İnstitutun ən gənc şöbəsi olan "Şərq-Qərb" şöbəsi 2001-ci ildə yaradılmışdır. Şöbəyə fəlsəfə elmləri namizədi Anar Əzimov rəhbərlik edir. Şöbənin tədqiqat istiqamətini "Şərq-Qərb" müqayisəli araşdırmalarının aparılması təşkil edir. "Şərq -Qərb" çox geniş bir məfhum olduğuna görə həmin araşdırmaları şöbədə çalışan, müxtəlif elmləri və elmi istiqamətləri təmsil edən mütəxəssislər aparırlar.
Əsas diqqət müasir və aktual beynəlxalq siyasət məsələlərinə, həmçinin kulturoloji məsələlərə verilir. İnstitutunun ənənəvi istiqamətlərini nəzərə alaraq, həmin tədqiqat problematikası əsasən Türkiyə, İran və Ərəb ölkələri timsalında araşdırılır. Eyni zamanda Çin və Yaponiya ilə bağlı tədqiqatların başlanması planlaşdırılır.
Şöbə çərçivəsində aparılan araşdırmaların ümumi prinsipi Şərqin və Qərbin bir-birinə tarixi təsiri və bu təsirin həm pozitiv, həm də neqativ cəhətlərini göstərməkdir. Şöbə tərəfindən hazırlanan tədqiqatların məqsədi Qərb və Şərq mədəniyyətlərini dünya mədəniyyətinin iki müxtəlif və vacib hissələri kimi göstərməkdir.
Şöbənin əsas fəaliyyət istiqamətləri bunlardır:
- Şərq və Qərb sivilizasiyalarının ayrı-ayrı cəhətlərinin müqayisəli və çoxtərəfli təhlili;
- Qərb mədəniyyətinin Şərq ölkələri tərəfindən qavranılmasının, Şərq və Qərb ölkələri arasında münasibətlərin tarixi təcrübəsinin təhlili;
- Şərqin Qərb ölkələrinə mədəni, iqtisadi, sosial və siyasi təsirinin təhlili;
- Beynəlxalq əlaqələrin "Şərq-Qərb" qarşılıqlı münasibətlər prizmasından araşdırılması.
Hal-hazırda şöbədə aşağıdakı istiqamətlərdə tədqiqatlar aparılır:
1. Dinlərarası münasibətlər və kütləvi informasiya vasitələri (A.Əzimov);
2. Türkiyədə modernləşmə prosesinin kulturoloji təhlili (R.Rzayeva);
3. Britaniyada islam (N.Əlizadə);
4. Ərəb ölkələrində ictimai rəy və Xəzərətrafı beynəlxalq əlaqələr (S.İbrahimova);
5. Ərəb üzri lirikası və orta əsrlər Avropa poeziyası (A.Cəbrayılova);
6. İşraqilik və XX əsr Qərb fəlsəfəsinin inkişafı (A.Əzimov);
7. "Şərq-Qərb" paradiqması və gender problemləri (A.Əzimov).
Dinlərarası münasibətlər və kütləvi informasiya vasitələri adlı işdə müxtəlif konfessiyalar arasında olan problemlər və dialoq potensialı təhlil olunur. Azərbaycana, Avropa ölkələrinə, İsrailə, Rusiyaya aid münasib statistika məlumatları haqda bəhs olunur. İşin əsas nəticələri dini dəyərlərin dünyəviləşdirməsini, dinlərarası dialoqun, Şərqin və Qərbin bir-birinə harmonik yaxınlaşmasının əsas amil kimi təsdiq edir.
Türkiyədə modernləşmənin kulturoloji təhlili XX əsrin əvvəllərində baş vermiş və infiyə qədər davam edən prosesin ətraflı tədqiqindən ibarətdir. Modernləşmə faktiki olaraq Qərbin siyasi, sosial və mənəvi mədəniyyətinin mənimsənilməsini nəzərdə tutsa da, əslində ümumbəşəri dəyərlərin qavranması və inkişaf etdirilməsidir.
Britaniyada islamın yayılmasının tarixi və müasir dövrdə bu ölkədə müsəlmanların vəziyyətinin öyrənilməsi Şərq-Qərb sivilizasiyalararası münasibətlərinin və Qərbdə islamın mövqelərinin və perspektivlərinin aydınlaşdırılması baxımından olduqca önəmli məsələdir.
"Ərəb ölkələrində ictimai rəy və Xəzərətrafı beynəlxalq əlaqələr" adlı iş Azərbaycan elmi üçün çox əhəmiyyətlidir. Neft amili ilə bağlı bu tədqiqatda ərəb və türk dünyaları arasında tarixi münasibətlərin indiki vəziyyəti və bu münasibətlərdə Qərbin rolu araşdırılır.
Ərəb üzri lirikası və Orta əsrlər Avropa poeziyası arasında oxşarlıq müasir problemlərdən bir qədər uzaq görünsə də, oxşarlığı araşdıran iş Qərb və Şərq arasında əlaqələrin dərin köklərə malik olmasını göstərir.
"İşraqilik və XX əsr Qərb fəlsəfəsinin inkişafı" adlı işin tədqiqat obyekti fəlsəfi mövzu olmasına baxmayaraq, o, ancaq mücərrəd anlayışları şərh etmir, həmin anlayışlar çərçivəsində Şərq-Qərb paradiqmasının ən universal modelini də müəyyənləşdirir.
Ən nəhayət, şöbədə müxtəlif ixtisasları təmsil edən alimlərin diqqətini gender probleminin fəlsəfi aspektləri də cəlb edir.
![]()
|
||||||||||
|
|
|||||||||