22 aprel 2009
«Mart 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə» kitabının təqdimatı
Aprelin 22-də AMEA Rəyasət Heyəti binasının konfrans zalında Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin «Mart 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə» adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan millət vəkili, təqdim edilən kitabın Azərbaycan xalqının başına gələn böyük faciələri sənədlərdə əks etdirdiyini deyib: «Xalqımız ötən əsrdə çox böyük faciələri yaşayıb. Böyük Ermənistan iddiasında olan bədnam qonşularımız 1905-ci ildən başlayaraq on minlərlə azərbaycanlını qətlə yetirib, yüz minlərlə soydaşımızı ata-baba yurdundan qovub, xalqımızın yüzlərlə tarixi abidəsini məhv ediblər». Kitabda 1918-ci il mart hadisələrinə dair sənədlərin toplandığını qeyd edən G.Baxşəliyeva, Burada hadisələrin şahidlərinin, hətta xarici vətəndaşların da ifadələrinin qeydə alındığını diqqətə çəkib. Bu sənədlərin ermənilərə qarşı qondarma soyqırım iddiası ilə bütün dünyaya səs salan qonşularımıza bir tutarlı cavab olduğunu deyən G.Baxşəlieyeva, faktların bütün dünya ictimaiyyətinə çatdırılması üçün rus dilində çap olunmuş bu kitabın ingilis dilinə də tərcümə olunaraq yaylımasının zəruriliyini qeyd edib.
Kitabın müəllifi Solmaz Rüstəmova-Tohidi öz çıxışında uzun illərlə arxivlərdə işləyərkən çox böyük ağrılar hiss etdiyini vurğulayıb: «Bu sənədləri ağrısız oxumaq mümkün deyil. Onları oxuyarkən 18-ci ilin dəhşətli mənzərəsi insanın gözü önündə canlanır».
Kitabın xaricdə yayılmasında çətinliklərlə üzləşən müəllif, 40 nüsxənin Rusiya apararkən sərhəddən buraxılmadığını da tədbir iştirkçılarının diqqətinə çatdırıb.
Sonra söz alan Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev sovet dövründə bu məsələlərlə maraqlananla qarşı hökumət tərəfindən görülən tədbirlərdən, törədilən maneələrdən söz açıb. A.Paşayev bu cür hadisələrin tək Bakıda deyil, respublikamızın digər bölgələrində də törədildiyini və onların hamısının ifşa edilməsinin zəruriliyini qeyd edib.
Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rəfael Hüseynov bu kitabın səhifələrində daşıdığı faciələrin yükünə görə dünyanın ən ağır kitablarından olduğunu deyib. R.Hüseynov sənədlərin düzgün sıralandıbını və kitabın yüksək elmi səviyyədə hazırlandığını söyləyib.
Daha sonra AMEA-nın müxbir üzvü Nizami Cəfərov, tarix elmləri doktoru Musa Qasımov, bir il ərzində bu tarixi sənədləri öz səhifələrində dərc etmiş «Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Firdovsiyə Məmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı Erkan Özoral kitabın əhəmiyyətindən danışıblar və bu sənədlərin bütün dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd ediblər.