7 aprel 2009
Gövhər Baxşəliyeva BMT-nin Sivilizasiyalararası Alyansının II Forumunda çıxış edib
Aprelin 6-7-də Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalararası Alyansının II Forumu keçirilib. Forumda Azərbaycanın millət vəkili, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva «Qloballaşan dünyada sivilizasiyaların alyansı: imkanlar, problemlər, perspektivlər» mövzusunda məruzə ilə çıxış edib.
Çıxışında Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi olduğunu söyləyən G.Baxşəliyeva, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin yaradıcılığında hələ XII əsrdə Şərq-Qərb paradiqmasının öz parlaq əksini tapdığını qeyd edib: «Yalnız hər iki sivilizasiyanın mədəni-fəlsəfi nailiyyətlərini dərindən mənimsəmiş müəllifin qələmindən «Xəmsə» kimi möhtəşəm əsər çıxa bilərdi. Xüsusən onun «İsgəndərnamə» poeması bəşər sivilizasiya tarixində mədəni sintezin ən parlaq nümunəsidir. Nizami Gəncəvinin təkcə Şərq ədəbiyyatı deyil, intibah dövrü Avropa ədəbiyyatına da təsiri məhz onun bu keyfiyyət səciyyəsindən irəli gəlir».
Bəzi tədqiqatçıların mədəniyyətlərin inteqrasiyası, vahid dünya mədəniyyətinin təşəkkülü, millətlərin və xalqların qovuşaraq «superetnos» yaradacağı barədə konsepsiyalar irəli sürməsinə, digərlərinin isə əksinə, sivilizasiyaların toqquşmasından, Şərq və Qərb mədəniyyətləri arasında dialoqun qeyri-mümkünlüyündən danışmasına münasibətini bildirən məruzəçi, hər iki konsepsiyada ifratçılığa meylin güclü olduğunu və onlardan heç bir ilə tam razılaşmaq olmadığını deyib: «Əvvəla, hər bir mədəniyyət başqa mədəniyyətdən öz genotipinə və inkişaf məntiqinə görə fərqlənir. İkincisi, böyük sivilizasiyalar özlərində birləşdirdikləri millətlərin və xalqların etnik xüsusiyyətini tamamilə silib aradan qaldıra bilmir: etnik xüsusiyyətləri və etnik kimliyi qoruyub saxlamaq əzmi hər bir xalqın şüurunda möhkəm yer tutmuşdur. Üçüncüsü, bu gün dünyanın müxtəlif yerlərində baş verən və çox vaxt ekstremist islam qruplaşmaları tərəfindən törədilən terror hadisələrini islam-xristian qarşıdurması kimi qələmə vermək cəhdləri yanlışdır. Bu hadisələrin arxasında hər şeydən əvvəl geopolitik düzənin yenidən qurulmasından doğan ziddiyyətlər və konkret iqtisadi-siyasi maraqlar durur».
G.Baxşəliyeva qloballaşan dünyada dinc, yanaşı yaşamanın təmin edilməsinə yönəlmiş fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən birinin də din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərararsı dialoqun mövcudluğu olmasını söyləyib. Bütün dinlərdə dözümlüyə çağırışın olduğunu deyən millət vəkili, bu çağırışın dinlərarası dialoq işində ən yararlı vasitə kimi geniş təbliğ edilməsinin vacibliyini vurğulayıb.
«Qoca Şərqin qapısı» adlanan Azərbaycanın dini tolerantlığın hökm sürdüyü uinkal bir məkan olduğunu deyən G.Baxşəliyeva, xalqımızın dinc, yanaşı yaşamaq ənənəsinin tarixin dərinliklərindən gəldiyini söyləyib, eyni zamanda ölkəmizin modernləşmə yolundakı nailliyyətlərindən söz açıb: «Təsadüfi deyil ki, Şərqdə ilk demokratik respublika və ilk demokratik təsisatlar hələ arxada qoyduğumuz əsrin əvvəllərində məhz Azərbaycanda yaranmışdı. Azərbaycanda mədəni irsin gücü və daxili dinamizmi, qərbləşmə yolundakı əvvəlki uğurları onun modernləşməyə uyğunlaşmaq qabiliyyətini artırır. Hazırda Avropa mədəniyyətinin praqmatik nailiyyətləri Azərbaycan cəmmiyyətinin canına başqa müsəlman cəmiyyətlərinə nisbətən qat-qat çox hopmuşdur. Bu amillər modernləşmənin tələblərinə cavab verən dəyərlərin və həyat orientasiyalarının Azərbaycan cəmiyyətində yayılmasına və möhkəmlənməsinə geniş şərait yaradır».
Gövhər Baxşəliyeva çıxışını bir misal çəkməklə bitirib: «2007-ci il UNESKO tərəfindən Şərqin böyük mütəfəkkir-şairi Cəlaləddin Rumi ili elan olunmuşdur. İnsanları daim barışa və qarşılıqlı anlaşmaya dəvət edən Mövlanə deyirdi: «Dünyaya ayrılmaqçün yox, birlikdə olmaq üçün gəlmişik». Düşünürəm ki, bu sözlər günümüzdə çox aktualdır».