Səudiyyə Ərəbistanının yeni səfiri Şərqşünaslıq İnstitutunda oldu
Səudiyyə Ərəbistanının Azərbaycanda yeni təyin olunmuş səfiri Fəhd bin Əli əd-Dusəri Oktyabrın 21-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldu. Səfir ilk olaraq Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşdü. Azərbaycanın elm və təhsil müəssiləri sırasında ilk olaraq Şərqşünaslıq İnstitutu ilə yaxından tanış olmaq qərarına gəldiyini bildirən səfir, ölkələrimiz arasında mövcud elmi əlaqələri müsbət dəyərləndirərək, bu əlaqlərin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söylədi.
Gövhər Baxşəliyeva institutun Səudiyyə Ərəbistanının səfirliyi ilə həmişə sıx əməkdaşlıq etdiyini bildirərək, alimlərimizin dəfələrlə bu ölkədə elmi ezamiyyətlərdə olmasını qeyd etdi. İnstitutun elmi fəaliyyət istiqamətləri və ərəbşünaslıq sahəsində görülən işlər barədə qonağa məlumat verən Gövhər Baxşəliyeva, son illər institutda çap olan elmi jurnalları və ərəbşünaslığa dair kitabları səfirə hədiyyə etdi. Fəhd bin Əli əd-Dusəri bu hədiyyədən çox məmnun qaldığını bildirərək, həmin kitabların ölkəsinin kitabxanasını zənginləşdirəcəyini söylədi. Səfir də öz növbəsində ölkəsində çap olunmuş 2 kitabı Şərqşünaslıq İnstitutunun direktoruna təqdim etdi.
Daha sonra Fəhd bin Əli əd-Dusəri Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşdü. İnstitutun əməkdaşları səfirə «Ərəb filologiyası», «Ərəb ölkələri tarixi və iqtisadiyyatı», «Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi» və «Din və ictimai fikir» şöbələrində ərəb ədəbiyyatına, dilinə, tarixinə, mədəniyyətinə və İslama aid aparılan tədqiqatlardan bəhs etdilər. Görüşdən çox məmnun qaldığını bildirən Fəhd bin Əli əd-Dusəri Şərqşünaslıq İnstitutunun qeyri-ərəb ölkələrində ərəb dilinin tədqiqi sahəsində nümunəvi bir mərkəz olduğunu qeyd etdi.