Şərqşünaslıq İnstitutunda “Müasir Şərqin sosial-iqtisadi inkişafı və Azərbaycan modeli” adlı konfrans keçirildi
Mart ayının 17-18-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkil etdiyi “Müasir Şərqin sosial-iqtisadi inkişafı və Azərbaycan modeli” adlı ümumrespublika elmi-nəzəri konfrans keçirildi.
İlk gündə AMEA Rəyasət Heyətinin binasında keçirilmiş plenar iclasda konfrans iştirakçılarını salamlayan millət vəkili, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva şərqşünaslıq elminin çox geniş profilli olduğunu qeyd edərək, bu sahədə klassik dövrlə bağlı tədqiqitlarla yanaşı, Şərq ölkələrinin müasir inkişafının, sosial-iqtisadi, mədəni həyatının araşdırıldığını da söylədi. G.Baxşəliyeva konfransın əsas məqsadlərini açıqladı: “Şərq ölkələri çox mürəkkəb inkişaf yolu keçib. Konfransın əsas məqsədi müasir Şərq ölkələrin sosial-iqtisadi inkişafına bir daha nəzər salmaqdır. Bu prosesləri öyrənib qiymətləndirmək bizim üzərimizə düşür”.
Gövhər xanım Azərbaycanın Şərqin ayrılmaz bir hissəsi olduğunu qeyd edərək, azərbaycanlıların müsəlman mədəniyyətinin yaradılmasında oynadıqları roldan söz açdı.
Ölkəmizin müstəqilliyinin ilk illərində siyasi, sosial-iqtisadi böhran içində olduğunu xatırladan G.Baxşəliyeva, ümummilli lider Heydər Əliyevin qayıdışından sonra bütün bu hallara son qoyulduğunu, siyasi sabitliyin yarandığını, iqtisadi inkişaf üçün mühit yaradıldığını qeyd etdi. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi iqtisadi uğurlarla dünya ölkələrinə bir nümunədir.
“Müasir Türkiyədə ictimai-siyasi vəziyyət, millətçilik və islam” mövzusunda məruzə ilə çıxış edən Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir” şöbəsinin müdiri, fəlsəfə elmləri namizədi Esmeralda Həsənova müasir Türk Cümhuriyyətinin dünyəvi milli dövlət olduğunu qeyd edərək, bu dövlətin rəsmi ideologiyasının əsas prinsiplərindən söz açdı. 80 milyonluq Türkiyədə xalqın 99 faizinin müsəlman olduğunu deyən E.Həsənova, türk milliyətçiliyinin əsasında etnik və dini şüurun durduğunu söylədi. Məruzəçi İslamın və türk etnosunun III Sultan Səlimin dövründən ahəng şəkildə yaşamağa başladığını qeyd etdi. E.Həsənova Türkiyədə 60-cı illərin ortalarından İslamın siyasiləşməyə başladığını vurğulayaraq, bu dövrdə yaranan siyasi-dini partiyaları təhlil etdi.
Növbəti çıxış edən AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev cəmiyyətin əsas məqsədinin insanların rifah halının yaxşılaşdırılması olduğunu deyərək, Azərbaycanın qısa müddətdə böyük inkişaf yolu keçməsində ölkə prezidentinin fəaliyyətini yüksək qiymətləndirdi. İqtisadi inkişafda kəmiyyət və keyfiyyət göstəricilərinin əhəmiyyətindən danışan İ.Alıyev, müasir innovasiya texnologiyalarına yiyələnməyın vacibliyini qeyd etdi. O, həmçinin bazar iqtisadiyyatının xüsusiyyətlərindən və iqtisadiyyatın inkişaf etdirilməsində insan kapitalının rolundan söz açdı.
Şərqşünaslıq İnstitutunun əməkdaşı, iqtisad elmləri namizədi Əkrəm Rəhimli “Azərbaycan-İran iqtisadi əlaqələri və onun inkişaf perspektivləri” mövzusunda məruzə etdi. O, Azərbaycanla İran arasında iqtisadi əlaqələrin qədim tarixə malik olmasını qeyd edərək, bu əlaqələrin zaman-zaman tənəzzülə uğradığını, sovetlər dönəmində isə demək olar ki, yox dərəcəsinə endiyini söylədı. Müstəqillik dövründə isə Azərbaycan İranla əlaqələrin yeni mərhələsinə qədəm qoydu. Tarazlaşdırılmış siyasətə söykənən bu əlaqələrin inkişafı son 15 ildə tərəflər arasında 200-ə yaxın sazişin imzalanmasına səbəb oldu. İqtisadi layihələrdə sərmayənin 60 faizi İran tərəfinin, 40 faizi isə Azərbaycanın payına düşür.
Ə.Rəhimli Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişaf perspektivlərindən də söz açaraq, bu proseslərə mane olan amillər barədə iranda çıxan yazıları şərh etdi. Məruzəçi 90-cı illərin əvvəllərində mövcud olmuş sərhədyanı bazarların bərpa olunmasının, Bakı, Təbriz və digər şəhərlərdə yarmarkaların təşkilinin, kadr hazırlığında əməkdaşlığın iqtisadi əlaqələr sahəsində perspektivdə görülə biləcək işlərdən olduğunu dedi.
“Azərbaycanla qonşu Yaxın Şərq ölkələrində siyasi islam və islam transformasiyası” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun “Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı” şöbəsinin müdiri, tarix elmləri namizədi Fərda Əsədov Şərqlə Qərb arasında dialoqun perspektivlərindən və bu işə maneçilik törədən amillərdən danışdı. Elə ilin əvvəlində ABŞ konqresinin bir sıra ərəb telekanallarına iqtisadi məhdudiyyət qoyması da bu dialoqu ləngidən səbəblərdəndir. Məruzəçi avtoritar rejimli Şərq ölkələrindən Qərbə yönümlü və zidd mövqedə olanların yaxınlaşmasından da söz açdı və buna misal olaraq İran – Suriya münasibətlərini göstərdi. F.Əsədov Şərqin Qərblə münasibətlərində lider dövlət probleminin də olduğunu vurğuladı və bu cəhətdən Səudiyyə Ərəbistanının, İranın, Qətərin, Türkiyənin, Misirin imkanlarının təhlilini apardı.
Daha sonra konfrans öz işini bölmə iclaslarında davam etdirdi.
Şərqşünaslıq İnstitutunda institutun “Din və ictimai fikir” şöbəsinin müdiri, fəlsəfə elmləri namizədi Esmeralda Həsənovanın sədrliyi ilə keçən “Müasir Şərqin sosial-iqtisadi inkişafı və Azərbaycanın inkişaf modeli” adlı 1-ci bölmədə Şərqşünaslıq İnstitutundan iqtisad elmləri namizədi Dünyamalı Vəliyevin “Türkiyə və Azərbaycanın inskişaf modellərinin müqayisəli təhlili”, fəlsəfə elmləri namizədi Leyla Məlikovanın “Ümumdünya sosial-mədəni prosesi ilə müasir Azərbaycanda ictimai-dini vəziyyət arasında qarşılıqlı əlaqə”, filologiya elmləri namizədi Lalə Əliyevanın “Yaxın Şərq ölkələrinin sosial-iqtisadi vəziyyəti və Azərbaycan modeli”, Bakı Dövlət Universitetindən tarix elmləri namizədi Aida Bağırovanın “Yaxın Şərqdə islahatlar və Azərbaycan”, AMEA-nın İqtisadiyyat İnstitutundan iqtisad elmləri namizədi Asif Mustafayevin “Azərbaycanda rəqabət qabiliyyətli inkişaf modelinin formalaşmasında dövlətin rolu”, Aygün Fətəliyevanın “Şərqin sosial-iqtisadi inkişaf modelinin formalaşmasında Azərbaycanın yeri”, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutundan Gündüz Süleymanovun “Qloballaşma dövründə Azərbaycanda dinlərarası tolerantlıq” və dıgər mövzularda məruzələri dinləndi və müzakirələr aparıldı.
“Qloballaşma və şərq ölkələrinin sosial-siyasi inkişafı” adlı 2-ci bölməyə Şərqşünaslıq İnstitutunun “İran tarixi və iqtisadiyyatı” şöbəsinin müdiri, tarix elmləri namizədi Vidadi Mustafayev sədrlik edirdi. Bölmənin iclaslarında Bakı Dövlət Universitetindən tarix elmləri doktoru, professor Nərgiz Axundova (“İslam dünyasının müasir beynəlxalq prinsipləri və Azərbaycanın bu prosesə inteqrasiyası”), Elçin Fətəliyev (“İranın sosial-iqtisadi inkişafı”), Şərqşünaslıq İnstitutu əməkdaşlarından tarix elmləri namizədi Vidadi Mustafayev (“Azərbaycan İrana nümunə göstərir”), fəlsəfə elmləri namizədi Anar Əzimov (“Demokratikləşmə və islamlaşma ərəb sosiumunun faktoru kimi”), Həsən Səfəri (“1918-ci ildə Güney Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı soyqırım Güney Azərbaycan tarixşünaslığında”), Elvüsal Məmmədov (“Müasir dövr müsəlman qadınının sosial-mədəni maarifləndirmə işindəki rolu”), Elşən Qurbanov (“İsrail-ərəb münaqişəsi və bölgədə hazırkı durum”), Yeganə Hacıyeva (“İran konstitusiyasında ölkədəki xalqların milli hüquqlarının qoyuluşu və real durum /Güney Azərbaycan üzrə/”), Qərb Universitetindən Azər Şirvanzadə (“Heydər Əliyev və Azərbaycanın türkdilli dövlətlərlə əməkdaşlığının strategiyası”), Fərid İbrahimov (“Azərbaycan-Türkiyə münasibətlərinin geostrateji aspektləri”) və başqaları öz məruzələri ilə çıxış etdilər.
3-cü bölmə “Müasir Şərq ölkələrinin iqtisadi inkişafı: problemlər və perspektivlər” adlanırdı. Şərqşünaslıq İnstitutunun əməkdaşı iqtisad elmləri namizədi Əkrəm Rəhimlinin sədrliyi ilə keçən iclaslarda Şərqşünaslıq İnstitutundan Saleh Dostəliyev (“İran İslam Respublikasının iqtisadi inkişafında beynəlxalq iqtisadi əlaqələrin yeri”), Qulamrza Müqəddəsi (“İranın iqtisadi əməkdaşlıq təşkilatı ölkələri ilə (EKO) ticarət əlaqələrinə dair”), İqtisadiyyat İnstitutundan Durna Aslanova (“İnkişaf etməkdə olan ölkələrdə xarici borcu ləğv etmə problemi”), Vüsalə Abbasova (“Azərbaycanda formalaşmaqda olan sosial-iqtisadi inkişaf modelinin səciyyəvi cəhətləri”), Qərb Universitetindən Sidiqə Hüseynova (“Azərbaycan-İran iqtisadi əlaqələri”), Bakı Dövlət Universitetindən İslam Məhəmmədi (“Neft gəlirlərinin xarici ticarət vasitəsi ilə sosial-iqtisadi inkişafa yaratdığı problemlər”) məruzə etdilər.
Sonda konfransın yekun iclası keçirildi. Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, konfransın bölmə rəhbərləri - fəlsəfə elmləri namizədi Esmeralda Həsənova, tarix elmləri namizədi Vidadi Mustafayev və iqtisad elmləri namizədi Əkrəm Rəhimli çıxış edərək edilən məruzələrin əhəmiyyətindən, iclaslarda aparılan canlı müzakirələrdən söz açdılar və konfransın işini yüksək qiymətləndirdilər.