6 may 2009
Ulu öndərin anadan olmasının 86-cı ildönümü Şərqşünaslıq İnstitutunda qeyd edildi


Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünü bütün ölkə ictimaiyyəti kimi, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi də böyük ehtiramla qeyd edib. Mayın 6-da Şərqşünaslıq institutunda bu münasibətlə toplantı keçirildi. İnstitutun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva çıxışında ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışdı: «Heydər Əliyev Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Ulu öndər həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu».
G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söylədi. İnstitutun rəhbəri bu gün də ulu öndərin yolunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd etdi.
Daha sonra institutun əməkdaşlarından fəlsəfə elmləri namizədi Esmeralda Həsənova, iqtisad elmləri namizədi Əkrəm Rəhimli və başqaları Heydər Əliyevin Azərbaycan xalqının həyatında və elmimizin inkişafında müstəsna xidmətlərindən söz açdılar.