Şöbə şərq xalqlarının yazılı abidələrinin öyrənilməsi, tərcüməsi və nəşri sahəsində ciddi və məqsədyönlü tədqiqat işlərini həyata keçirir.
Şöbədə mətnşünaslıq sahəsində fundamental işlərin həyata keçirilməsi akademik Ə.Ə.Əlizadənin adı ilə bağlıdır.
1958-ci ildə yaranmış Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Mətnşünaslıq və mənbələrin nəşri şöbəsinə akademik Ə.Ə.Əlizadənin uzunmüddətli rəhbərliyi Şərq ədəbi abidələri, xüsusən, farsdilli abidələrin nəşrində yeni dövr yaratmışdır. Bu dövrdə orta əsr müəlliflərinin əsərlərinin elmi-tənqidi mətnləri nəşrə hazırlanmışdır. Onların arasında orta əsr tarixi ədəbiyyatın ən görkəmli əsərlərindən biri Fəzlullah Rəşidəddinin "Cami ət-təvarix"i mühüm yer tutur. Bu əsərin İİ cildinin İ hissəsi və üçüncü cildi bilavasitə Ə.Ə.Əlizadə tərəfindən, İ cildin birinci hissəsi isə onun başqa müəlliflərlə birgə fəaliyyəti nəticəsində hazırlanmış və nəşr edilmişdir.
Akademik Ə.Əlizadə Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi-təyin əl-məratib" əsərinin elmi-tənqidi mətninin hazırlanmasında fəal iştirak etmişdir. 1977-ci ildə "Dəstur əl-katib"in mətninin hazırlanmasına görə o, Azərbaycan SSR-nin dövlət mükafatı ilə təltif olunmuşdur.
Şöbə əməkdaşları tərəfindən çoxlu sayda digər qiymətli orta əsr farsdilli mənbələri tərcümə edilmiş və nəşrə hazırlanmışdır. Onların sırasına Azərbaycan tarixçisi Bəkr əl-Kutbi əl-Əhərinin "Tarixe-şeyx Uveys" əsəri də daxildir. Bu əsər həm Azərbaycan, həm də rus dilinə M.D.Kazımov və B.R.Piriyev tərəfindən Leyden Universiteti kitabxanasında saxlanan yeganə əlyazma nüsxəsi əsasında tərcümə olunmuşdur. Həmin müəlliflər tərəfindən XİV əsrin tarixi hadisələrinə həsr olunmuş, Azərbaycan və qonşu ölkələrlə bağlı olan daha iki əlyazması tərcümə edilmişdir. Bunlar orta əsr tarixçisi, coğrafiyaşünası və dövlət xadimi Həmdullah Mustovfi Qəzvininin "Zeyle -terixi-qozide" və onun oğlu Zeynəddinin "Zeyle-tarixe-qozide" əsərləridir.
Şöbədə tərcümə olunmuş tarixi xarakterli farsdilli mənbələrə daha bir böyük əsər daxildir. Bu Əbdi bəy Şirazinin "Təkmilat-əl-əxbar" əsəridir. Həmin əsər 1570-ci ildə Ərdəbildə yazılmış və dünyanın yaranmasından 1570-ci ilə qədər baş verən hadisələrin təsvirini əhatə edir. Əsərin tərcüməçisi və müqəddimə ilə şərhlərin müəllifi f.e.n. Ə.R.Rəhimovdur.
Şöbədə həmçinin türkdilli tarixi mənbələrin tərcüməsi fəal surətdə həyata keçirilir. Xüsusilə akademik Z.M.Bünyadov və t.e.n. H.Məmmədovun səyləri nəticəsində İrəvan əyalətinin və Naxçıvan sancağının və Gəncə -Qarabağ əyalətinin icmal dəftərləri müfəssəl araşdırma, qeyd və şərhlərlə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmişdir. Hazırda bu istiqamətdə araşdırmalar t.e.n. Ş.Mustafayevin işlərində davam etdirilir. Məsələn, "Tiflis əyalətinin müfəssəl dəftəri" və "Lori vilayətinin icmal dəftəri" Osmanlı türkcəsindən Azərbaycan dilinə onun tərəfindən tərcümə olunaraq çap etdirilmişdir. İnstitutun dissertantı E.Arıklı tərəfindən "Ərdəbil livasının müfəssəl dəftəri"nin nəşr etdirilməsi bu istiqamətin İnstitutda uğurla aparılmasını bir daha təsdiq edir.
Şərqşünaslıq İnstitutunun alimləri tənqidi mətnlərin hazırlanması və tarixi mənbələrin tərcüməsi ilə yanaşı Şərq xalqlarının ədəbi abidələrinin tədqiqi üzrə də çox böyük və ciddi tədqiqatlar aparmışlar. Orta əsrlər dövrünə aid Şərq ədəbiyyatı dühalarının çoxsaylı əsərləri şərşünas mütəxəssislərin səyi nəticəsində öyrəmilmiş, tərcümə olunmuş və çapa hazırlanmışdır. Bu əsərlər arasında dahi Nizami Gəncəvinin "Xəmsə"si mühüm yer tutur. "Xəmsə" mətnlərinin üçünün - "Məxzənül-əsrar", "Həft peykər" və "Şərəfnamə"nin mətnləri Şərqşünaslıq İnstitutunun elmi işçiləri tərəfindən tərtib olunmuşdur.
Məlumdur ki, Nizaminin "Xəmsə"sindən sonra Şərqin müxtəlif bölgələrində və müxtəlif dillərdə bu mövzuda bir neçə yüz əsər yaradılmışdır. Onların müəllifləri arasında Əmir Xosrov Dəhləvi, Xacə Kirmani, Əlişir Nəvai, Abdulla Hatifi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi şairlərin adını çəkmək olar. F.e.d. T.A.Məhərrəmov bunlardan Hindistanın farsdilli ədəbiyyatının banisi Əmir Xosrovun "Məcnun və Leyli" və "Mütlə-ül-ənvar" poemalarının səkkiz və daha çox əlyazmadan istifadə edərək elmi-tənqidi mətnini tərtib edərək çap etdirmişdir. T.A.Məhərrəmov XİV əsr məşhur Azərbaycan şairi Əşrəf Marağayinin "Xəmsə"sinin tam elmi-tənqidi mətnini də çapa hazırlamış və bu müəllifin həyat və yaradıcılığı haqda kitab yazmişdır.
Nizaminin "Xəmsə"sinə nəzirə olaraq beş poema yaradan digər məşhur Azərbaycan şairi Əşrəf Marağayinin müasiri Cəmali Təbrizi olmuşdur. Cəmali Təbrizinin "Xəmsə"sinin yeganə əlyazma nüsxəsi Londonun "İndia ofis" kitabxanasında saxlanılır. Şairin poemalarından birinin, - "Həft övrəng"in məti - M.D.Kazımovun "Cəmali Təşrizinin yaradıcılıq irsi" monoqrafiyasında verilmişdir.
Nizami ardıcıllarının əsərlərinin çap olunmasında daha məhsuldar işi Ə.Q.Rəhimov həyata keçirmişdir. O, uzun müddət XVİ əsr farsdilli Azərbaycan şairi Əbdi bəy Şirazinin yaradıcılığı ilə məşğul olmuşdur. Bu işin nəticəsi olaraq Ədbi bəy Şirazinin on poeması nəşr edilmişdir. Ə.Rəhimov həm də XİV əsr farsdilli Azərbaycan ədəbiyyatının tədqiqi üçün böyük əhəmiyyətə malik olan Azərbaycan şairi Bədr Şirvaninin "Divan"ını nəşr etdirmişdir.
Farsdilli klassikanın tərcüməsi sahəsində digər maraqlı işi f.e.d. Əkrəm Cəfər görmüşdür. O ilk dəfə olaraq orijinalın poetik vəznini saxlamaqla Ömər Xəyyamın rübailərini Azərbaycan dilinə tərcümə etmişdir.
Yazılı mınbələrin tərcüməsi Şərqşünaslıq İnstitutunda tarix, ədəbiyyat, fəlsəfə, coğrafiya, dilçilik və s. sahələri əhatə edir. Mənbələrin böyük bir qismi, o cümlədən sufi abidələri ilk dəfə olaraq orijinaldan tərcümə olumuşdur. Məsələn 2001-ci ildə Xİ-Xİİİ əsrlər ərzində yaradılmış və farsdilli sufi nəsrinə aid olan üç əsər şərhlərlə çap olunmuşdur. Abdullah Ənsarinin "Minacat"ı, Nəcməddin Razinin "Eşq və əql" risaləsi və Fəxrəddin İraqinin "Ləmaət"i M.D.Kazımov tərəfindən tərcümə olunaraq, onlara geniş ön söz və şərhlər yazılmışdır.
Orta əsr Azərbaycan fəlsəfəsi üzrə qiymətli abidələrdən biri XVİ-XVİİ əsr şairi və mütəfəkkiri Yusif N.Qarabağinin "Həft cinan" əsəridir. Onun şərhli tərcüməsi Sankt-Peterburqun Saltıkov-Şedrin adına kitabxanasında qorunan əlyazma nüsxəsi əsasında M.Məmmədli tərəfindən həyata keçirilmişdir.
Xİ əsrdə Nasir Xosrovun yaratdığı "Səfərnamə" əsəri özündə tarixi, coğrafi, dini, ədəbi qaynaqları cəmləşdirən Şərqin ilk nəşr abidələrindən və maraqlı mənbələrdən biri hesab oluna bilər. Bu əsər müəllifin Əfqanıstan, Orta Asiya, İraq, Azərbaycan, Kiçik Asiya vəƏrəb ölkələrinə yeddiillik səfərlərinin nəticəsi olmuşdur. "Səfərnamə" tarixi şəxsiyyətlər, dövlət xadimləri, alimlər, şairlər, həmçinin Asiya və Afrika qitəsində yaşayan xalqların məişəti, mənəviyyatı, adət -ənənələri, din, dil və mədəniyyəti, eləcə də memarlıq və təbiət haqqında təfsilatlı və mötəbər məlumatlarla zəngin bir mənbədir. "Səfərnamə"ni Azərbaycan dilinə T.A.Məhərrəmov tərcümə etmişdir.
Şərqşünaslıq İnstitutunun elmi fəaliyyətinin zənginləşməsində mənbəşünaslıq sahəsində çalışan dilçi alimlərin elmi işləri də mühüm rol oynamışdır. Belə ki, f.e.n. C.Sadıqova və f.e.n. T.Ələsgərova tərəfindən Məhəmməd Hinduşah Naxçıvaninin "Əs-sihah-əl-əcəmiyyə"adlı fars-türk lüğətinin elmi-tənqidi mətni çap olunmuşdur. "Əs-sihah əl-əcəmiyyə" 1994-cü ildə H.Z.Tağıyev mükafatına layiq görülmüşdür.
Xİİİ əsr istedadlı Azərbaycan şairi Hüsaməddin Xoyi tərəfindən Azərbaycan dilində nəzmə çəkilən, lakin əsərlərlə itkin hesab edilən və uzun axtarışlardan sonra əlyazması əldə edilən "Töhfeyi-Hüsam" dilimizin nadir incisi kimi türkologiya tarixinə yeni bir töhfədir. Bu mənzum lüğətin elmi-tənqidi mətni Qahirənin "Dar əl-kutub" kitabxanasından və Berlindən gətirilən əlyazma nüsxələri əsasında adları yuxarıda çəkilən əməkdaşlar tərəfindən hazırlanmış və 1996-cı ildə çap olunmuşdur.
![]()
|
||||||||||
|
|
|||||||||