Şərqşünaslıq İnstitutu tərkibində fəaliyyət göstərən "Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsi" 1964-cü ildə təşkil olunub. Onun bir şöbə kimi təşkili vaxtilə dövrün ümdə tələbindən irəli gələn və respublikamızda şərqşünaslıq elminin inkişafına böyük təkan verən dövlət əhəmiyyətli vacib bir tədbir idi. Həmin dövrdə yenicə azad olub, müstəqil inkişaf yoluna qədəm qoymuş gənc ərəb dövlətləri ilə geniş hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələr qormaq tələbi tezliklə Ərəb Şərqinin elmi surətdə öyrənilməsini müjüm bir məsələ kimi ortaya çıxarır.
Şöbəyə ilk gündən ölkəmizdə şərqşünaslıq elminin görkəmli nümayəndəsi, böyük ərəbşünas alim, akademik Z.M.Bünyadov rhbərlik edib. Təxminən otuz il onun başçılığı altında işləyən şöbə qısa bir zamanda respublikamızda geniş tanınaraq, ərəb ölkələri üzrə ixtisaslaşmış mötəbər elmi ocağa çevrilir. Qeyd edilməlidir ki, ölkə üzrə yeni tarixçilər nəslinin yetişdirilib hazırlanmasında, onların mütəxəssis alim kimi formalaşmasında bu şöbənin mühüm rolu olub. Şöbə həm Xilafət və ona daxil olan ölkələrin tarixi keçmişini, həm də müasir ərəb dövlətinin tarix və iqtisadiyyatını tədqiq etməklə məşğuldur.
Orta əsrlərin tədqiqi elmi araşdırmalar arasında üstünlük təşkil etdiyindən bu sahədə görülən işlər, şübhəsiz, şöbə əməkdaşlarının elmi fəaliyyətində xüsusi yer tutur. Yaxın və Orta Şərq bölgəsində müxtəlif tarixi dövrlərdə ayrı - ayrı dövlətlərin yaranması, inkişafı və tənəzzülü, dini-ictimai hərəkatlar, habelə xalq üsyanları - şöbənin uzun müddət başlıca tədqiqat mövzularını təşkil edib.Bu mövzular zaman etibarilə geniş tarixi bir dövrü əhatə edərək, tədqiq olunan ictimai quruluşlarda gedən bir çox mühüm proseslərin, baş verən siyasi hadisələrin təhlilinə həsr olunub. Nəticə etibarilə həmin məsələlərə dair bir sıra məqalə, dissertasiya və monoqrafiyalar meydana çıxır.
Bu yöndə görülən işlər arasında akademik Ziya Bünyadovun elmi yaradıcılığı xüsusi qeyd olunmalıdır. Belə ki, onun orta əsrlər üzrə apardığı dərin, eyni zamanda orijinal elmi araşdırmaları, ərsəyə gətirdiyi sanballı tədqiqat əsərləri Azərbaycanda tarixşünaslıq elmini daha da zənginləşdirmiş, onu inkişaf etdirərək keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır. Yalnız bunu göstərmək kifayətdir ki, elmi fəaliyyətində bu xətti özü üçün əsas seçmiş Ziya Bünyadov qeyri-adi, fədakar əməyi sayəsində qısa bir zamanda bir-birinin ardınca "Azərbaycan Vİİ-İX əsrlərdə" (1965), "Azərbaycan Atabəyləri dövləti" (1978) və "Xarəzmşahlar-Anuştəkinilər dövləti" (1986) kimi sanballı, dünyaşöhrətli monoqrafiyalarını yazıb çap etdirir. Birinci iki əsəri, adlarından göründüyü kimi, bilavasitə Azərbaycanla bağlı olub, onun müəyyən dövrlərdəki tarixinə aiddir. Bu da təsadüfi deyil, çünki Ziya Bünyadov dai ölkəmizin tarixi keçmişinə onun hərtərəfli tədqiqinə xüsusi qayğı göstərmiş, öz elmi-tədqiqat işləri ilə bu sahədəki mövcud boşluqları aradan qaldırmağa və bu yolla Azərbaycanın orta əsrlər tarixinin tam, dolğun şəkildə yazıb, onun elmi şərhini verməyə çalışmışdır. Onun Azərbaycan Atabəyləri dövləti haqqındakı monoqrafiyası bu mənada xüsusi əhəmiyyət kəsb etdiyindən ölkəmizin elmi ictimaiyyəti tərəfindən böyük maraqlı qarşılanmış və yüksək dəyərləndirilərək 1980-cı ildə Dövlət mükafatına layıq görülmüşdür. Adı çəkilən əsərlərdən başqa Ziya Bünyadov Xilafət və Azərbaycan, Qafqaz və Orta Asiya xalqlarının tarixinə aid çap olunmuş çoxlu sayda elmi məqalə və rəylərin müəllifidir. Lakin Ziya Bünyadovun elmi yaradıcılığı təkcə bu növ tədqiqat işləri ilə məhdudlaşmır. Onun maraq dairəsi xeyli geniş olub, şərqşünaslıq elminin digər sahələrini və birinci növbədə mətnşünaslıq sahəsini də əhatə edir. Azərbaycan, o cümlədən türk xalqlarının tarixinə aid bir çox qiymətli mənbə və qaynaqları seçib, ərəb dilindən tərcümə etməklə Ziya Bünyadov həmin əsərləri yenidən həyata qaytarmiş və tarixçi tədqiqatçılara, geniş oxucu kütləsinə onlardan sərbəst istifadə etmək imkanı yaratmışdır.
Ümumiyyətlə, tarixi araşdırmalarla yanaşı ərəb, fars və türkdilli yazılı abidə, mənbə və sənədlərin tədqiq və tərcüməsi, habelə nəşri şöbənin daim yerinə yetirdiyi digər əsas istiqamətlərdən biridir. Həmin mənbə və sənədlərdə Azərbaycanın orta əsrlər tarixinə, coğrafiya və inzibati bölgüsünə dair çoxlu qiymətli və nadir məlumatlar olduğundan onların tərcümə və nəşri indinin özündə də elmi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Şöbə çərçivəsində mənbəşünaslığın fəallaşması keçən əsrin yetmişinci illərinə təsadüf edir. Təkcə 1971-1981-ci illər arasında Ziya Bünyadovun tərcüməsində əl-Bakuvinin "Kitəb təlxisi-l-əsər" (1971), ən-Nəsəvinin "Sultan Cəlaləddin Məngburnunun həyatı" (1973), əl-Hüseyninin "Əxbəru-d-dauləti-s-səlcuqiyyə"(1980) və İbn Əsəm əl-Kufinin "Fəthlər kitabı" (1981) əsərləri işıq üzü görür. Sonrakı illərdə şöbə işçilərindən N.Vəlixanlı İbn Xordadbehin "Kitəbu-l-məsəlik va-l-məməlik" (1986) və R.Şükürova Fəzlullah Rəşidəddinin "Oğuznamə"sini (1987) tərcümə edib çapdan çıxarmışlar. F.Əsədov isə ərəb mənbələrində türklər haqqında olan materialları seçib tərcümə edərək onları ayrıca kitab şəklində nəşr etdirir: "Ərəb mənbələri erkən orta əsr türkləri haqqında olan materialları seçib tərcümə edərək onları ayrıca kitab şəklində nəşr etdirir: "Ərəb mənbələri erkən orta əsr türkləri haqqında"(1993). 1997-ci ildə Sevda Süleymanovanın tərcüməsində Molla Məhəmməd əl-Carinin "Car salnaməsi" çıxır; bu da Azərbaycanın şimal bölgəsinin tarixi ilə məşğul olan tədqiqatçılar üçün qiymətli qaynaq hesab olunur. Bu ənənəni yenə də davam etdirən şöbə işçiləri son illər orta əsr ərəb mənbələrində Azərbaycanın tarix, coğrafiya və etnoqrafiyasına aid materialları arayıb seçərək, onları tərcümə etmiş və birgə səylərin nəticəsi olaraq toplu şəklində çap hazırlamışlar.
Xilafət və ərəb-müsəlman cəmiyyətinin, habelə müasir Yaxın və Orta Şərqin ərəb ölkələrinin tarix və ictimai siyasi durumunun tədqiqi şöbənin hər zaman başlıca elmi istiqamətini təşkil etdiyinə görə, bu sahədə görülən işlər xüsusi qeyd olunmalıdır. Şöbənin mövcud olduğu bütün dövr ərzində bu istiqamətdə ayrı-ayrı mövzular üzrə müxtəlif tədqiqat işləri yerinə yetirilmişdir. Misal üçün, E.Ağayeva Xilafətin erkən çağlarında meydana gəlmiş ərzaqilər təriqətini, E.Əlizadə zəncilər üsyanını, C.Bünyadov qərmatilər hərəkatını, F.Əsədov Xilafətin ictimai-siyasi sistemində ordunun yeri və rolunun, N.Bayramlı xəlifə ən-Nasirin dövrünü, C.İskəndərli də erkən islamda riddə hərəkatını tədqiq etmişlər. J.Vəli isə Xilafətdə ilk vətəndaş müharibəsi -şiə hərəkatı mövzusunu işləmişdir.
Şöbə eyni zamanda ərəb ölkələrinin müasir tarix və iqtisadiyyatı məsələləri ilə də məşğuldur. XX əsrdə Ərəb Şərqindəki milli-azadlıq hərəkatları, ictimai-siyasi təşkilatların fəaliyyəti müasir tarix üzrə aparılan elmi araşdırmalarda vaxtilə üstün mövzulardan olmuşdur. Şübhəsiz, dövrün siyasi tələbləri ilə ayaqlaşan bu kimi mövzular ərəb ölkələrindəki mövcud siyasi durumu, ictimai vəziyyəti araşdırıb təhlil etmək məqsədini güdürdü. C.Ruindejin "İraq xalqının Bağdad paktı əleyhinə mübarizəsi" (1966), K.Müzhərin "İraq Kürdüstanında milli-azadlıq hərəkatı" (1967) və T.Həsənovun "İraq Kommunist Partiyası milli istiqlaliyyət və demokratiya uğrunda mübarizədə" (1985) əsərləri bu səpkidə görülmüş işlərdəndir.
Ərəb ölkələrinin müasir tarix və iqtisadiyyatı ilə bağlı elmi-tədqiqat işləri şöbədə hal-hazırda da davam edir. Müstəqil Azərbaycanın ərəb ölkələri ilə qurduğu siyasi-iqtisadi, elmi-mədəni əlaqələrinin günü-gündən artıb genişlənməsi bu növ tədqiqatları xüsusilə əhəmiyyətli edir. Şübhəsiz, İ.Əsədovun "Azərbaycan və Fars körfəzi ölkələri", B.Nurinin "Qloballaşma: Ərəb Şərqi və müasirləşmə problemləri", aspirant E.Fərzullayevin "Fələstin azadlıq hərəkatında islamçı təşkilatlar və onların fəaliyyəti" kimi işləri bu qəbil tədqiqatlardandır. Şöbə laborantları P.Əfəndiyeva və G.Qafqazlı da ərəb ölkələrinin müasir mədəni və iqtisadi həyatı ilə bağlı mövzular üzərində çalışırlar.
Şöbənin yerinə yetirdiyi mühüm işlərdən biri də dissertantların elmi işlərinə rəhbərlik edib, onların mütəxəssis alim kimi yetişməsinə kömək etməkdir. Bu tədqiqatçılar həm şərqşünaslıq İnstitutunun özündən, həm də Elmlər Akademiyasının digər institutlarından və Azərbaycanın bir sıra ali təhsil ocaqlarındandır. Ötən illər ərzində neçə belə dissertant öz dissertasiyasını mərhum Ziya Bünyadovun elmi rəhbərliyi altında yazmış və müvəffəqiyyətlə müdafiə etmişdir.
Bütün bu deyilənlər, sözsüz, şöbənin Şərqşünaslıq İnstitutu tərkibində göstərdiyi hərtərəfli fəaliyyətinin əhəmiyyətindən, onun əldə etdiyi elmi nailiyyətlərinin miqyasından xəbər verir.
![]()
|
||||||||||
|
|
|||||||||