Gövhər Baxşəliyeva: «Çində keçirilən görüşlər qarşılıqlı elmi əlaqələrin inkişafının əsasını qoydu»
Ənənəvi tədqiqat istiqamətləri ərəb, türk və iran xalqlarının dili, ədəbiyyatı, tarixi, iqtisadiyyatı, ictimai fikri və bu xalqların Azərbaycanla hərtərəfli tarixi-mədəni əlaqələri olan Azərbaycan şərqşünaslığının coğrafiyası son zamanlar daha da genişlənməkdədir. Dünyanın əhali sayına görə ən böyük dövləti və son zamanlar iqtisadi inkişafı ilə diqqəti çəkən ölkələrindən olan Çin Xalq Respublikası artıq bir neçə ildir ki, Şərqşünaslıq İnstitutunda tədqiqat obyektinə çevrilib. Bu sahənin - çinşünaslığın – Azərbaycanda genişlənməsinin əsasını qoyan bir amil kimi institutun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın sentyabr ayının 12-18-də Çin Xalq Respublikasına olan səfərini qiymətləndirmək olar. Gövhər xanım müsahibəsində bu ölkəyə səfərinin təfərrüatlarından və buradakı elmi və siyasi dairələrdəki görüşlərinin nəticələrindən danışıb.
- Gövhər xanım, söhbətə Çin Xalq Respublikası ilə əlaqələrin yaranmasından və Sizin bu ölkəyə səfərinizin məqsədinin açıqlanmasından başlayardıq.
- Çin Xalq Respublikası 30 ildir ki, iqtisadiyyatının inkişafına görə dünya ölkələri arasında birincilər sırasındadır. İqtisadi, siyasi, sosial həyatın müxtəlif sahələrində aparılan geniş islahatlar nəticəsində əldə olunan nailiyyətlər Çini dünyanın ən qüdrətli ölkələrindən biri edib. Bu ölkənin iqtisadi uğurları onun qlobal iqtisadiyyata inteqrasiyası ilə bağlıdır. Dünya bazarlarına inamla üz tutması Çinin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olub. Nəticədə bu ölkə qloballaşan dünya iqtisadiyyatında aparıcı mövqelərdən birinə çıxıb. Çin iqtisadiyyatının dinamik və sürətli inkişafının nəticələri bu gün dünyanın hər yerində insanları valeh edir.
Əsrlər boyu Qərblə ticarət əlaqələrini Azərbaycan ərazisindən də keçən Böyük ipək yolu vasitəsilə quran Çinin ölkəmizlə münasibətləri qədim tarixə malikdir. Bu gün ölkələrimiz arasında əlaqələr hərtərəfli inkişaf edir. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Çinin rəsmiləri həmişə ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını və Dağlıq Qarabağ məsələsində mövqeyini dəstəklədiklərini bəyan ediblər.
Azərbaycanın Çinlə münasibətlərinin inkişafında elmi əlaqələrin də əhəmiyyəti böyükdür. Qədim tarixə, mədəniyyətə malik Şərq ölkəsi olan Çinlə bu cür əlaqələrin yaradılaraq inkişaf etdirilməsi labüddür.
Mənim Çinə səfərimin təşəbbüsçüsü Çin Xalq Respublikasının ölkəmizdə təyin olunmuş yeni səfiri Çjan Yannian oldu. O, Azərbaycanda şərqşünaslıq elminin nailiyyətləri ilə yaxından tanış olmaq və ölkəsinə olan marağın hansı dərəcədə olmasını öyrənmək üçün institutumuza gəlmişdi. Bu görüş səfir üçün mənim Milli Məclisin deputatı və parlamentdə Çin–Azərbaycan dostluq qrupunun üzvü olmağım səbəbindən də maraqlı idi. Səfirə institutumuzda aparılan tədqiqatlar barədə ümumi məlumat verməklə yanaşı, Çin Xalq Respublikası ilə bağlı aparılan tədqiqatlardan danışdım. Görüşdə ölkələrimiz arasında elmi əlaqələrin genişlənməsinin, birgə elmi tədbirlərin təşkilinin, iki ölkə alimlərinin qarşılıqlı elmi ezamiyyətlərinin labüdlüyü vurğulandı və Çjan Yannian ölkəsi ilə yaxından tanış olmaq üçün Çinə səfər etməyimi təklif etdi.
- Sentyabr ayında baş tutmuş bu səfər sizdə hansı təəssüratları yaratdı?
- Çin dünyanın əhali ehtiyatına görə ən böyük ölkəsidir. Dünya siyasətində böyük nüfuzu olan aparıcı dövlətlərdəndir. Yeni əsrin başlanğıcından Çinin hərtərəfli inkişafında yeni mərhələ başlayıb və bu Şərq ölkəsi bütün dövlətlərə nümunə olacaq nailiyyətlər əldə edə bilib. Bütün bu son uğurlarla yanaşı, Çin həm də qədim tarixi, mədəniyyəti olan bir ölkədir. Konfutsinin fəlsəfi görüşlərindən biz də şərqşünas kimi tədqiqatlarımızda istifadə edirik, onun təlimlərinə istinad edirik.
Çinə səfərim bu ölkənin müasir dövrdə inkişafının, əldə etdiyi uğurlarının əyani şahidi olmağıma imkan verdi. Çin səfəri məni çox valeh etdi. Bilirsiniz ki, həm bir şərqşünas kimi, həm də Milli Məclisin üzvü kimi bir çox xarici səfərlərdə olmuşam. Amma Çin səfəri kimi dəqiq təşkil olunmuş hər şeyin nəzərə alındığı bir səfərdə olmamışdım. Adətən deyirlər alman xalqı dəqiqdir. Amma gördüm ki, Çin xalqı bu sahədə heç də almanlardan geri qalmır, bəlkə də irəlidədir. Çinlilər tərəfindən çox böyük diqqət, şərq qonaqpərvərliyi gördüm. Bir sözlə, bu səfərdən çox razı qayıtdım.
- Səfəriniz hansı görüşlərlə başlandı?
Sentyabrın 12-də təyyarə ilə Urumçiyə, oradan da Pekinə gəldik. Həmin gün Səma məbədini ziyarət etdik. Bu, imperator Tan dövründə tikilmiş çox möhtəşəm qədimi bir məbəddir. Burada çinlilər qurbanlıq kəsir, səmaya dua edirdilər.
Sentyabrın 13-ü bazar günü olduğundan həmin gündə də rəsmi görüşlər olmadı. Biz əvvəlcə Çin səddinə getdik. Çox möhtəşəm bir abidədir. Sonra İxeyuan parkına yollandıq. Bu parkda qədimi ağaclar əkilib. Onların üstündə tarixləri də qeyd edilib. Bu ağacların arasında 18-ci əsrdən qalanları da var idi.
- İlk görüşünüz, bildiyimizə görə, pekinli ərəbşünas həmkarlarınızla olub.
- Bəli, sentyabrın 14-də səhər biz Pekin Universitetinin Ərəb dili fakültəsində görüş keçirdik. Görüşdə Universitet rəhbərliyinin nümayəndələri, fakültənin dekanı və kafedra müdirləri, müəllimlər iştirak edirdi. Onlar bizə universitetin yaranma tarixindən, burada hansı dillərin öyrənilməsindən danışdılar. Bu fakültədə gələcək diplomatlar, eyni zamanda tədqiqatçılar yetişdirilir. Məni maraqlandıran burada ərəb dilinin tədrisi metodikası idi. Söhbətlərindən aydın oldu ki, metodikamız həm dilin, həm də ədəbiyyatın tədrisində təqribən eynidir. Bunu elə elmi tədqiqat işlərinin planlaşdırılması barədə də söyləmək olar. Dərsliklərdə, verilən mətnlərdə də çox yaxınlıq var. Biz fakültə rəhbərliyi ilə gələcək əməkdaşlığımızın perspektivlərini müzakirə etdik, qarşılıqlı səfərlərin edilməsindən, mühazirələrin oxunmasından danışdıq. Universitetin ərəb dilini öyrənən tələbələri ilə də tanış olduq. Onlar bizə ərəb dilində özləri haqqında məlumat verdilər.
Sonra Pekinin Nyutsze küçəsində yerləşən məsciddə olduq. Bilirsiniz ki, Çində əhalinin bir hissəsi müsəlmanlardır. Məscid milli Çin memarlıq üslubunda tikilib. Biz məscidin imamı ilə tanış olduq, kitabxanasına baş çəkdik. Orada ərəb dilində qədimi kitablar saxlanılır.
Həmin gün diplomatiya cəmiyyətində görüşlərimiz oldu. Görüşdə ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Yaşar Əliyev də iştirak edirdi. Biz diplomatiya cəmiyyətinin sədri cənab Li Çjaosinlə görüşdük. O, ölkəsinin keçmiş xarici işlər naziri, diplomatik dairələrdə böyük nüfuzu olan bir insandır. Hazırda Çin parlamentinin üzvüdür. Eyni zamanda Çin - Azərbaycan dostluq cəmiyyətinin sədridir. Li Çjaosin görüşdə Azərbaycanın inkişafına sevindiklərini vurğuladı. O, ölkəmizlə bağlı iqtisadi məlumatlarla tanış olduğunu və müqayisəli şəkildə adambaşına illik gəlirin Azərbaycanda 5 min dollara çatdığını, Çİndə isə bu rəqəmin 3 mindən bir qədər çox olduğunu qeyd edərək, bu faktın Azərbaycanın çox yüksək templərlə inkişaf etdiyini göstərdiyini söylədi. Li Çjaosin Cənubi Qafqaz regionunda Azərbaycanla münasibətlərə böyük önəm verildiyini, ölkəsinin bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını bildirdi. Mən də Azərbaycanın bənzər problemləri olan Çinin ərazi bütövlüyünü dəstəklədiyini qeyd etdim. Həmçinin Azərbaycanın müstəqillik əldə etdikdən sonra Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və son illərdə onun layiqli davamçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi sayəsində əldə olunan nailiyyətlərdən söz açdım. Qeyd etdim ki, Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, ölkəmizdə sosial sabitliyin əsası qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Ulu öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı. Ölkədə azad bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi nəticəsində qısa zaman kəsiyində dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi sistem yaradıldı. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu illərdə insan hüquq və azadlıqlarının qorunması ilə davamlı demokratik islahatlar kursunun həyata keçirilməsi başlanıldı, söz, mətbuat azadlığı təmin edildi. Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Dövlətimiz yeni neft strategiyasını uğurla həyata keçirir, iri enerji layihələri işə salınır, yeni iqtisadi layihələrə start verilir. Bütün bunlar ölkəmizin iqtisadi qüdrətini artırır və bunun sayəsində son zamanlar bütün dünyanı bürüyən iqtisadi böhran Azərbaycana ciddi təsir göstərməyib. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan bu gün tək regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınır.
Həmin gün biz məşhur Ququn muzeyində də olduq. Bu, imperatorların sarayıdır. Keçən əsrin əvvəllərinədək Çin imperatorları orada yaşayırdı. Çox möhtəşəm abidədir. Bu gün də onu qoruyurlar və saray muzey kimi fəaliyyət göstərir.
- Paytaxt Pekindən başqa hansı şəhərlərdə oldunuz?
Əvvəlcə Şençjenə, sonra Siana getdik. Şençjen çox möhtəşəm şəhərdir. Burada 10 milyona yaxın əhali yaşayır. 20 il əvvəl isə həmin yer kiçik bir qəsəbə idi. Honkonq yaxınlığındakı bu şəhəri salarkən Çin rəhbərliyi istəyirdi ki, Çin xalqının daha gözəl müasir şəhər yarada bilməsini sübut etsin və Den Syaopinin təşəbbüsü ilə bu şəhər salındı. İndi bu şəhərdə ancaq ən müasir binalar mövcuddur, ən yeni iqtisadi infrastruktur yaradılıb. Çinlilər bu şəhərlə qürur duyurlar. Dünyanın heç bir yerində belə qısa müddətdə bu cür möhtəşəm şəhər yaradılmayıb.
Şençjendə ilk səfərimiz şəhər muzeyinə oldu. Şençjenin tarixi, şəhərin yaranması haqqında qərar verilməsi andan bu günədək inkişafı bu muzeydə tam əks olunub. Burada hətta Den Syaopinin şəhərdə basdırdığı ağacın maketi də saxlanılır. Mən muzeyin ziyarətçilər kitabında öz ürək sözlərimi yazdım. Əldə olunmuş nailiyyətlərdən heyranlığımı bildirdim və onlara gələcək işlərində uğurlar arzuladım.
Şençjendə Xalq Nümayəndələri Şurasının rəhbərliyi ilə görüşdük. Burada çinlilər öz ölkələri haqqında danışdılar, mənsə, Azərbaycan barəsində, Dağlıq Qarabağ problemi, Ermənistan - Azərbaycan münaqişəsi haqqında onlara məlumat verdim. Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olduğunu və indi erməni işğalı altında olduğunu, bu bölgənin ətrafındakı rayonların da, ümumilikdə torpaqlarımızın 20 faizinin işğal edildiyini, ölkəmizdə indiyədək 1 milyondan çox qaçqın və məcburi köçkün olmasını qeyd etdim. Ermənistanın nə BMT-nin bu məsələ ilə bağlı qətnamələrinə, nə də digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymadığını vurğuladım. Eyni zamanda, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın böyük inkişaf yolu keçməsindən, uğurla aparılan islahatlardan, əldə olunan nailiyyətlərdən danışdım.
Sonra biz Şençjen şəhərinin kitabxanasına getdik. Bu kitabxana məni sözün əsl mənasında valeh etdi. Tikinti üçün tenderdə qalib gəlmiş bir yapon firması burada tam kompüterləşdirilmiş müasir kitabxana yaradıb. Kitabxananın girişində köşkdə kitablar nümayiş olunur və bu kitabları əldə etmək istəyən pulunu avtomata ödəyərək müvafiq kodu qeyd edir və kitab avtomat vasitəsilə tez bir zamanda alıcıya çatdırılır. Əgər kimsə kitabı vərəqləyəndən sonra bəyənməsə, yenidən avtomata qaytarıb pulunu geri ala bilər. Kitabxananın özündə minlərlə oxucu olur. Burada böyük kompüter, internet zalları var. Burada da xidməti personalın işini ən müasir avtomatlaşdırılmış avadanlıqlar yüngülləşdirir. Kitabxanada dünyanın hər yerindən bütün dillərdə lazımi materialları - həm kitab, həm də qəzet və jurnalları tapmaq olar.
Şençjen şəhərinin möhtəşəm parkında da olduq. Yüzlərlə hektar ərazisi olan bu parkda yaşıllıqlar içində Çinin bütün əyalətlərinin ən gözəl tarixi abidələrinin maketləri quraşdırılıb. Maketlər orijinaldan haradasa 10 dəfə kiçik, insan boyundan xeyli hündürdürlər. Bu parkı gəzməklə sanki bütün Çini gəzmiş olursan.
Parkın digər qismində Çində yaşayan müxtəlif millətlərin mədəniyyəti, yaşayış tərzi, folklor nümunələri, əl işləri ilə tanış olmaq, onlara məxsus qədimi evləri, geyimləri görmək olar. Bunların hamısını canlı insanlar nümayiş etdirirlər. Onlardan kimisə xörək bişirir, kimisi oxuyur, kimisi dülgərlik edirdi. Parkın bir hissəsində də orta əsrlər döyüşünün canlı nümayişinin şahidi olduq. Haradasa saat yarımlıq tamaşada burada quraşdırılmış qala divarları qarşısında bir qoşunun hücumu, digər tərəfin isə qalanı müdafiə etməsi nümayiş etdirilirdi. Bir sözlə, orta əsrlər dövrünün tam mənzərəsi yaradılmışdı.
Çində son səfərimiz Sian şəhərinə oldu. Oraya ayın 16-ı axşam yola düşdük. Bu şəhər Çin imperatorlarının neçə nəslinin paytaxtı olub. Sian şəhəri öz abidələri ilə çox məşhurdur. Gil qoşunlar muzeyində orta əsrlərdə imperatorun əmri ilə gildən yaradılmış qoşunlar, əsgər və at heykəlləri nümayiş etdirilir. Bu heykəllər vaxtilə torpaq altında basdırılmışdı və bir müddət bundan öncə çinlilər onları tapıb üzə çıxartmağa başlayıblar. Bu işlər indi də davam etdirilir.
Sianda Xuatsinçi abidəsində qədimi binaları da ziyarət etdik, sonra Şensi əyalətinin tarixi muzeyinə ekskursiya etdik. Sian bu əyalətin mərkəzidir.
Şensidə də Xalq Nümayəndələri Şurasının rəhbərləri ilə görüşümüz oldu. Bu görüşdə də Dağlıq Qarabağ məsələsi, həmçinin Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər barədə çinlilərə məlumat verdim. Bundan əlavə institutumuzda Çinlə bağlı görülən işlərdən, Çin Xalq Respublikası barədə məlumat-sorğu kitabının, Çinin xarici siyasəti və Cənubi Qafqaz ölkələri ilə əlaqələrinə dair kitabın nəşr olunduğunu, «Şərq-Qərb» şöbəmizin bir aspirantının Amerika – Çin münasibətlərini öyrənməsini bildirdim.
- Ümumilikdə Çin səfərinin nəticələrini necə dəyərləndirirsiniz?
- Tək Asiyada deyil, bütövlükdə dünyanın ən böyük ölkələrindən olan və dünya siyasətində aparıcı mövqelərdə duran Çini dərindən öyrənmək lazımdır. İnstitutumuzda bu sahədə görülən işləri artıq qeyd etdim. Ancaq bu işləri, Çinlə əlaqələri daha da genişləndirmək gərəkdir. Orada keçirilən görüşlər də gələcəkdə qarşılıqlı elmi əlaqələrin inkişafının əsasını qoydu. Alimlərimizin qarşılıqlı səfərləri bizim Çini, çinlilərin isə Azərbaycanı daha dərindən öyrənməsinə kömək edəcək. Düşünürəm ki, gənc alimlərimizi təcrübə toplamaq, Çin dilini öyrənmək üçün bu ölkəyə ezamiyyətə göndərmək lazımdır. Bu işdə Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Yannian köməklik etməyə hazır olduğunu bildirib. Ümumiyyətlə, Şərq ölkələri ilə elmi əlaqələrin genişlənməsi bütövlükdə ölkəmizdə şərqşünaslıq elminin inkişafına, bu ölkələrlə hərtərəfli əlaqələrin yaradılmasına müsbət təsir göstərəcək.
Söhbəti apardı: VüqarMəmmədov,
filologiya elmləri namizədi