəhbər prinsip tutulmasına imkan verən tarixi, kulturoloji və sosial-psixoloji amillər araşdırılır, islamın siyasi aktivliyi şəraitində laiklikdə baş verən dəyişikliklər təhlil edilir. Ümid etmək olar ki, kitabın materialları Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsi işində faydalı olacaqdır.
Şöbəyə 2001-ci ildən etibarən fəls.e.n. A.M.Məmmədov başçılıq edir. 2003-cü ildə M.Kazım bəyin 200 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfransın, akad.Z.M.Bünyadovun 80 illiyinə həsr olunmuş "Şərqin aktual problemləri: tarix və müasirlik" konfransların, 2004-cü və 2005-ci illərdə "Qloballaşma və islam" mövzusunda elmi konfransın keçirilməsində şöbə əməkdaşlarının rolu böyük olmuşdur. Hazırda şöbədə elmi-tədqiqatlar "Yaxın Şərqin ictimai-siyasi həyatında islam amili" problemi ilə bağlı aparılır. İslam fundamentalizminin mənşəyi, əsas istiqamətləri, ayrı-ayrı müsəlman ölkələrində təzahür formaları araşdırılır. A.M.Məmmədovun "İslam fundamentalizmi: mahiyyəti, əsas prinsipləri və təzahür formaları" (Bakı, 2004) və R.Ə.Mürsəlovun "Müasir islam fundamentalizmi" (Bakı, 2004) kitabları bu araşdırmaların nəticəsidir. E.Həsənovanın "Türkiyədə din və təsəvvüf sosiologiyası", M.Əliyevin "Pəhləvi rejimi dövründə İran mətmuatında Cənubi Azərbaycan mövzusu", B.Bağırovun "İranın fəlsəfi irsi" kitablarının çapa hazırlanması üzərində iş gedir.
Şöbədə kadr hazırlığı işi də yaxşı qurulmuşdur. Şöbənin aspirant və dissertantları "Nurçuluq: tarixi və müasir durumu", "Bəhailik sinkretik dini təlim kimi", "İbn Ərəbinin dini-fəlsəfi görüşləri", "İslam-xristian dialoqunun tarixi və əsas xüsusiyyətləri", "ADR dövrü mətbuatında islam mövzusu", "Müasir ərəb ölkələrində islam modernizmi", "Müasir Türkiyədə dini təhsil" və s. mövzularda tədqiqatlar aparır, şöbədə keçirilən seminarlarda maraqlı məruzələrlə çıxış edirlər.
![]()
|
||||||||||
|
|
|||||||||