Ərəb filologiyası şöbəsi 1976-ci ildə yaradılmışdır və ona həmin dövrdən 1992-ci ilə qədər, o dövrdə istər respublika, istərsə də ümumittifaq səviyyəsində özünün elmi biliyi və təşkilatçılıq fəaliyyəti ilə yaxşı tanınan filologiya elmləri doktoru, professor Aida İmamquliyeva rəhbərlik etmişdir. Məhz bu dövrdə Ərəb filologiyası şöbəsi elmi aktivlik baxımından yüksəliş etmişdir. Görkəmli alimin rəhbərliyi ilə bir sıra namizədlik dissertasiyaları müdafiə olunmuş, ərəb ədəbiyyatının müxtəlif sahələrini əhatə edən kitab və monoqrafiyalar həm Azərbaycan, həm də rus dilində çap olunmuşdur. Ərəb filologiyasının aktual məsələlərinə həsr olunmuş müxtəlif konfrans və seminarların keçirilmə faktı da Ərəb filologiyası şöbəsinin rəhbəri A.İmamquliyevanın adı ilə bağlıdır. Ərəb ədəbiyyatının qlobal problemlərinin tədqiqi ilə məşğul olan alimlərə başçılıq edən Aida xanım ərəb məhcər ədəbiyatının tədqiqi sahəsində bir neçə fundamental əsərin müəllifi kimi çıxış edərək Azərbaycan şərqşünaslıq elminin inkişafına öz töhfəsini vernişdir. Alimin "Qələmlər birliyi" və Mixail Nuaymə" adlı əsəri ərəb məhcər ədəbiyyatının meydana gəlməsindən, xüsusilə XX əsrin 20-ci illərində Nyu-York şəhərində yaşayan mühacir ərəb yazıçıları tərəfindən yaradılan "Qələmlər birliyi" adlı ədəbi birliyin yaranma və inkişaf tarixindən bəhs edir. Əsərin böyük hissəsi "Qələmlər birliyinin" əsasını qoyanlardan birinə - Livan yazıçısı Mixail Nuaymənin yaradıcılığının tədqiqinə həsr olunmuşdur. A.İmamquliyevanın "Cubran Xəlil Cubran" adlanan ikinci əsərində ərəb məhcər ədəbiyyatının digər görkəmli nümayəndəsinin yaradıcılığından bəhs olunur. Bu tədqiqat əsərində Cubran Xəlil Cubranın əsərlərində romantik üslubun inkişaf xətti izlənilir. Görkəmli alimin sonuncu əsəri "Yeni ərəb ədəbiyyatının korifeyləri" ərəb ədəbiyyatının tədqiqi sahəsində əsı töhfədir. Bu fundamental əsər yeni ərəb ədəbiyyatının digər xalqların ədəbiyyatlarında baş verən proseslərlə əlaqələrinə həsr olunmuş xüsusi tədqiqatdır. Tədqiqatda "Suriya -amerikan məktəbinin" üç görkəmli nümayəndəsinin - C.X.Cubran, Əmin ər-Reyhani və Mixail Nuaymənin yaradıcılıqlarının nümunəsində Qərb romantizminin və rus tənqidi realizminin ərəb ədəbiyyatına təsir xarakteri və əhəmiyyəti araşdırılır. Beləliklə, uzun illər ərzində ərəb filologiyası şöbəsinə rəhbərlik etmiş f.e.d., professor A.İmamquliyevanın yüksək elmi və təşkilatçılıq qabiliyyəti şöbənin bir sıra uğurlarına rəvac vermiş və ərəb filologiyası şöbəsi Azərbaycan şərşünaslığının inkişafında böyük rol oynamışdır.
Hazırda şöbədə ərəb dilçiliyi və ədəbiyyatı ilə bağlı araşdırmalar davam etdirilir. Bununla belə Yarandığı gündən indiyə qədər burada ərəb dili və ədəbiyyatının tədqiqi ilə yanaşı, ərəb -Azərbaycan linqvistik və ədəbi əlaqələri də kifayət qədər tədqiqata cəlb olunmuşdur.
Məsələn ötən əsrin 80-90-cı illərində şöbənin əməkdaşları orta əsrlərdə ərəb dilçiliyi sahəsində əsərlər yazmış, Azərbaycan alimlərinin əsərlərini tapıb üzə çıxarmış və bu əsərləri tədqiq edərək Azərbaycan dilçilərinin ərəb elminə verdikləri töhfələrin məğzini aça bilmişlər. Bu tədqiqatlar sırasında f.e.n. L.Orucovanın "Əz-Zəncaninin" Mabadiu fit-tasrif" əsəri, "XVİİİ əsr Azərbaycan alimi İbrahim əl-Əraşinin linqvistik yaradıcılığı", f.e.n. Ç.Mirzəzadənin "Azərbaycan alimi hübeyş Tiflisinin "Qanuni-l-ədəb" lüğəti, "İbn Firiştə və onun qafiyəli qlossarisi", f.e.n. Z.Rüstəmovanın "Əbu Həyyam əl-Əndəlusi". "Əd-durra əl-mudiyyə fi-l-luğa ət-turkiyyə" əsərlərini xüsusi qeyd etmək lazımdır.
Son illər ərzində şöbənin ərəb dilçiliyi sahəsində çalışan əməkdaşları lüğətlərin tərtibi sahəsində uzun illərdən etibarən mövcud olan ənənəni davam etdirərək nəinki orta əsrlərin leksikoqrafik əsərlərinin tədqiqi ilə məşğul olmuş, hətta ictimai həyatın müxtəlif sahələrinə aid xüsusi lüğətlərin tərtibinə başlamışdır. T.e.n. L.Orucovanın hazırladığı "Ərəb dilçilik terminləri lüğəti" nəşr olunmuşdur. Hazırda filologiya elmləri namizədləri - L.Orucova və Z.Rüstəmova dörddilli (Azərbaycan, rus, ərəb və latın) "Tibb terminləri lüğəti" üzərində işlərini davam etdirirlər.
Şöbənin ədəbiyyatşünas alimləri isə bir tərəfdən Misir, Suriya, İraq, Livan və məhcər ərəb ədəbiyyatının, bu ədəbiyyatlarda cərəyan edən ədəbi proses və cərəyanların, dünya miqyaslı ərəb bədii söz ustalarının yaradıcılığının tədqiqi, digər tərəfdən isə Azərbaycan -ərəb ədəbi əlaqələrinin araşdırılması ilə məşğuldurlar. Məsələn, təkcə son bir neçə il ərzində yuxarıda sadalanan problemlərlə bağlı çap olunmuş əsərlərin adları bu rəngarəngliyin mənzərəsini aydın əks etdirir: "Qələmlər birliyi" və "Mixail Nuaymə", "Yeni ərəb ədəbiyyatının korifeyləri" (A.İmamquliyeva) "Əbdül Fərəc əl-İsfahanninin "Nəğmələr kitabı" və klassik Azərbaycan ədəbiyyatı" (G.Baxşəliyeva) "İraq neoklassik poeziya" (V.Cəfər), "Azərbaycan -ərəb ədəbi əlaqələri" (F.Əliyev). Ötən il şöbənin gənc ədəbiyyatşünas əməkdaşları - X.Ələkbərova "Nəcib Məhfuzun roman qəhrəmanlarının təkamülü", A.Barxalov isə "İlkin Abbasilər dövründə ərəb filologiyası və digər elmləri islam sivilizasiyasının tərəqqisi konteksində" mövzusunda namizədlik dissertasiyalarını uğurla müdafiə etmişlər.
Ümumiyyətlə, şöbə əməkdaşları ötən dövr ərzində 28 monoqrafiya, 3 buraxılış "Ərəb filologiyası məsələləri" adlı məqalələr məcmuəsi, 200-dən çox ərəb dilçiliyi və ədəbiyyatının bu və ya digər sahələri ilə bağlı məqalə çap etdirmişlər. Ərəb filologiyası şöbəsinin ədəbiyyatşünas əməkdaşlarının nəzəri tədqiqatlarının nəticələri Azərbaycan dilinə tərcümə olunmuş şer və hekayələrdən ibarət toplu və antologiyalar şəklində öz praktik təcəssümünü tapmışdır. Məsələn, Misir, Livan ,İraq, Sudan, Mərakeş, Əlcəzair, İordaniya, Fələstin kimi ərəb ölkələrinin yazıçılarının hekayələri toplusundan ibarət "İnsan və quş", "Ağ günlərin sorağında" adlı İraq ədəbiyyatı antologiyası nəşr olunmuşdur. Bundan əlavə f.e.d., professor G.Baxşəliyeva ilk dəfə olaraq Əbül-Fərəc əl-İsfahaninin "Nəğmələr kitabı" antologiyasından üzri məhəbbət şairi Qeys ibn Müləvvəhin -Məcnunun həuat və yaradıcılığını əks etdirən iki fəsli və ərəbdilli Azərbaycan şairləri Musa Şəhavat, İsmayıl ibn Yassar və Əbu-l-Abbas Əl-Əmadan bəhs edən üç fəsli tam şəkildə tərcümə etmişdir. Bu tərcümələr "Əbül-Fərəc əl-İsfahani "Nəğmələr kitabı" (rus dilində) və "Əbül-Fərəc İsfahani. "Bir Məcnun vardı..." adlı kitablar şəklində nəşr olunmuşdur.
Şöbənin bütün uğurları baş elmi işçilər L.Orucova və Z.Şıxəlibəylinin rus dilində çap etdirdikləri "Azərbaycanda ərəb filologiyasının inkişafı" adlı kitabda öz əksini tapmışdır.
Ərəb filologiyası şöbəsinə hazırda filologiya elmləri doktoru Vilayət Cəfərov rəhbərlik edir. O, bir neçə monoqrafiyanın, 70-dən çox müxtəlif səpkili məqalələrin müəllifidir. Görkəmli ərəb yazıçısı Cürci Zeydanın "Fərqanə gəlini" ("Ərucu Fərğanə") romanı (20 ç.v.) onun tərcüməsində 1998-ci ildə "Gənclik" nəşriyyatında çapdan buraxılmışdır. "Ağ günlərin sorağında" adlı kollektiv tərcümə kitabı da onun yaxından iştirakı ilə nəşr olunmuşdur.
Şöbənin əməkdaşları İnstitutun cari işlərində, institut və respublika səviyyəsində keçirilən elmi konfranslarda fəal iştirak edirlər.
![]()
|
||||||||||
|
|
|||||||||